28 Iyul 2024 09:35
152
Mədəniyyət
A- A+

Ömrünün 60 ilini pedaqoji fəaliyyətə həsr edən alim

 

Tanrı ona fenomenal yaddaş, möhkəm iradə, bir də sarsılmaz inam vermişdi. Bir işə başlamazdan əvvəl "Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır" sözlərini tez-tez  təkrarlayar, başlayacağı işin uğurla nəticələnəcəyinə daxilində inam yaradardı. 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində anadan olmuşdu. Bağbanlıqla məşğul olan atası  Məşədi Məmməd  dinə bağlı adam idi. Qızının adını da atası qoymuşdu - Kövsər... Süd kimi ağ, baldan şirin...

Söhbət ədəbiyyatşünas-alim, publisist təcürməçi Kövsər Tarıverdiyevadan gedir. Kövsər xanım ilk təhsilini o zaman İrəvanda məşhur olan Haşım bəy məktəbində alıb. Müəllimləri onun fitri istedada malik olduğunu nəzərə alaraq 9-cu sinfi bitirdikdən sonra birbaşa İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişirlər.

Kövsər xanım texnikumu bitirdikdən sonra - 1932-ci ildə  ailəsi Yeravandan  Bakıya köçür. 1932-ci ildən fəhlə-gənclər məktəbində pedaqoji fəaliyyətə başlayan Kövsər Tarıverdiyeva 1937- 1939-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini tamamladıqdan sonra bir müddət Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışır.

Kövsər xanımın fəaliyyəti kimi ömür yolu da zəngindir. 1943-1948-ci illərdə  Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləyir.

O, daim hərəkətdə olan bir insan idi. Gözəl təşkilatçılıq qabiliyyəti var idi. Məqsədi həyatda özünü təsdiq etmək, işlədiyi yerdə biliyindən, bacarığından düzgün istifadə etmək idi. Sanki həyatda özünü, duracağı yeri axtarırdı. 30 yaşında olarkən tibb sahəsində təhsil almağa qərar verir. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alsa da, cəmi ilyarım həkim işləməli olur. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlayan Kövsər Tarıverdiyeva ömrünün 55 ilini bu təhsil ocağında pedaqoji fəaliyyətlə keçirir.

Kövsər xanım erməni dilini yaxşı bilirdi. Elə "Abovyan və Axundov" mövzusunda namizədlik dissertasiyasını da 1952-ci ildə İrəvanda erməni dilində müdafiə edərək filologiya elmləri namizədi adını almışdı. Həmin əsər 1958-ci ildə ayrıca kitab şəklində çap olunmuşdur.

Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin tarixinə həsr edildiyinə, elmi işini də erməni dilində yazdığına görə o zamanın "millətçiləri" ölkə rəhbəri Mircəfər Bağırova donos yazaraq "ciddi tədbir görülməsini" xahiş edirlər. Bağırovun cavabı isə olduqca qısa olur: "Türk qızı ermənilərin arasında ermənicə alimlik dissertasiyası müdafiə edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır".

Kövsər Tarıverdiyeva 100-dən çox elmi-kütləvi məqalələrin, 8 kitab və monoqrafiyanın müəllifidir. Elmi-ədəbi fəaliyyətinə görə "Ali məktəb işçisi" fəxri adına, iki dəfə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüş, "Qafqazın müdafiəsinə görə" və "Əmək fəaliyyətinə görə" medalları ilə təltif olunmuşdur.

Ömrünü 60 ilini elmi pedaqoji fəaliyyətə həsr etmək, 55 il ardıcıl olaraq bir kollektivdə çalışmaq, üç dildə mühazirə oxumaq asan məsələ deyil. O bu işlərin öhdəsindən ləyaqətlə gəlməyi bacarırdı.

Ömrünü gənc nəslin maariflənməsinə, ədəbiyyatımızın araşdırılmasına və təbliğinə həsr edən Kövsər Tarıverdiyeva 2013-cü ildə 99 yaşında həyata vida etdi.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video