WUF13-ün timsalında dünyanın yeni şəhərsalma fəlsəfəsi Bakıda formalaşacaq
Azərbaycanın beynəlxalq arenadakı fəallığı qlobal tədbirlərdə iştirakla yanaşı, sistemli və həlledici xarakter daşıyan liderlik missiyasına çevrilib. Ölkəmiz müxtəlif coğrafiyaları, sivilizasiyaları və ideologiyaları ortaq bir məqsəd ətrafında birləşdirən diplomatik platforma kimi artıq özünü təsdiqləyib. COP29-un tarixi uğurlarından sonra Bakı indi daha bir nəhəng tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi etməyə hazırlaşır.
Urbanizasiya məqsədlərinə mühüm töhfə
Azərbaycanın beynəlxalq nüfuzunun ən parlaq səhifələrindən biri COP29-a evsahibliyi və orada əldə edilən tarixi razılaşmalardır. İqlim maliyyəsi sahəsində ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyinin təmin edilməsi Azərbaycanın bəşəri problemlərin həllində vacib aktor olduğunu sübut etdi. Respublikamızın növbəti evsahibliyi edəcəyi qlobal tədbir WUF13 öz miqyasına və strateji əhəmiyyətinə görə COP-dan sonra BMT-nin ikinci ən böyük platforması hesab olunur. May ayında Bakıda keçiriləcək bu forum, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər" mövzusunda qlobal mənzil çağırışlarını müzakirə edəcək.
Azərbaycanın çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda dirçəliş dastanı yazması, müasir standartlara uyğun şəhərlər salması heç şübhəsiz ölkəmizin bu tədbirə evsaibliyinə layiq görülməsində mühüm rol oynayıb.
Prezident İlham Əliyevin III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır: "Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır".
Dövlətimizin başçısı əlavə edib ki, 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir: "Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək".
Mövcüd vəziyyətə uyğun çevik qərarlar
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasət sayəsində respublikamız nüfuzlu təşkilatlarda uğurla təmsil olunur, fəal şəkildə beynəlxalq çağırışlara qoşulur. Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar isə ölkəmizi həm də beynəlxalq aktor kimi ön plana çıxarıb.
Azərbaycanın qlobal proseslərdə liderliyi təsadüfi deyil, uzunmüddətli və ardıcıl siyasətin nəticəsidir. 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik, Türk Dövlətləri Təşkilatında aparıcı rol, Qoşulmama Hərəkatına rəhbərlik dövründə "peyvənd millətçiliyi"nə qarşı göstərilən qətiyyətli mövqe Azərbaycanın beynəlxalq məsələlərdə həlledici rolunu bir daha nümayiş etdirdi. O cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmlə mübarizə və hüququn aliliyi sahəsindəki fəaliyyətimiz təqdir olundu. Ölkəmiz 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrlik dövründə də Avropanın hüquqi və humanitar məkanında mühüm gündəlik formalaşdırdı. Azərbaycanın qlobal nüfuzunun ən parlaq səhifələrindən biri COP29-a evsahibliyi və orada əldə edilən tarixi nəticələr oldu. Bütün bu sadalananlar Azərbaycanın dünya nüfuzlu ölkə olmasından xəbər verir.
Bu gün dünyamiqyaslı tədbirlərin keçirildiyi, qlobal problemlərin dialoq yolu ilə həllinə mühüm töhfələrin verildiyi ünvan kimi adından söz etdirən Azərbaycan həm də evsahibliyi etdiyi toplantıları yüksək səviyyədə keçirməsi ilə beynəlxalq rəğbət qazanıb. Təkcə paytaxtımızda deyil, ölkəmizin Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər bir bölgəsində yüksək təşkilatçılığı ilə fərqlənən qlobal miqyaslı tədbirlər, konfranslar keçirilir. Bütün bunlar respublikamızın hərtərəfli inkişafından, yaradılan zəngin infrastrukturdan xəbər verir.
O da vurğulanası vacib məqamdır ki, belə nəhəng tədbirlərin təşkili ölkə həyatının bütün sahələrində müvəqqəti və çevik adaptasiyanı zəruri edir. Qlobal forumlar zamanı təhsilin fasiləsizliyi prinsipini qorumaq məqsədilə dərslərin onlayn formata keçirilməsi də müasir rəqəmsal təcrübənin bir hissəsidir. WUF13-ün keçiriləcəyi tarixdə təhsil sistemimizdə atılacaq bu addım şagirdlərin proqramdan geri qalmasını önləməyə, təhsil sisteminin dayanıqlılığını və texnoloji bacarıqları artırmağa hədəflənib. Bu yolla həmçinin dünya praktikasına uyğun olaraq, paytaxtın logistik yükünün idarə olunması işi daha da asanlaşdırılacaq.
Mövcud vəziyyətə uyğun çevik qərarlar Azərbaycanın istənilən şəraitdə qlobal öhdəliklərini yerinə yetirməsini göstərir. Ölkəmiz hələ illər öncədən qlobal tədbirlərə layiqli evsahibliyi etməsi ilə dünyada tanınır. Siyasi, iqtisadi, mədəni, idman sahələrində keçirilən çoxsaylı tədbirlər ideal formada həyata keçirilməsi ilə diqqət çəkib. Təşkilatçılığın yüksək səviyyədə olması, nümunəvi evsahibliyi, insanların mehribanlığı ölkəmizin qonaqlarında unudulmaz təəssüratlar yaratmışdı. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Eurovision", eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu çərçivədə ölkəmizdə həyata keçirilən SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astronavtika Konqresi kimi mühüm tədbirlər yaddaşlara həkk olunub.
Bir sıra mühüm beynəlxalq miqyaslı tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Birinci xanım Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbərliyi sayəsində həmin tədbirlər yüksək səviyyədə keçirilib.
Avropa Oyunlarından COP29-a qədər bütün mötəbər tədbirlərdə nümayiş etdirilən yüksək təşkilatçılıq və qonaqpərvərlik nümunəsi, WUF13-ün də uğuruna tam zəmanət verir. WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki uğurlarının nümayişi olmaqla yanaşı, ölkəmizin bəşəriyyəti narahat edən problemlərin həllində "etibarlı tərəfdaş" imicinin növbəti təsdiqi, yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisi və xalqımızın qonaqpərvərliyinin təcəssümü olacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"