21 İyul 2024 08:15
2073
SİYASƏT
A- A+
Mətbuat azadlığı demokratiyanın fundamental şərtidir

Mətbuat azadlığı demokratiyanın fundamental şərtidir

 

"Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm". 

İlham Əliyev,

Azərbaycan Prezidenti

 

Milli mətbuatımızın tarixi Azərbaycanın çox qiymətli bir parçasıdır. Bu, təkcə çox qısa müddət ərzində fəaliyyət göstərmiş, mənəvi ömrünü isə bu gün də davam etdirən bir qəzetin - "Əkinçi"nin yaşı deyil. Vətənə sidq-ürəkdən olan sevginin tarixidir. Xalqın mədəni inkişafı, dövlətçilik şüurunun, vətəndaş məsuliyyətinin formalaşması üçün cidd-cəhdlə hər əzaba qatlaşmağın salnaməsidir.      

Azərbaycan mətbuatı 149 ildə çox böyük tarixi yol keçib. Bu gün cəmiyyətimizin mədəni inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin bolluğu, təxminən əsr yarıma bərabər müddətin həyatımıza gətirdiyi nailiyyətlərdir. Onların hər birində "Əkinçi"nin nuru, işığı görünür. Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Ə.Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəyin, Ömər Faiq Nemanzadənin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin, Əlimərdan bəy Topçubaşovun və digər mütəfəkkirlərimizin ruhları duyulur. Çünki bütün nailiyyətlər  tarixin müasir çağında xalqa xidməti, ölkənin inkişafına nail olmağı özünə şərəf bilən belə şəxsiyyətlərimiz hesabına qazanılıb və bu missiya indi də davam edir.

Ümummilli Lider Heydər Əliyev mətbuatın gücünü yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik".

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin 29 sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, özündən sonra açdığı cığırla onun Azərbaycan milli mətbuatının təşəkkülü və inkişafında, ziyalılar arasında kommunikasiyaların qurulmasında, sağlam düşüncə mühitinin formalaşmasında müstəsna rolu olmuşdur. Milli mətbuatımız bu illər ərzində çətin, eyni zamanda şərəfli yol keçmiş, bir çox ictimai problemlərin müzakirəsində və həllərin tapılmasında, milli özünüdərk düşüncəsinin, istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər gətirib çıxaran maarifçilik hərəkatının genişlənməsində, ədəbi dilimizin inkişafında müstəsna xidmətlər göstərmişdir.

"Əkinçi" qəzetindən sonra ard-arda nəşrə başlayan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal, eləcə də 1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli "Kaspi" qəzeti milli mətbuat tariximizin şərəfli səhifələridir.

 

Mətbu sözə qayğı

 

Bu tarixin zəngin təcrübəsi bizlərə bir həqiqəti də öyrədir ki, inkişaf etmiş, dayanıqlı mətbuat, əsasən güclü dövlətdə, qabaqcıl ideyaların ardınca irəliləyən cəmiyyətlərdə mövcud olur. Azərbaycanın müstəqillik tarixinin elə bir anı yoxdur ki, orada mətbuatın fəaliyyəti görünməsin, o tarixi ana işıq tutmasın, öz səhifələrində, xronikalarında bunu sənədləşdirməsin.

Ötən əsrin 80-ci illərinin sonlarında baş verən proseslər ölkəmizdə çoxsaylı kütləvi informasiya vasitələrinin yaranmasına səbəb oldu. Yeni mətbuat ənənələri formalaşdı. Azərbaycan dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesləri müasir dövrün çağırışlarına uyğun kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaratdı. 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi.

Mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sahəyə daimi diqqət və qayğısına görə "Jurnalistlərin dostu" adına layiq görülən Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, müxalif mövqeli mətbu orqanlarda ölkə rəhbərliyi haqqında yazılan qeyri-obyektiv, bir çox hallarda isə hətta etik normaları aşan fikirlərə tolerant münasibəti və başqalarına da bu fikirləri aşılaması, jurnalistlərin lazımi məlumatları ilkin mənbədən almasına yaratdığı şərait, tez-tez media nümayəndələri ilə ünsiyyətdə olub onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə,  qəzetlərin "Azərbaycan" nəşriyyatına yaranmış borcları ilə bağlı problemin həllinə köməyi milli mətbuat tariximizin yeni dövrünün unudulmaz faktları kimi yaddaşlarda qalıb. 

 

Yeni hədəflər, yeni vəzifələr

 

Mətbuata həssas münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olunmuş və icraya yönəlmişdir. 

Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan ictimai təsisatdır. Zamanın dinamik dəyişməsi, hər dövrün öz reallıqlarının meydana gəlməsi, təbii ki, mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu xüsusda demişdir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

 

Qlobal informasiya şəbəkəsinin bir hissəsi

 

Bu gün dövlətimiz beynəlxalq siyasi, iqtisadi, mədəni proseslərin fəal və böyük təsir gücünə malik iştirakçısı olduğu kimi, Azərbaycan mətbuatı da qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsi kimi öz rolunu uğurla yerinə yetirməsinə şərait yaradır. Qloballaşma prosesləri, medianın rəqəmsallaşması jurnalistikanın özündə də çox mühüm dəyişikliklərə gətirir. Mətbuatın üz tutduğu auditoriyanın maraqları, baxış bucağı, jurnalistikadan gözləntiləri çox sürətlə dəyişir. Jurnalistlərdən bu dəyişikliklərə çevik şəkildə uyğunlaşmağı, peşəkarlıq səviyyələrini mütəmadi artırmağı tələb edir. Bu zərurəti nəzərə alaraq hər il yüzlərlə Azərbaycan jurnalisti beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında müxtəlif treninqlər, təkmilləşmə kursları keçirlər.

Baş verən sürətli inkişaf dəyişiklikləri mətbuatla bağlı qanunvericilik bazasının da zaman-zaman təkmilləşdirilməsini, yeni dövrün reallıqlarına uyğunlaşdırılmasını, bu sahədə uyğun tənzimləyici mexanizmlərin formalaşdırılmasını zəruri edir. Son illər ölkəmizdə bu istiqamətdə də məqsədyönlü iş aparılmaqdadır. Azərbaycan Prezidentinin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir.

30 dekabr 2021-ci ildə qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikası Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edərək bu sahədə inkişaf proseslərinin düzgün hüquqi məcrada getməsini dəstəkləyir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Media subyektlərinin fəaliyyətinin iqtisadi əsasları, məlum olduğu kimi, həyati vacib məsələdir. Dövlət bu sahədə də Azərbaycan mətbuatından diqqət və qayğısını əsirgəmir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 7 mart 2023-cü il tarixli qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin rəqabətədavamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azaddır. Bundan başqa, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisi ödəməyəcək. MEDİA Agentliyi xəttilə KİV birdəfəlik yardımlar mütəmadi şəkildə davam etdirilir.

Belə bir diqqət və qayğı mətbuat sahəsində çalışanların sosial müdafiəsini də əhatə edir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması daim dövlət rəhbərinin nəzərindədir. 2022-ci ildə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda edilmiş dəyişiklikliyə əsasən, Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Cəmiyyətimiz üçün xüsusilə aktual mövzularda keyfiyyətli kontentlərin hazırlanması üçün tez-tez jurnalistlər arasında yazı müsabiqələrinin elan olunması, milli mətbuatımızın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata və mətbuat işçilərinə qayğının təzahürüdür.

Ölkə rəhbərliyinin müvafiq sərəncamları əsasında milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Bütün bunlar da bir tərəfdən milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsi və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxış etibarilə təqdirəlayiq faktlardır.

 

Süngüyə çevrilmiş qələm

 

Milli mətbuatımızın 149 illik inkişaf tarixi ilə indiki səviyyəyə gəlib çatması, ölkəmizdə ən müasir tələb və standartlara uyğun medianın mövcudluğu dövlətimizin bu sahəyə dəstəyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələri ilə mütəmadi görüşləri, müsahibələri milli mətbuatımızın davamlı inkişafına müsbət təsir göstərir.  Dövlətimizin başçısı İlham Əliyev söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımları atır. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur", - Prezident

İlham Əliyev bildirir. Və bunu demokratiyanın fundamental şərti kimi dəyərləndirir. Azərbaycan mediası da ölkəmizin ümumi inkişaf proseslərinin çox əhəmiyyətli hissəsi kimi üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir, günümüzün reallıqlarını sənədləşdirərək əbədi tarixə çevirir.

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu. Jurnalistlərimiz 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük fədakarlıq göstərdilər. Onlarla jurnalistimiz qismən səfərbərlik proqramının iştirakçıları kimi qələmini süngüyə çevirərək hərbi əməliyyatlarda iştirak etdi. Göstərdiyi igidliklərə görə müxtəlif medallarla təltif edildi. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi və indi də bu missiyanı davam etdirərək ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verməkdədir. Jurnalistlərimiz üçün bu sahədə ən böyük örnək elə məhz Ali Baş Komandandır. Cənab İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Həmin günlərdə Prezident İlham Əliyev iki cəbhədə döyüşürdü. Bir tərəfdən sərkərdə kimi ordumuzun hərbi əməliyyatlarını idarə edir, digər tərəfdən isə diplomatiya cəbhəsində vuruşurdu. Dövlət başçısı müharibənin yaratdığı imkanlardan diplomatik meydanda da məharətlə istifadə edirdi. İnformasiya savaşını da yüksək strateq məharəti ilə qura bilirdi. Müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu media vasitələri ilə tarixi həqiqətləri sübutlar, faktlar əsasında dünya ictimaiyyətinə çatdırırdı. Hərbi əməliyyatların gedişində dövlətimizin rəhbərinin dünyanın aparıcı media orqanlarına müsahibəsi, bu müsahibələrdəki diplomatik gedişlər, natiqlik, məlumatlılıq, dəmir məntiq əsl ustad dərsləri idi.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə qədim qala şəhərimizdə, Şuşada "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda I Şuşa Qlobal Media Forumunun açılışı oldu. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, eləcə də 60 yerli media orqanlarının rəhbərlərinin, nümayəndələrinin iştirak etdiyi forumda dövlətimizin başçısı bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi. Mediamız bu gün də artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin, bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm missiyanı yerinə yetirir.

 

Media sahəsində strateji əməkdaşlıq

 

Azərbaycan mətbuatının beynəlxalq əlaqələri də genişlənməkdədir. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış anlaşma memorandumu bu baxımdan xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu memorandum qardaş ölkə ilə media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılmasına, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılmasına, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq layihələrin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulmasına, peşə təhsili və mübadilə proqramlarının təşkilinə, iki ölkənin ictimai rəy liderləri arasında rabitə körpüsünün qurulmasına töhfələr verir.

Bütün bu qeydlər möhkəm bünövrəyə, zəngin təcrübəyə əsaslanan milli mətbuatımızın hazırda gəlib çatdığı inkişaf səviyyəsinin, qərar tutduğu ucalığın aynasıdır. Mətbuatımız zamanla birgə irəliləyir, inkişaf edir, həm müstəqil Azərbaycanın, həm də yazılı fikir tariximizin yeni şərəfli səhifələrini qələmə alır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

İlham Əliyevin Zəfər salnaməsi

08:05
05 Noyabr

Milli gücün təntənəsi

08:00
05 Noyabr

Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

02:00
05 Noyabr

C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

00:55
05 Noyabr

Y.A.Ömərovun Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi haqqında

00:55
05 Noyabr

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:54
05 Noyabr

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:53
05 Noyabr

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Sumqayıt Yaşayış Kompleksində və Ləkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

00:51
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!