Ermənistan mətbuatında Azərbaycanın Qarabağda guya erməni irsini məhv etməsi ilə bağlı informasiyalar tirajlanır. Xüsusilə, özünü "Artsax Birliyi" adlandıran, lakin hüquqi legitimliyi olmayan bir qondarma qurumun yaydığı son bəyanat bir daha erməni saxtakarlığının mahiyyətini göstərir.
Belə əsassız informasiyaların Azərbaycanın regionda bərpa-quruculuq işlərini sürətləndirdiyi və sülh müqaviləsi üçün real addımlar atdığı bir dönəmdə yayılması təsadüfi deyil. Bu, revanşist və antiazərbaycançı dairələrin maraqlarına xidmət edən, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş "informasiya terroru"dur. Görünür, hərb meydanında məğlub olanlar, indi də saxta ittihamlarla özlərini "qurban" obrazı kimi təqdim edirlər.
Əslində, mədəni irsə qarşı soyqırımını Ermənistan özü işğal dövründə Qarabağdakı məscidləri dağıtmaqla, tövləyə çevirməklə, tarixi abidələrimizi Yer üzündən silməklə həyata keçirib. Torpaqlarımızın işğalı nəticəsində Azərbaycanın mədəni mühiti vandallığa məruz qalıb, yüzlərlə tarixi abidə, muzey, minlərlə sənət nümunəsi vandalizmin qurbanı olub. Tarixi abidələrin təhqir olunması və mənimsənilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, bəşəri dəyərlərə qarşı törədilmiş bir cinayətdir.
Qarabağdakı xristian dini abidələri bu ərazilərə XIX əsrdə müxtəlif yollarla köçürülmüş ermənilərə aid deyil. Həmin abidələr Azərbaycan Qafqaz Alban irsinin nümunələridir. Qədim tarixi mənbələr sübut edir ki, Qafqaz Albaniyası xristianlığın dünyada yayıldığı ilk ocaqlardan biridir. Alban məbədləri memarlıq üslubuna görə erməni kilsələrindən köklü şəkildə fərqlənir. Məsələn, alban məbədlərinin tikintisində istifadə olunan həndəsi naxışlar və günəş simvolları türk-islam mədəniyyəti ilə eyni kökdən gələn elementlərdir və bunların erməni kilsə memarlığı ilə heç bir bağlılığı yoxdur. Alban mədəni irsinə məxsus abidələrin erməniləşdirilməsi və tarixi faktların təhrif olunması Ermənistanın onilliklər ərzində apardığı sistemli saxtalaşdırma siyasətinin tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə tikilən binaları isə "qədim kilsə" kimi təqdim etmək çox gülüncdür. Azərbaycan dövləti həmin ərazilərdəki tarixi irsi erməni saxtakarlığından təmizləyərək öz həqiqi sahiblərinə, xalqımıza qaytarır.
Eyni zamanda "mədəni soyqırımı" iddiası erməni xislətinin növbəti təzahürüdür. Özgəsinin tarixini mənimsəməkdə pərgar olanlar indi həmin abidələrin bərpasına "dağıdılma" adı qoyurlar. Görünür Azərbaycanın tarixi abidələrin üzərindən sonradan yapışdırılmış saxta daşları və yazıları söküb onları ilkin vəziyyətinə qaytarması erməni tərəfində qorxu yaradır. Çünki saxta tarix söküldükcə, ermənilərin bu torpaqlarda "qədim xalq" olması barədə uydurduqları miflər də darmadağın olur.
Erməni mətbuatında UNESCO-ya və Beynəlxalq Ədalət Məhkəməsinə çağırışlar edilməsi şantajdan başqa bir şey deyildir. Ermənistan 30 illik işğal dövründə UNESCO missiyasının Qarabağa daxil olmasına hər vəchlə mane olurdu, çünki oradakı islam irsini dağıdaraq dini-tarixi irsə dair beynəlxalq konvensiyaları kobud şəkildə pozmuşdur.
Erməni mediasında yer alan informasiyalarda diqqətçəkən digər məqam Ermənistan hökumətinin "hərəkətsizlikdə" ittiham edilməsidir. Bu, onu göstərir ki, Qarabağ mövzusu Ermənistanın daxilində radikal qruplar tərəfindən siyasi hakimiyyətə təzyiq vasitəsi kimi istifadə olunur. Revanşist qüvvələr həm də saxtakarlıq yolu ilə erməni xalqını fəlakətlərə sürükləməyə çalışırlar. Onlar Paşinyan hakimiyyətindən Azərbaycanla sülh danışıqlarını pozmağı və yenidən qarşıdurma yolunu seçməyi tələb edirlər. Beynəlxalq platformalarda sanksiya tələbləri səsləndirmək çağırışı, sadəcə, dialoqdan qaçmaq və bölgədə gərginliyi saxlamaq istəyidir. Şübhəsiz ki, bu cür ritorika nə sülhə, nə də regionun inkişafına xidmət edir.
Qafqaz Albaniyasının irsini erməni irsi kimi təqdim etmək cəhdi tarixi cinayətdir. Uydurma və saxta iddialar üzərində qurulan siyasət heç vaxt uğur gətirə bilməz. Həqiqət isə birdir. Qarabağ Azərbaycandır və oradakı hər bir daşın, hər bir abidənin həqiqi kimliyi artıq öz sahibinə qayıdıb. Bu, əsrlərdir gizlədilən, təhrif edilən tarixi ədalətin bərpasıdır. Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"