23 Iyul 2024 08:00
105
SİYASƏT
A- A+

Bölgədə geosiyasi kontekst dəyişib

 

Ölkəmiz iyulun 20-də Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunu keçirməklə dünyanın diqqətini bir daha Azərbaycana cəlb etdi. Azərbaycan bu möhtəşəm tədbiri təşkil etməklə beynəlxalq ictimaiyyətə ölkəmiz haqqında həqiqətləri yalnız erməni lobbisinin və himayədarlarının əlaltısına çevrilmiş "prokuror kimilərin" yox, hər şeyi olduğu kimi, ağı ağ, qaranı qara yazan media mənsublarının gözü ilə görüb qələmə aldıqları faktlarla tanışlıq imkanı yaratmış oldu.

"Xanımlar və cənablar, mənim üçün böyük şərəfdir ki, bu cür çox mötəbər II Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Biz buraya səyahət edərkən çox gözəl, səfalı təbiətin, möhtəşəm tunellərin şahidi olduq və möhtərəm cənab Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən şadam ki, bugünkü tədbirimiz zati-aliləri, cənab İlham Əliyevin himayəsi altında keçirilir". Bu sözlər tədbirin moderatoru - "Euronews" televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthama məxsusdur.

Xatırladaq ki, Şuşada keçirilən II Qlobal Media Forumunda 50-dən artıq ölkəni təmsil edən 150-dən çox media mənsubu iştirak edirdi.

Xanım Rebekka Maklaflin-İstham tədbiri açarkən xüsusi olaraq vurğuladı ki, biz Şuşada yalan məlumatların ifşasına həsr edilmiş bir tədbirdə iştirak edirik. Bu, dezinformasiya ilə mübarizə baxımından çox vacib bir vəzifədir.

İlk növbədə qeyd edək ki, bu sayda media mənsubunun Azərbaycana toplaşmasını dünyanın media və siyasi məkanında əsl hadisə hesab etsək, heç də yanılmarıq. Bu, bir həqiqətdir ki, forumda iştirak edən jurnalistlər Qarabağın "çox gözəl, səfalı təbiəti, möhtəşəm tunelləri" ilə yanaşı, Ermənistan ordusunun 30 illik işğal dövründə törətdikləri vandalizmi də görüblər, bu gün Qarabağda gedən bərpa, abadlıq, quruculuq işləri ilə də tanış olub müqayisə aparmaq imkanı əldə ediblər. Bir sözlə, Qarabağın bugünkü mənzərəsi torpağın əsl sahibinin kim olduğunu gələn qonaqlara özü diktə edir.

Forumun bu ilk mövzusu da olduqca maraqlı və diqqətçəkən idi: "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə". Qeyd edək ki, Azərbaycan  dünyada ermənilərin və onların ölkəmizə qarşı apardıqları dezinformasiyadan və yalan məlumatlardan ən çox əziyyət çəkən ölkədir. Bu faktı dövətimizin başçısı da öz çıxışında xüsusi olaraq vurğuladı: "Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq".

Bu gün regionda və dünyada ciddi hadisələr, köklü dəyişikliklər baş verməkdədir. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Cənubi Qafqaz regionuna gəldikdə isə, biz tarixi transformasiyaya şahidlik etməkdəyik. Regionda geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana çıxıb.

II Şuşa Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Prezident İlham Əliyev çıxışında kolonializmin qurbanı olan xalqlardan bəhs edərkən qeyd edib ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı oldu və bəzi ölkələr hələ də bundan əziyyət çəkirlər. Azərbaycan bu ölkələrə keçmişin iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir. Bu ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib. Məsələn, "Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər".

Dövlətimizin başçısı forum iştirakçılarının diqqətini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə çəkərkən olduqca vacib bir məqama toxunub: "Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir".

Gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadzenin "Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir" sualını cavablandırarkən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, "Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Ona görə Prezident olaraq mən cəmiyyətə üz tutub dedim ki, gəlin, birgə düşünək. Mən bunu təkbaşına düşünə bilmərəm".

Prezident İlham Əliyev sualı cavablandırarkən konkret olaraq vurğulayıb ki, Azərbaycanda qərarlar ictimai düşüncələrin, fikirlərin və ciddi müzakirələrdən sonra ölkədə baş verən hadisələr əsasında formalaşır. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, yeni milli ideyanın, yaxud da ideyaların necəliyindən asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video