Azərbaycan Prezidentinin Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərq miqyasında əməkdaşlıqla təhlükəsizliyin təminini vahid məntiqi müstəviyə gətirməsinin bünövrəsində, zərgər dəqiqliyi ilə işlənib hazırlanmış sistemli siyasi xətt dayanır. Burada hər bir geosiyasi faktorun yeri və rolu dəqiq nəzərə alınmışdır. Belə balanslı və dəyişən şərtləri nəzərə alan yanaşma sayəsində Azərbaycan geniş geosiyasi məkanda "orta güc" kimi sistemyaradıcı funksiyasını uğurla həyata keçirir. Bəs rəsmi Bakının Mərkəzi Asiya siyasəti fonunda bu qənaət necə təsir bağışlayır?
Böyük rəqabətin fonunda
Öncə onu vurğulayaq ki, ekspertlər hazırkı mərhələdə Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-biri ilə qarşılıqlı geosiyasi əlaqədə olmasını müsbət anlamda "tarixi məhkumluq" kimi qiymətləndirirlər. Bu barədə konkret mövqe ifadə edən politoloq Gela Vasadze vurğulayır: "...indi formalaşan institusional çərçivələrin - Türk Dövlətləri Təşkilatının və Azərbaycanın Mərkəzi Asiya "beşliyi"nə qoşulmasının əhəmiyyəti çox yüksəkdir". Yəni Mərkəzi Asiyanın 5 dövləti ilə Azərbaycan arasında dialoq mexanizmi kimi fəaliyyət göstərən C6 platforması, əslində, müasir tarixi mərhələdə bir zərurətdir ki, bütövlükdə geniş coğrafiyada ciddi rol oynaya bilər. Bu baxımdan, ekspertlərin Azərbaycan-Mərkəzi Asiya əməkdaşlıq və təhlükəsizlik platformasını qlobal geosiyasətin aktual gündəmi kontekstində qiymətləndirməsi tamamilə əsaslıdır. Bununla yanaşı, Azərbaycanın xarici siyasətinin Mərkəzi Asiya istiqaməti ilə digər prioritet istiqamətlər arasındakı geosiyasi və siyasi əlaqələri araşdırmaq əhəmiyyətlidir.
Qlobal rəqabət kontekstində burada bir sıra vacib xüsusiyyətləri vurğulamaq lazımdır. Ümumilikdə məsələ müasir dünya düzəninin hansı istiqamətdə transformasiya etdiyini və bu prosesdə regionallaşmanın oynadığı rolu əhatə edir. Analitiklər vurğulayırlar ki, 2026-cı ilin başlanğıcı postmüharibə arxitekturasının, sadəcə, "sistemdaxili qüsurlar"ı ilə xarakterizə olunmur. Proseslər "beynəlxalq münasibətlərin yeni modelinə keyfiyyət keçidini ifadə edir". Bu zaman "universal normaların yerini alətləşmiş hüquqa və güclərin regionallaşmış iyerarxiyasına verdiyi" hiss edilir.
"Güclərin regionallaşmış iyerarxiyası" prizmasından C6 aktual format kimi çıxış edir. Onu aşağıdakı iki istiqamətdə qiymətləndirmək olar: birincisi, böyük geosiyasi aktorların Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstində yaratmağa çalışdıqları "regionallaşmış iyerarxiya" fonunda Azərbaycanın xarici siyasətinin perspektivləri; ikincisi, Bakının C6 çərçivəsində təşəbbüskarı olduğu müxtəlif layihələrin özəllikləri.
Birinci istiqamət Qafqaz-Mərkəzi Asiya kontekstində Azərbaycanın regional lider kimi xarici siyasətinin uğurları ilə bağlıdır. Çox maraqlı və əhəmiyyətlidir ki, məhz Azərbaycanın xarici siyasəti böyük güclərin C6 məkanında formalaşdırmaq istədikləri "regionallaşmış iyerarxiya"ya ciddi təsir edir - rəsmi Bakının maraqları nəzərə alınmadan burada heç bir əməli addım atmaq mümkün deyil. Bu, Azərbaycanın geniş bir coğrafiyada sistemyaradıcı rolunun təməl şərtlərindən biridir. Onun üzərində bir qədər geniş dayanmaq lazımdır.
Mütəxəssislər əmindirlər ki, artıq Mərkəzi Asiya Çin, Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) arasında rəqabətli mübarizə meydanı kimi tam formalaşmışdır. Bu o deməkdir ki, Mərkəzi Asiya dünyanın böyük geosiyasi gücləri üçün konkret geosiyasi obraza və statusa malikdir. Onlar bu region uğrunda mübarizələrini davamlı olaraq aparmaq niyyətindədirlər. Məqsəd isə aydındır - hər güc öz maraqlarına uyğun nizam formalaşdırmağa çalışacaq. Digər tərəfdən, Mərkəzi Asiyanın başqa regionlarla münasibəti də diqqət mərkəzinə gəlir. Bu baxımdan, böyük aktorlar üçün Qafqazın yeri və rolu ayrıcadır. Deməli, Qafqaz-Mərkəzi Asiya coğrafiyası bir neçə aspektdə dünyanın böyük geosiyasi güclərinin planlarının toqquşduğu məkana çevrilmişdir!
Bu yeniliyin əsas əlamətlərindən biri kimi Rusiyanın Qafqaz və Mərkəzi Asiyada əvvəlki təsir imkanlarını artıq itirməsi, bunun fonunda isə ABŞ-nin nüfuzunun artması qeyd olunur. "Eurasia Review" jurnalında Mərkəzi Asiyanın hazırda "qlobal qeyri-sabitliyin mərkəzində qaldığı" vurğulanır. Belə vəziyyətdə region dövlətlərinin məharətli balanslaşdırma siyasəti yeritməyə çalışdıqları hiss olunur. Həm də Rusiya və Çinin hər birinin özünəməxsus ziddiyyətlər əmələ gətirdikləri görünür.
Maraqlıdır ki, ekspertlər son illərdə Çinlə birlikdə Mərkəzi Asiya və Qafqazın "dünya resurs gücünün yeni oxu" halına gəldiyi müddəasını irəli sürür, bunu obrazlı şəkildə "nadir metallar uğrunda yarış" adlandırırlar. Misli görünməmiş geosiyasi gərginlik fonunda bu özəllik enerji və təbii resursların çatdırılması prosesinin arxitekturasının transformasiyasını ifadə edir. Analitiklər bu gedişatı təbii ehtiyatların istifadəsi və ekosistemin qorunmasına yanaşmaların "tədrici sistem transformasiyası" kimi xarakterizə edirlər.
Sonuncu tezis Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Belə ki, burada Qafqazla Mərkəzi Asiya əlaqələrinin qlobal geosiyasi kontekstinin yeni çalarları öz əksini tapmışdır. Nadir tapılan metallar uğrunda dörd böyük gücün mübarizəsinin daha da kəskinləşməsi özlüyündə geosiyasi müstəvidə qüvvələr balansına ciddi təsir göstərir. Bu məqamda Azərbaycanın C6-ya üzv olmasının bir sıra müsbət cəhətləri ön sıraya çıxır, çünki vurğulanan geosiyasi məkanda məhz Azərbaycan sistemyaradıcı rol oynayır. Həmin tezis kontekstində yuxarıda vurğulanan ikinci istiqamətin - "rəsmi Bakının C6 çərçivəsində həyata keçirdiyi təşəbbüslərin özəllikləri" məsələsinin aktuallığı aydın görünür. Ekspertlər həmin kontekstdə maraqlı bir tezis irəli sürürlər.
Azərbaycan-Türkiyə tandemi
Azərbaycan Xəzər-Anadolu geosiyasi xəttinin əhəmiyyətli iştirakçısı kimi tədqim olunur. Bu keyfiyyətdə Azərbaycan enerji infrastrukturunun təhlükəsizliyinin və regional sabitliyin təminində mühüm güc olaraq qəbul olunur.
Təbii ki, burada nəqliyyat-logistika faktorlarını nəzərə almamaq olmaz. Deməli, C6-nın üzvü olaraq Azərbaycan Mərkəzi Asiya regionunda daha geniş geosiyasi təsir imkanlarına malik olmaqda əsas rol oynayır. Analitiklər həmin kontekstdə İranda yaşayan azərbaycanlıların da artıq ciddi geosiyasi faktora çevrildiyini və ona Azərbaycanın geosiyasi potensialı müstəvisində baxılmasının vacibliyini qeyd edirlər.
Əlbəttə, bu məqam Azərbaycanın xarici siyasətinin geosiyasi xarakteristikası baxımından prinsipial əhəmiyyət daşıyır. Son 100 ildə ilk dəfədir ki, Azərbaycanın siyasi-coğrafi hüdudlarından daha geniş geosiyasi mühitdə dövlətimizin xarici siyasətində azərbaycanlılıq konkret siyasi faktor kimi gündəmə gətirilir. Burada transsərhəd mahiyyətli layihələr başqa regional kontekstlə yanaşı, Mərkəzi Asiya ilə sıx bağlılıqda da xüsusi aktuallıq kəsb edir. Çünki uzunmüddətli sabitlik üçün problemə daha geniş aspektdə yanaşmaq zəruridir.
Bütün bunlar Azərbaycanın xarici siyasəti kontekstində analitiklərə maraqlı nəticə əldə etməyə imkan verir: Birincisi, vurğulanan özəlliklər Azərbaycan üçün praktiki nəticəsi ola biləcək "strateji imkanı" ifadə edirlər. Çünki Azərbaycanın C6-nın üzvü kimi regionlararası miqyasda sabitləşdirici və təhlükəsizliyi təmin edən sistemli fəaliyyət göstərməsi tələbatı ortaya çıxır. "Orta güc" olaraq Bakının xüsusi layihələri mütləq olmalıdır. Azərbaycan-Türkiyə tandemi məsələsini unutmaq olmaz. İki dost və qardaş ölkə geosiyasi, siyasi, hərbi və iqtisadi-enerji istiqamətlərində konkret proqramları davamlı həyata keçirməklə regionlararası miqyasda sistemyaradıcı funksiyanı yerinə yetirə bilirlər.
İkincisi, Ankara-Bakı tandemi gələcək regional arxitekturanın qurulması prinsiplərini ciddi surətdə dəyişir. Azərbaycanla Türkiyə regional arxitekturanı "dayanıqlı dövlət və infrastruktur əlaqələri" üzrə formalaşdırırlar.
Dayanıqlı infrastruktur əlaqələri Azərbaycanın Mərkəzi Asiya siyasətində başqa bir mühüm geosiyasi özəlliyi ortaya çıxarır.
İnfrastruktur şəbəkəsi
Bu bir fakdır ki, Azərbaycanın infrastruktur şəbəkə yaratmaq qabiliyyəti bütün dünya tərəfindən etiraf olunur. Çünki rəsmi Bakı davamlı olaraq Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə, Avropa istiqamətlərində bir-biri ilə sıx bağlı olan çoxsaylı proqramları uğurla həyata keçirir. Bu proses həm sistemli, həm də vahid şəbəkəyaradıcı xarakter daşıyır. Burada vahid şəbəkəyaradıcılığı sistemyaradıcı funksiyaya xidmət edir. Müasir mərhələ üçün infrastruktur şəbəkəsi son dərəcə aktualdır.
Məsələ onunla bağlıdır ki, infrastruktur şəbəkəsi iqtisadi inteqrasiya və ərazilərin bir-birinə bağlanması baxımından prinsipial rol oynayır. Geosiyasət elmində "infrastruktur şəbəkəsi" anlayışına da məhz bu kontekstdə yanaşılır. İnfrastruktur şəbəkəsi nəqliyyat, enerji və rəqəmsal kommunikasiyaları birləşdirir, bununla güc, iqtisadi inteqrasiya və ərazilərin bir-birinə bağlanmasını təmin edir, onları vahid şəbəkə halında geosiyasi aspektdə proyeksiyalayır.
Güc, iqtisadi inteqrasiya və ərazilərin bir-birinə bağlanması məsələsi müasir mərhələdə sərhədyanı ərazilərin infrastruktur təşkili, bağlılıq, nüfuzetmə və dərinlik istiqamətlərində yeni aktuallıq kəsb edir. İnfrastrukturun inkişaf dərəcəsi geostrateji nəzarət baxımından "təşkiledilmiş xaos strategiyası"nın gündəmə gəlməsi ilə daha da aktuallaşmışdır.
Beləliklə, müasir mərhələdə geosiyasətdə infrastrukturun əsas aspektləri nəqliyyat dəhlizlərini, enerji təhlükəsizliyini, rəqəmsal infrastrukturu və geosiyasi nəzarəti əhatə edir. Azərbaycanın Mərkəzi Asiya istiqamətində yeritdiyi siyasətdə infrastruktur şəbəkəsinin hansı səbəblərdən prinsipial yer tutduğu yuxarıda vurğulanan məqamlardan aydın görünür.
Ümumilikdə infrastruktur diplomatiyası nəqliyyat dəhlizləri, enerji şəbəkələri və limanların xarici siyasətin alətləri kimi əməkdaşlıq, nüfuz və geosiyasi mövqe müəyyənləşdirməkdə istifadə edilməsini nəzərdə tutur. Bunun mühüm şərtlərindən biri də "infrastruktura kollektiv sərmayələrin qoyulması"dır.
Statistik məlumatlara görə, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1,8 milyard ABŞ dolları həcmində olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında isə Mərkəzi Asiya ölkələrindən Azərbaycana birbaşa sərmayə qoyuluşu artmışdır. Həmin müddətdə Azərbaycanın region ölkələrinə sərmayə yatırımı 41,7 milyon ABŞ dolları həcmində olmuşdur. Deməli, qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır.
Bütün bunları ümumiləşdirsək, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin infrastruktur diplomatiyasından geniş istifadə etdiyi qənaətinə gələ bilərik. Bu keyfiyyət C6 çərçivəsində getdikcə daha geniş yer tutmağa başlayır. Azərbaycanın infrastruktur diplomatiyasını "yumşaq güc" adlandırmaq olar. Digər faktor kimi isə Orta dəhliz məsələsini vurğulaya bilərik.
Orta dəhliz infrastruktur şəbəkəsinin mühüm elementi kimi
Orta dəhliz məsələsi, faktiki olaraq, Azərbaycanın xarici siyasətində "yumşaq güc" funksiyasını yerinə yetirməyə başlamışdır. Bu layihə Çinə aiddir. Ancaq Azərbaycan davamlı olaraq onun reallaşmasında və regionlararası məkanda birləşdirici rol oynamasında xüsusi yer tutmuşdur. Hazırda Azərbaycanın təşəbbüsləri sayəsində Orta dəhliz Uzaq Şərq, Mərkəzi Asiya, Qafqaz, Türkiyə, Yaxın Şərq və Avropa kimi geniş bir coğrafiyada kommunikativ aspektdə "yumşaq güc" rolunu oynayır. Bu "güc" faktoru həmin coğrafiyada yerləşən ölkələri geosiyasi, iqtisadi, enerji, nəqliyyat, informasiya, rəqəmsallıq və başqa sferalar üzrə bir-birinə bağlayır.
Bu kontekstdə Zəngəzur dəhlizi daha aktual geosiyasi mövqeyə yüksəlmişdir. "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) adlandırılan həmin layihə Mərkəzi Asiyanı, Qafqazı, Türkiyəni Avropaya quru yolla birləşdirir. Bu bağlılığın strateji əhəmiyyəti dəfələrlə vurğulanmışdır. Lakin son dövrlərdə müşahidə olunan geosiyasi proseslər Zəngəzur dəhlizi də daxil olmaqla, Orta dəhliz üçün təhdidlərin meydana gəldiyini göstərir. Bu risklər xüsusilə ABŞ-İsrail-İran müharibəsi fonunda daha qabarıq görünür. Buradan çıxan nəticə ondan ibarətdir ki, həmin müharibə Orta dəhlizin geosiyasi əhəmiyyətini azaltmamış, əksinə, daha da artırmışdır. İndi daha aydın görünür ki, Azərbaycanın geniş geosiyasi məkanda birləşdirici rol oynama potensialı xüsusi aktuallıq kəsb edir. Çünki Azərbaycan, faktiki olaraq, C6 çərçivəsində əsas birləşdirici faktor rolunu oynayır. Bu, Bakının iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və təhlükəsizlik sahələrindəki fəaliyyəti ilə təsdiqlənir.
İki xəttin sintezi
Aparılan təhlil göstərir ki, Azərbaycanın Mərkəzi Asiya siyasəti geosiyasi kontekstdə mahiyyət etibarilə iki əsas xüsusiyyətə malikdir. Onlardan biri geosiyasi, siyasi, iqtisadi, enerji, informasiya, idarəetmə və kommunikasiya istiqamətlərinin sintezi sayəsində TDT və C6 çərçivəsində əməkdaşlıq platformasına üstünlük verilməsidir. Bunun nəticəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionları miqyasında ölkələrin bağlantılarına nail olmaqdır.
Digər xüsusiyyət Azərbaycan-Mərkəzi Asiya vahid sisteminin regionlararası və qlobal miqyasda praktiki təsiri getdikcə güclənən geosiyasi konfiqurasiyanın formalaşmasıdır. Bu səviyyədə Azərbaycanın xarici siyasətinin Mərkəzi Asiya istiqaməti ilə Avropa və Yaxın Şərq istiqaməti arasında uyğunluq xüsusi yer tutur. Bu, Azərbaycanın irəli sürdüyü müxtəlif əməkdaşlıq və təhlükəsizlik layihələrində öz əksini tapır. Vurğulanan kontekstdə Azərbaycanın Mərkəzi Asiya siyasətində Orta dəhliz çərçivəsində enerji və nadir tapılan təbii resursların əhəmiyyəti getdikcə daha da artır. Rəsmi Bakı hər iki sfera üzrə substantiv (konkret predmet istiqamətli) və funksional (kommunikasiya kanallarının açılması və ən yeni texnologiyaların tətbiqi) faktorların bir-birini tamamlamasına nail olmuşdur. Bu, Azərbaycanın TDT və C6 çərçivəsində yerini möhkəmləndirməklə yanaşı, Qafqaz-Mərkəzi Asiya geosiyasi və coğrafi-iqtisadi məkanının qlobal gücə çevrilməsində mühüm rol oynamaq imkanını genişləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər bu kontekstdə olduqca əhəmiyyətlidir və rəsmi Bakının mövqeyini dəqiq əks etdirir. Dövlət başçısı demişdir: "Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır... Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşlıq və əslində, həm Orta dəhlizdə, həm də "Şimal-Qərb" dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır".
Azərbaycan Prezidentinin bu ədalətli və eyni dərəcədə realpolitik məzmunlu təhlilinin doğruluğunu bütün dünya Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda aydın dərk etməlidir. Hörmüz problemi məhz dünya miqyasında bağlılıq və nəqliyyat marşrutlarını pozur. Nəticədə, bütün dünya dövlətləri həyəcan təbili çalır, enerji qıtlığının sabitliyə və sülhə təhlükə yaratması ilə bağlı fikirlər səsləndirirlər. Onların narahatlıqları tam başadüşüləndir. Lakin burada mühüm bir konseptual məqam da mövcuddur.
Regionlararası əlaqələrin qlobal miqyasa uğurlu transformasiyası baxımından Azərbaycan modeli bütün dünya üçün faydalıdır. Prezident İlham Əliyevin yaratdığı faydalı bağlantılar və kommunikasiya əlçatanlığı modeli müasir dünya üçün həm nəzəri, həm də praktiki baxımdan nümunəvi yanaşma kimi çıxış edə bilər! Sadəcə, özlərini "dünyanın ağası" sayan dövlətlərin liderləri məsələyə sağlam, ədalətli, obyektiv və dünyanın müsbət gələcəyi naminə yanaşmalıdırlar.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert