28 Iyul 2024 09:40
136
Mədəniyyət
A- A+

Duyğularını əsərlərində canlandıran rəssam

 

Babası şuşalı Əmir bəy Nərimanbəyov Qarabağın tanınmış bəylərindən idi.  İxtisasca hüquqşünas olan Əmir bəy çar II Nikolay dövründə bir müddət vətənindən kənarda yaşadı. O, Kiyevdə dərs dedi. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra yenidən vətənə qayıtdı. Bakı quberniyasının qubernatoru oldu.

Əmir bəy Nərimanbəyovun oğlu Fərman da Şuşada dünyaya gəlmişdi. Fərman Nərimanbəyov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xaricə təhsil almağa göndərdiyi istedadlı gənclərdən biri oldu. O, Fransaya getdi. Ali məktəbə daxil oldu. Tələbə ikən fransız dilini mükəmməl öyrəndi. Fərman Nərimanbəyov tanış olduğu, sevdiyi fransız qızı, dərzi-modelyer İrma Lya Rude ilə evləndi.

Ailəsi ilə bir müddət Fransada yaşadı. İlk övladı Vidadi 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində dünyaya göz açdı. Vidadi Nərimanbəyovun ömrünün ilk illəri qürbətdə keçdi.

İxtisasca energetik olan Fərman Nərimanbəyov 1929-cu ildə həyat yoldaşı İrma Lya Rude və üç yaşlı oğlu Vidadi ilə birlikdə Bakıya döndü. O, Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işlədi.

1930-cu il avqustun 7-də ailənin ikinci oğlu, gələcəyin böyük rəssamı Toğrul Nərimanbəyov dünyaya gəldi. Avropada təhsil almış, geniş dünyagörüşə, yüksək mədəniyyətə sahib olan valideynləri Vidadinin və Toğrulun tərbiyəsinə, təhsilinə böyük həssaslıqla, qayğıkeşliklə yanaşırdılar. İki istedadlı övlad sevgidolu bir ailədə böyüyür, sonsuz ümid bəslədikləri gələcəklərinə doğru inamla addımlayırdılar. Ancaq sovet hökumətinin sərt repressiya ruzigarı onların da evində əsdi. Təhsilini cümhuriyyət dövründə Avropada almış azərbaycanlıların əksəriyyəti kimi Fərman Nərimanbəyov da 1937-ci ildə həbs edildi, Sibirə sürgünə göndərildi.

Ailə başçısının məcburi gedişindən sonra evdə səksəkə, qorxu hökm sürməyə başladı. Çünki represiyaya məruz qalanların doğmalarını, yaxınlarını da eyni aqibət gözləyirdi. Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rudeni də 1941-ci ildə Bakıda həbs etdilər. Vidadi və Toğrul atalarından sonra analarından da ayrılmalı oldular. İrma Lya Rude Özbəkistana - Səmərqəndə sürgün edildi.

İkinci Dünya müharibəsi başlamışdı. Vidadi həyatın çox çətin sınaqları ilə üzləşmişdi. Bir tərəfdən müharibənin gətirdiyi çətinliklər, digər tərəfdən də onu tərk etməyən təşviş içində idi. Dincliyini, rahatlığını əlindən almış dövrün zalımlığına qarşı hiddətini kağıza köçürdü. "Nədir günahımız?" adlı ilk əsəri belə yarandı.

İllər ağrı-acılar içində keçirdi. Müharibə başa çatdı. Ancaq gətirdiyi əzablar tez unudulmadı. Vidadinin anasının sürgün həyatı 1961-ci ilədək davam etdi. Atası da sürgündən qayıtdı. Mingəçevirdə yaşamalı, orada çalışmalı oldu, 1977-ci ildə Fərman Nərimanbəyov Mingəçevirdə vəfat etdi.

O zaman Vidadi Nərimanbəyov artıq özünəməxsus üslubu, dəst-xəti olan rəssamlardan biri kimi tanınırdı. O, 1943-cü ildə orta məktəbi bitirib Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldu. Sonralar V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində və Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı. Hələ tələbə ikən çəkdiyi "Düşmənin sevinci..." tablosu ona şöhrət qazandırdı. Vidadi Nərimanbəyov sonsuz yaradıcılıq həvəsi ilə axtarışlar aparır, eskizlər hazırlayır, əsərlər yaradırdı.

1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu da rəssamlar, sənətşünaslar tərəfindən böyük maraqla qarşılandı. Vidadi Nərimanbəyov bu şöhrətli əsəri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.

Portret janrında yaratdığı əsərlər görkəmli sənətkarın yaradıcılığında xüsusi yer tutur. "İnteryerdə qız", "Qaçaq Nəbi", "A.Semyonovun portreti", "Briqadir S.Məmmədovun portreti", "Ana portreti", "Tutqun üz", "Tələbə qız", "Nəzifənin portreti" və digər əsərləri yüksək ustalıqla işlənib.

Rəssam Vətənindən kənarda da tanındı. Vidadi Nərimanbəyovun yalnız keçmiş Sovet İttifaqı məkanında deyil, Bolqarıstanda, Rumıniyada, Macarıstanda, Çexiyada, Əlcəzairdə, Finlandiyada və digər ölkələrdə keçirilən fərdi sərgiləri maraqla qarşılandı.

Tanınmış sənətkar 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü. 2001-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edildi.

Görkəmli fırça ustası Vidadi Nərimanbəyov 2001-ci il dekabrın 13-də Bakıda vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video