Hazırda dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı məhsulları istehsal olunur. 1999-cu ildə dünya üzrə orqanik məhsul yetişdirilməsi 11 milyon hektarda idisə, bu gün həmin rəqəm 80 milyon hektara çatmışdır. Bunu da demək lazımdır ki, orqanik məhsul istehsalçılarının bütün dünyanı təmin edəcəkləri ilə bağlı iddiaları yoxdur. Əslində bu, mümkün də deyil.
Lakin o da faktdır ki, hazırda dünyada orqanik məhsul istehlakı artan trend üzrə inkişaf edir. Bununla yanaşı, məsələyə ölkənin iqtisadi siyasəti baxımından nəzər saldıqda görürük ki, bütün dünyada orqanik məhsullar ixrac məhsulları hesab edilir və ölkə iqtisadiyyatına böyük təkan vermək potensialına malikdir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin edilməsində orqanik əkinçilikdən istifadə olunur. Bu gün belə məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2-3 faizini təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Üstəlik bu məhsullar zərərvericilərə qarşı davamsızdır, məhsuldarlığı aşağıdır. Lakin onlar ekoloji cəhətdən təmizdir və buna görə də qiymətləri daha yüksəkdir. Buna baxmayaraq, inkişaf etmiş ölkələrin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə dövlət tərəfindən dəstək verilir.
Ölkəmizdə də ekoloji təmiz məhsul istehsalı ilə bağlı müvafiq qanunvericilik aktları var. Lakin bu hüquqi bazadan çox az hallarda tam istifadə olunur. Əsas problem isə statistik məlumatların toplanması ilə bağlıdır. Təəssüf ki, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına baxmayaraq, ölkəmizdə orqanik məhsullar haqqında konkret statistika aparılmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumidir.
Ölkəmizdə yetişdirilən orqanik fındıq, qoz, fıstıq, quru meyvələrə dünya bazarında böyük tələbat var. Bunlardan əlavə, təsərrüfatlarda orqanik paxlalılar, tibbi aromatik bitkilər, pambıq və zeytun kimi məhsullar da yetişdirilir. Azərbaycanda orqanik heyvan məhsulları istehsalına da son illər maraq artıb. Ət, süd, pendir, qatıq, yumurta və bal orqanik bazarda artıq öz yerini almaqdadır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər isə orqanik məhsul olaraq böyük potensiala malikdir.
Adıçəkilən məhsulların orqanik məhsul kimi dünya bazarlarına çıxması üçün əlverişli imkanlar olsa da, bəzi çətinliklər və maliyyə məsrəfləri buna imkan vermir. Həmin xərclərin bir hissəsini dövlət və ya donor təşkilatları öz üzərinə götürərsə, proses sadələşə bilər. Ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına başlıca maneələrdən biri də ekoloji kənd təsərrüfatına və onun real üstünlüklərinə münasibətdə əhalinin müxtəlif təbəqələrinin təfəkkürünün yanlış formalaşmasıdır. Yaranmış vəziyyəti əhali arasında, xüsusilə kənd yerlərində maarifləndirmə işinin gücləndirilməsi və regional nümunəvi ekotəsərrüfatların yaradılması vasitəsilə aradan qaldırmaq mümkündür. Bu sahədə digər problem keçmişdə yol verilmiş təsərrüfatsızlığın nəticəsi olan şoranlaşmış torpaqlardır. Hazırda 4,5 milyon hektar əkinəyararlı ərazimizin təxminən 60-65 faizi az, orta və yüksək səviyyədə deqradasiya olunub. Bazara çıxmaqla bağlı problemlər isə bazar iştirakçıları arasında əlaqənin zəifliyi, başqa sözlə, istehsalçı və alıcı arasında əlaqənin olmaması ilə şərtlənir.
Onu da qeyd edək ki, ölkəmizin meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün geniş imkanlar var. Artıq bu məsələ ilə bağlı müvafiq addımlar atılmağa başlanmışdır və yaxın zamanda ölkəmizdə yabanı və təbii şəkildə yetişən bir çox məhsulların beynəlxalq orqanik sertifikatlarla təmin edilərək dünya bazarına çıxarılması təmin ediləcək. Yeri gəlmişkən bildirək ki, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi pandemiyadan öncə ölkəmizin orqanik xəritəsinin hazırlanması təklifi ilə çıxış etmiş və bunun üçün xarici tərəfdaşlarla müzakirələr aparılmışdı. Bu xəritənin olması çox zəruridir. Çünki bu halda beynəlxalq sertifikasiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində sadəcə məhsullar üzrə orqanik sertifikatlaşma deyil, həm də bölgələr, rayonlar üzrə orqanik sertifikatlaşma da təşkil edilmiş olur. Bu isə o deməkdir ki, orqanik bölgə olaraq sertifikatlaşmış ərazidə istehsal edilmiş məhsullar da orqanik məhsul sayılacaq və ya onların sertifikatlaşması daha sadə prosedurlardan keçəcək.
2020-ci il sentyabrın 27-də başlayan və tarixi qələbəmizlə nəticələnən Vətən müharibəsi nəticəsində azad edilmiş Qarabağ torpaqlarımızın da orqanik məhsul yetişdirmək potensialı yüksəkdir. Belə ki, azad edilmiş ərazilərin hesabına təxminən 600 min hektar yeni əkinəyararlı sahə dövriyyəyə cəlb edilmişdir. İqlimi, eyni zamanda zəngin mineral tərkibli su ehtiyatları bu bölgənin aqrar potensialını daha da artırır. Həmin ərazilərin çox böyük hissəsində məskunlaşmanın olmaması, yaxud seyrək olması və əksər torpaq sahələrinin uzun illər istifadəsiz qalması bu yerlərdə orqanik məhsul yetişdirilməsi imkanını artırır. Qeyd edək ki, orqanik məhsulların istehsal potensialının çox olması və ixrac məhsulları sayılması, eləcə də əlavə dəyərli məhsul hesab edilməsi bütün hallarda, hətta 3 illik sertifikasiya öncəki dövr tələb edilsə belə Qarabağda orqanik məhsul yetişdirilməsini zəruri edir. Çünki bu torpaq sahələri qeyri-üzvi gübrələr, pestisidlər və digər bu qəbildən olan kimyəvi tərkibli dərmanların istifadəsindən “əziyyət” çəkməmişdir. Eyni zamanda burada ənənəvi təsərrüfat olmadığından orqanik təsərrüfata keçid dövrü də tələb edilməyəcək. Həmçinin nəzərə alaq ki, Qarabağ ərazisinin orqanik təsərrüfatlarla məşhurlaşdırılmasını və burada yetişdirilmiş orqanik sertifikatlı “Made in Azerbaijan” məhsullarının “Organic Karabakh” brendi ilə dünya bazarlarına çıxarılmasını təmin etmək olar. Hətta bölgəyə beynəlxalq orqanik sertifikasiya şirkətlərini dəvət edərək müəyyən olunan ərazilərdə araşdırmalara başlamaq və bölgənin orqanik sertifikat ilə təmin edilməsini həyata keçirmək belə mümkündür.
Emin ƏLİYEV,
Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri