24 Iyul 2024 08:00
22
SİYASƏT
A- A+

Uzaqgörənlik

 

İlham Əliyevin atdığı addımlar həm bu günə, həm də gələcəyə hesablanır

 

Gələcəkdə başımıza nələrin gələcəyini, hansı sınaqlara məruz qalacağımızı, nələrlə rastlaşmaq ehtimalının olduğunu bilmək hər birimiz üçün maraqlıdır.

Ayrı-ayrı şəxslərin gələcək taleləri ilə bağlı nələrisə öyrənmək niyyəti ilə falçılara, ekstrasenslərə müraciət etmələri də kimsəyə sirr deyil!

Lakin onların söylədikləri "müştəri"ni razı salmağa hesablanır və dediklərinin məsuliyyətini daşımırlar.

Dövlətin, xalqın taleyi ilə bağlı məsələlər, inkişafın düzgün istiqamətlərini müəyyənləşdirmək və gələcəkdə bunları nəzərə alaraq hadisələri qabaqlamaq, yaxud baş verə biləcəklərə irəlicədən hazırlaşmaq isə bambaşqadır.

Bu, dərin bilgi, zəngin təcrübə, uzaqgörənlik, xüsusi istedad, həm də fəhm tələb edən bacarıqdır.

Bəli, dövlət rəhbərlərini bir-birindən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onların uzaqgörənliyidir.

Bu mənada Ulu Öndər Heydər Əliyevə bütün siyasətçilər həsəd aparırdılar.

Ulu Öndərimiz nəinki bir neçə il öncəni, hətta onillikləri belə qabaqcadan görür və olacaqlara hazırlaşırdı.

 

İyirmi ildən çoxdur ki, cənab İlham Əliyev Azərbaycana rəhbərlik edir.

Bütün olanları yazsaq, ötən iyirmi ildə baş verən dəyişiklikləri nəinki bir məqaləyə, hətta bir kitaba belə sığışdırmaq mümkün deyil!

 

* Bu illərdə Azərbaycan çox çətin sınaqlardan üzüağ çıxdı.

* Bu illərdə Azərbaycan dayanmadan inkişaf etdi, daim yüksəldi!

* Bu illərdə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrildi!

* Bu illərdə Azərbaycan dünyada böyük hörmət qazandı, siyasi nüfuzu, sanbalı, sözünün təsiri artdı, dostlarının, əməkdaşlıq etdiyi dövlətlərin sayı çoxaldı!

* Bu illərdə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq qurum və təşkilatlara rəhbərlik etdi, qəti, prinsipial, humanist mövqe nümayiş etdirdi!

* Bu illərdə Azərbaycan əsas milli ideyanın reallaşmasına nail olaraq torpaqlarını işğaldan azad etdi!

 

Bütövlükdə Azərbaycan daim ucalıb, güclənib, xalqın sosial rifahı əsaslı şəkildə yaxşılaşıb.

 

* Azərbaycan dönmədən Heydər Əliyevin siyasi kursu ilə  irəliləyib.

* Azərbaycan daim müstəqil, milli maraqların təmininə əsaslanan siyasət yürüdüb.

* Azərbaycan iqtisadiyyatını şaxələndirib, qeyri-neft sektorunun inkişafına nail olub.

* Azərbaycan daim hadisələri qabaqlayıb, siyasi və təbii kataklizmlərə hazır olub, müəyyən etdiyi bütün hədəflərə çatıb.

 

Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörənliyi, nəyi nə vaxt və necə etmək məharəti sayəsində baş verib!

 

***

 

Tarix üçün iyirmi il böyük zaman sayılmır!

Son iyirmi ildə Azərbaycanda görülən işlərin miqyası isə zamana sığmır!

Onların bir qisminə qısaca nəzər salaq.

Cənab İlham Əliyev hələ Azərbaycanın dövlət başçısı seçilməzdən əvvəl Milli Olimpiya Komitəsinə rəhbərlik edirdi.

Həmin dövrdə idmanımız tənəzzül dövrünü yaşayırdı: idman qurğuları qayğısızlıqdan və ya köhnəldiyindən sıradan çıxmış, stadionlar ən yaxşı halda "tolkuçka"lara çevrilmiş, təcrübəli məşqçilər və tanınmış idmançılar isə xarici ölkələrə üz tutaraq özgə bayraqları altında çalışırdılar.

Bu sahədə ciddi dəyişikliklərə nail olmaq, ölkədə idmanı yüksəltməkdən ötrü İlham Əliyev gərgin fəaliyyətə başladı.

Özünün də söylədiklərindən aydın olurdu ki, cənab İlham Əliyev idmanı kütləviləşdirməklə təkcə gənclərin fiziki cəhətdən normal inkişafını, asudə vaxtlarını səmərəli keçirmələrinin təşkilini, habelə pis vərdişlərə qurşanmalarının qarşısının alınmasının səmərəli vasitəsi kimi baxmır.

Digər hədəflər də vardır...

Dünya birliyində özünə layiqli  yer tutmağa çalışan Azərbaycan, eyni zamanda idmanın inkişaf etdiyi ölkə statusuna da iddialı idi.

Bu iddia 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı öz təsdiqini tapdı.

İlk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan elə nümunə ortaya qoydu ki, elə standartlar müəyyənləşdirdi ki, indiyədək Avropa Oyunlarını keçirən dövlətlər hələ də bizdən öyrənməklə bizə bənzəməyə çalışırlar.

İdman həm də gənclərdə iradə, cəsarət, mübarizlik, vətənpərvərlik kimi keyfiyyətlərin tərbiyəsində mühüm vasitə sayılır.

İlham Əliyevin idman meydanlarında tərbiyə etdiyi gənclər sonralar orduda xidmət edərkən beynəlxalq idman arenalarında rəqiblərinə, o cümlədən erməni rəqiblərinə necə qalib gələrək Azərbaycan himnini səsləndirib bayrağımızı ucaltmışdılarsa, həmin şücaətlərini döyüş meydanlarında da nümayiş etdirdilər, qələbə bayrağını yüksəyə qaldırdılar.

İdman yarışlarında uğurla sınaqdan çıxan Azərbaycan gənci 44 günlük Zəfər müharibəsi dövründə kütləvi qəhrəmanlıqlar göstərdi!

Şuşa kimi qala şəhərini demək olar ki, yalın əllə aldı, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edərək üçrəngli bayrağımızı dalğalandırdı.

Öz gücünü, qürurunu, mərdliyini və vətənpərvərliyini döyüş meydanında da təsdiq etdi!

Lazım gələndə Vətən uğrunda canından keçərək şəhidliyin ali məqamına yüksəldi!

 

 ***

 

Xalqın arzu və tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhvolmadan, xaos və anarxiyadan xilas etdi:

İki dövlət çevrilişi cəhdinin qarşısını məharətlə aldı, möhkəm və dönməz sabitlik yaratdı!

"Əsrin müqaviləsi" neft kontraktını imzalatdıraraq gələcək sürətli inkişafın əsasını qoydu!

Özlərini "demokrat" adlandıran "bəylər"in başı "şəxsi problemləri"ni həll etməyə elə qarışmışdı ki, zəruri islahatları aparmağa belə "vaxtları" qalmamışdı.

Əslində, onlar ölkə miqyasında geniş islahatlar keçirməyə qadir də deyildilər.

Ulu Öndər Heydər Əliyev iki dövlət proqramı qəbul edərək bazar iqtisadiyyatı prinsiplərinə keçidi təmin etdi!

Ən əsası, çox çətin sayılan torpaq islahatlarını uğurla başa çatdıra bildi...

Bundan sonrasına tale imkan vermədi...

AXC-Müsavat iqtidarı dövründə kolxoz və sovxozlar dağıdılmış, balanslarında olan texnika, mal-qara, müxtəlif tikinti və qurğular satılıb sovulmuşdu.

Kəndli işsiz və yoxsul vəziyyətdə qalmışdı.

Kəndliyə sahib çıxmaq, kəndi inkişaf etdirmək, bölgələrdə həyatı dirçəltmək ən mühüm vəzifələrdən sayılırdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə dörd "Regionların inkişafına dair Dövlət Proqramı" qəbul edildi və müvəffəqiyyətlə yerinə yetirildi.

Regionlar dirçəldilərkən bir çox vacib məsələ də uğurlu həllini tapdı:

 

* Kəndlərdə fermer təsərrüfatları yaradıldı, sahibkarlıq inkişaf etdi.

* Kəndlərin boşalmasının, paytaxt Bakıya güclü axının qarşısı alındı.

* Kəndarası yollar təmir olundu, yeniləri çəkildi.

* Yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi verilməsinə başlandı.

* Ölkə ərazisinin 95 faizdən çoxu qazlaşdırıldı.

 

Bütövlükdə Azərbaycan kəndi yeni inkişaf dövrünə qədəm qoydu!

 

***

 

Sovet dövründə şose yolları ikicərgəli hərəkətə əsaslanaraq salınırdı.

Nadir hallarda, həm də qısa məsafədə dördcərgəli yol olardı.

Həmin yollar da çox işlədildiyindən dağılaraq sıradan çıxmışdı.

Yol isə təkcə iqtisadiyyatla deyil, həm də mədəni inkişafla bağlıdır.

Yol çəkilişi həm də böyük vəsait tələb edən sahədir.

Azərbaycana rəhbərliyi dövründə İlham Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri yolların təmiri və yeni yolların çəkilişi olub.

Yol çəkilişinə və çəkilən yolların keyfiyyət göstəricilərinə görə bu gün Azərbaycan dünyada fərqlənən ölkələr sırasındadır.

Ölkə paytaxtından çıxaraq bütün regionlara rahat, dördzolaqlı, təhlükəsiz yollarla getmək mümkündür.

Bu, insanların vaxta qənaət etmələrinə də, yükdaşımaların sürətlə həyata keçirilməsinə də, nəticədə iqtisadi inkişafa da müsbət təsirini göstərir.

Bu gün regionlarda həyat dirçəlib, rahat yollar turizmin inkişafına da münbit şərait yaradıb.

Paytaxtda yaşayanlar hər istirahət və bayram günlərində Azərbaycanın səfalı guşələrində, istirahət mərkəzlərində dincəlməyi ənənəyə çeviriblər.

Bu,  şəhərlini də razı salır, kəndlini də!

 

***

 

Tanrı Azərbaycana gözəl təbiət, münbit torpaqlar, zəngin yeraltı və yerüstü sərvətlər verib.

Tanrı nemətlərindən biri də əlverişli coğrafi mövqeyimiz, iki qitənin qovşağında yerləşməyimizdir.

Lakin Tanrının verdiklərindən bəhrələnməyi bacarmaq, onlardan dövlətin və xalqın naminə səmərəli istifadəyə nail olmaq da böyük əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan neftini qeyri-ənənəvi marşrutla - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxardı.

Bu kəmər hələ də işləyir, öz aktuallığını qoruyub saxlayır.

İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bütün əngəl və maneələrə baxmayaraq, daha iki transmilli layihə - Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmir yolu xətti reallaşdırıldı.

Neftdən fərqli olaraq təbii qazın əvvəlcə alıcısı müəyyənləşdirilməli, müqavilə bağlanmalı, sonra çıxarılmalıdır.

Çünki onu uzun müddət saxlamaq mümkün olmur.

Cənab İlham Əliyev boru kəmərində 3 seqment üzrə - TAP və TANAP xətləri üzrə yenidənqurma aparılmaqla ixrac imkanını daha da genişləndirdi və Avropa bazarına çatdırılmasına nail oldu!

Kimsənin irəlicədən proqnozlaşdırmadığı hadisələr baş verdi.

"Cənub qaz dəhlizi" istifadəyə verildikdən az sonra Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başladı.

ABŞ və Qərb dövlətləri, Avropa İttifaqı Rusiyaya çoxsaylı sanksiyaların tətbiqinə rəvac verdi.

Avropa Rusiya qazından imtina etdi.

İlham Əliyevin uzaqgörənliyi kara gəldi.

Avropa dövlətləri Azərbaycandan təbii qaz almaq üçün növbəyə durdular, yeni sazişlər bağlandı.

Sifarişlərin sayının və həcminin artması Azərbaycana qaz istehsalını və nəqlini artırmağa əlverişli şərait yaratdı.

Avropa İttifaqı üzvlərinə də təbii qaz satan Azərbaycan həm etibarlı tərəfdaş kimi tanındı, həm gərəkliliyini ortaya qoydu, həm də iqtisadi fayda götürdü.

Başqa bir misal.

Böyük İpək yolunun salınması üzərində uzun müddət idi ki, iş aparılır, külli  miqdarda sərmayə yatırılırdı.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttini uğurla istifadəyə verən, Xəzərdə ən böyük mülki donanmaya sahib olan, okeana çıxışı olmasa da, beynəlxalq logistika mərkəzi kimi tanınan Azərbaycan Orta dəhlizi də işə salmağı bacardı.

Həm də elə bir vaxtda ki, müharibələr - Rusiya-Ukrayna və İsrail-HƏMAS savaşı səbəbindən ənənəvi yollarla yükdaşımaları təhlükəli olub.

Husilərin Qırmızı dənizdəki gəmilərə hücumları da dövlətləri ticarət üçün başqa yollar axtarmağa vadar edir.

Azərbaycan bu ərəfədə dostlarını, tərəfdaşlarını, arzu edənlərin hamısını çox qısa, həm də təhlükəsiz sayılan Orta dəhlizdən istifadəyə çağırır.

Azərbaycanın müəllifi olduğu beynəlxalq layihələrin indiki məqamda işə salınması, dünyanın həmin kəmər və yollara kəskin ehtiyac duyması Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörənliyinin sübutudur.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq təşkilatlara seçki əsasında rəhbərlik etdi.

Bunlardan ikisini xüsusi qeyd etmək istərdik:

2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin qeyri-daimi üzvü seçilərək BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etdi;

2019-cu ildə isə BMT-dən sonra ikinci böyük qurum sayılan Qoşulmama Hərəkatına rəhbərliyi həyata keçirdi.

BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi zamanı cənab İlham Əliyev sədrin səlahiyyətlərindən istifadə edərək bu yüksək tribunadan Ermənistanın işğalçılıq siyasətini pislədi, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hələ də icra olunmadığını tənqid etdi.

Eyni zamanda BMT-də islahatların zamanının çatdığını və bunun zəruriliyini diqqətə çəkdi.

Qoşulmama Hərəkatına rəhbərlik isə COVID-19-un tüğyan etdiyi dövrdə baş verdi.

İlham Əliyev Qoşulmama Hərəkatında bir sıra səmərəli işlər gördü və təşəbbüslər irəli sürdü:

 

* Qurumun institusional cəhətdən inkişafına nail oldu;

* İqtisadi cəhətdən zəif ölkələrə yardım göstərdi;

* "Vaksin millətçiliyi"ni ifşa etdi;

* Vaksin əldə edə bilməyərək  COVID-19-da böyük itkilərə məruz qalan ölkələrə peyvənd və maliyyə yardımı çatdırdı;

*  Yeni müstəmləkəçilik münasibətlərindən əziyyət çəkən ölkələrə mübarizə üsullarını öyrətdi, hüquqlarını izah etdi;

* Gördüyü xeyirxah və gərəkli işlər sayəsində Azərbaycana xeyli dostlar qazandırdı!

 

İlham Əliyevin uzaqgörənliyi yenə öz təsdiqini tapdı.

Artıq bir çox dünya lideri də BMT-də dərin islahatların zamanının çatdığını açıq şəkildə söyləyir.

Dünyanın yeni müharibə astanasında olduğu bir vaxtda BMT dəfələrlə cəhd etsə də, nə Ukrayna-Rusiya, nə də İsrail-HƏMAS cəbhəsində atəşkəsə, sülhə nail ola bilib.

Onu eşidən, sözünə baxan yoxdur!

Qoşulmama Hərəkatına rəhbərliyi dövründə İlham Əliyevin Azərbaycana qazandırdığı dostlar isə vədəsində karımıza gəldilər.

Ermənistanın "böyük bacısı" Fransa Azərbaycana qarşı açıq düşmənçiliyə gedərək təkcə erməniləri silahlandırmır.

BMT-nin daimi üzvlərindən biri sayılan bu dövlət 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə beş dəfə əleyhimizə məsələ qaldırsa da, qətnamə qəbul etdirə bilmədi!

Qoşulmama Hərəkatında qazandığımız dostlar bu qərəzin qarşısını qətiyyətlə aldılar!

 

***

 

Dünyada gedən ziddiyyətli və qanlı proseslər, Avropa İttifaqının müsəlman dövlətlərinə ögey və qeyri-səmimi münasibəti, MDB dövlətləri arasında baş verən qarşıdurmalar, hərbi toqquşmalar və torpaqların işğalı prosesləri yeni müstəqillik qazanmış dövlətlərin öz tərəfdaşlarını bir daha müəyyənləşdirməsinə, yeni qayda və prinsiplərlə əməkdaşlıq qurmalarına zərurət yaradır.

Elə bir əməkdaşlıq ki, qarşılıqlı maraqları təmin etsin, zorla kiminsə iradəsinin qəbulundan kənar olsun, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətlə yanaşılsın.

Beləliklə, əvvəllər iki dövlət arasında baş tutan sazişlər, sonradan digər dövlətlər tərəfindən də bəyənilərək çoxtərəfli əlaqələrə və münasibətlərə çevrildi.

Türk Dövlətləri Təşkilatı zamanın sınaqlarından bu sayaq çıxaraq həyata əbədi vəsiqə qazandı.

Türkdilli Dövlətlər Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda

İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Qurumun üzvləri bir-birilərinə dost münasibəti bəsləyir, beynəlxalq təşkilatlarda bir-birilərinə dəstək verərək arxa dururdular.

Ticarət dövriyyəsi, qarşılıqlı sərmayə yatırılması isə bir o qədər də böyük rəqəmlərlə ifadə olunmurdu.

Dünyada baş verən mürəkkəb proseslər, yeni dünya düzəninin formalaşdırılması zamanın çağırışlarına adekvat cavablar verilməsini zərurətə çevirdi.

Cənab İlham Əliyev 44 günlük Zəfər müharibəsində möhtəşəm qələbəyə imza ataraq torpaqlarımızın işğalına son qoydu, dünyadakı prosesləri dərindən təhlil edərək doğru və uzaqgörən nəticələr çıxardı.

Fevral ayında keçirilən inaqurasiya mərasimindəki çıxışında isə növbəti dövrün dəqiq proqnozunu verdi: "Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!"

Artıq Türkiyə ilə Azərbaycanın qardaşlığına və dostluğuna eyni istək və məhəbbətlə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digərləri də qoşularaq bərabər hüquqlar və maraqların qarşılıqlı təmini əsasında sıx əməkdaşlığa, strateji müttəfiqlik münasibətləri quraraq bir mövqedən çıxış etməyə başlamışlar.

Qısa vaxtda bir sıra layihələrin icrasına start verilmiş, investisiya qoyuluşlarının və ticarətin həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir.

Bu münasibətlər hərbi sahədə əməkdaşlığı da əhatə edir, hərbi sənaye komplekslərinin məhsullarının satışını və birgə istehsalını da nəzərdə tutur.

Qardaş ölkələr öz münasibətlərini Şuşa Bəyannaməsini, Qarabağ Bəyannaməsini imzalamaqla bütün dünyaya da bildirdilər.

Azərbaycanın "Şanxay plyus" təşkilatında dialoq üzrə tərəfdaş kimi iştirakı və yaxın müddətdə müşahidəçi statusunu qazanması imkanı, habelə dünyanın əsas iqtisadi nəhənglərindən biri sayılan Çinlə münasibətlərin daha da sıxlaşdırılaraq "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında" birgə bəyannamənin imzalanması da uzaqgörən siyasətin nəticəsidir.

Azərbaycanın haqq işini daim dəstəkləyən, işğal faktına görə bu günədək Ermənistanla diplomatik əlaqələr qurmayan, İkinci Qarabağ müharibəsində bizə siyasi dəstək verən Pakistanla əlaqə və münasibətlərin yeni səviyyəyə qaldırılması da fərəh doğuran hadisələrdəndir.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev həm də bütün dünyada sözünün sahibi olan lider kimi tanınır.

Həmişə də dediyini edib!

Bir qarış torpağımızı kimsəyə güzəştə getməyəcək, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, - demişdi!

Dedi və etdi!

Torpaqlarımızı erməni işğalından azad edəcəyik, - demişdi!

Dedi və etdi!

Məcburi köçkünləri doğma el-obalarına qaytaracağıq, - demişdi!

Artıq Böyük qayıdış başlayıb və sürətlə davam edir!

Cənab İlham Əliyev Azərbaycan xalqına "Qarabağı yenidən tikib-quracaq, cənnətə çevirəcəyik" - vədini də verib.

Bu sözünə də layiqincə əməl edir.

Qarabağ və Şərqi Zəngəzur özü boyda tikinti meydanına çevrilib!

Bu ərazilərdə aparılan inşaat işləri, gerçəkləşdirilən layihələr gələcəyə ünvanlanıb:

 

* Müasir, hər cür şəraiti olan rahat evlər və binalar tikilir;

* "Smart" tipli yaşayış məntəqələri salınır;

* Yeni yollar çəkilir, körpülər, vladuklar atılır, tunellər qazılır;

* İndidən beynəlxalq turizmin inkişafına xidmət edən infrastruktur yaradılır; yeni iş yerləri açılır;

* "Yaşıl enerji" istehsalı diqqət mərkəzində saxlanılır.

 

Bir sözlə, gələcəyin işləri indidən görülür, dünyanın həsəd aparacağı kəndlər, qəsəbələr, şəhər, qurğular dalbadal həyat vəsiqəsi qazanır!

 

***

 

* Azərbaycan iqtisadi imkanları ilə güclüdür!

* Azərbaycan siyasi nüfuzu, dünyadakı mövqeyi ilə güclüdür!

* Azərbaycan etibarlı dostları, sadiq tərəfdaşları ilə güclüdür!

*  Azərbaycan qüdrətli, qalib ordusu ilə güclüdür!

 

Azərbaycan qətiyyətli, uzaqgörən, atdığı hər addımında təkcə bu günümüzü deyil, sabahı, gələcəyi də görməyi bacaran rəhbəri, sərkərdəsi ilə güclüdür!

Kənarda özünə arxa axtaran, nisyə silah alan, ianələr hesabına yaşayan, ərazisində bir dövlətin hərbi bazası olduğu halda başqa bir dövlətin əsgərləri ilə birgə təlimlər keçən, revanşizm hissi ilə yaşayan Ermənistan da bunu yaxşı bilməli və yadında möhkəm saxlamalıdır!

Azərbaycan atılacaq hər bir addıma, baş verə biləcək hər bir xəyanət hərəkətlərinə irəlicədən, həm də hərtərəfli şəkildə hazırdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə dəfələrlə xəbərdarlıqlarını edib!

Biz sülh istəyirik!

"Dəmir yumruq" isə hər an hazır vəziyyətdədir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video