Beynəlxalq Enerji Agentliyi tərəfindən yayımlanan son hesabatda bildirilir ki, qalıq yanacaq sektorunda metan tullantılarının qarşısının alınması qlobal istiləşməni azaltmaqla yanaşı, dünyadakı enerji böhranını da yüngülləşdirə bilər.
“Əl-Cəzirə” telekanalı xəbər verir ki, hazırda İran ətrafında davam edən gərginlik və Hörmüz boğazındakı problemlər dünya enerji tədarükünün təxminən 20 faizini riskə atıb. Agentliyin hesablamalarına görə, dünya miqyasında metan sızmalarının qarşısı alınsa, hər il bazara əlavə 100 milyard kubmetr təbii qaz çıxarmaq mümkündür. Bunun 15 milyard kubmetrini çox qısa müddətdə dövriyyəyə qatmaq olar ki, bu da qaz qıtlığı yaşayan bazarlar üçün böyük dəstək deməkdir.
Hesabatda qeyd olunur ki, metan qlobal istiləşməyə səbəb olan ikinci ən böyük qazdır. O, atmosferdə karbon qazından daha az qalsa da, istilik effekti ondan 80 dəfə daha güclüdür. Hazırda dünyadakı metan tullantılarının 35 faizi neft, qaz və kömür sənayesinin payına düşür.
Fransanın rəhbərliyi ilə keçirilən G7 ölkələrinin toplantısında hökumət rəsmiləri və sənaye liderləri metan tullantılarını azaltmaq üçün bir araya gəliblər. Fransanın ekologiya naziri Monik Barbut bildirib ki, dünya 2030-cu ilə qədər metan tullantılarını 30 faiz azaltmaq hədəfindən hələ çox uzaqdır. Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Ed Miliband isə qeyd edib ki, metanla mübarizə həm havanın təmizlənməsi, həm də enerji təhlükəsizliyi üçün ən sadə yoldur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, texniki imkanlar olsa da, hələ ki neft və qaz sektorunda bu tullantıların azaldılması istiqamətində ciddi irəliləyiş görünmür.
Təhminə VERDİYEVA,
“Azərbaycan”