Süni intellekt texnologiyaları inkişaf etdikcə Avropada köhnəlmiş enerji infrastrukturu yeni nəsil data mərkəzlərinin nəhəng elektrik iştahasını qarşılaya bilmir. “İnterface” analitik mərkəzinin yeni hesabatı Avropanın rəqəmsal gələcəyinin “enerji böhranı” səbəbindən təhlükədə olduğunu üzə çıxarıb.
“Euronews” telekanalı xəbər verir ki, sıravi bir Avropa ailəsi ildə təxminən 3600 kVt-saat elektrik işlədir. Müasir bir süni intellekt klasterinin enerji tələbatı 250 min ailənin cəmi ehtiyacına bərabərdir. “ChatGPT-4” modelinin təlimi üçün sərf olunan enerji bütün Brüssel şəhərini 4 gündən çox işıqla təmin etməyə kifayət edərdi.
Avropanın elektrik şəbəkələri süni intellekt tələblərinə cavab vermir. Bir data mərkəzi şəbəkəyə qoşulanda ətrafdakı bütün sistemi gərginlikdə saxlayır. Bu səbəbdən Avropanın ən böyük texnologiya mərkəzləri olan London, Frankfurt, Amsterdam, Paris və Dublində vəziyyət kritikdir. Belə ki, yeni mərkəzlər şəbəkəyə qoşulmaq üçün 7 ildən 13 ilə qədər gözləməli olur. İrlandiya 2028-ci ilə qədər Dublində yeni data mərkəzlərinə faktiki qadağa qoyub. Hətta “OpenAI” kimi nəhəng şirkətlər yüksək elektrik qiymətlərinə görə İngiltərə və Norveçdəki investisiyalarını dondurub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, təcili islahatlar aparılmasa, Avropanın süni intellekt ambisiyaları boşa çıxa bilər. Hesabatda əsas həll yolları kimi təklif olunur ki, data mərkəzləri bərpaolunan enerji mənbələrinə yaxın yerlərdə tikilməlidir. Bu mərkəzlər “kritik enerji infrastrukturu” kimi qəbul edilməlidir. Köhnə şəbəkələr yenilənməli və enerji bazarındakı qiymət sabitliyi qorunmalıdır.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2030-cu ilə qədər data mərkəzlərinin enerji sərfiyyatı süni intellektə görə iki dəfədən çox artacaq. Avropa üçün isə bu, ya texnoloji sıçrayış, ya da qaranlıq bir enerji böhranı deməkdir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”