25 Iyul 2024 08:23
261
İQTİSADİYYAT
A- A+

Azərbaycandan Avropaya "yaşıl enerji" dəhlizi də uzanacaq

 

Dünyada baş verən ekoloji fəsadların aradan qaldırılmasına yönəldilən ən qlobal beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyası bu ilin payızında Azərbaycanda baş tutacaq. Qısaca COP29 adlandırılan bu tədbirə hazırlıq işləri geniş vüsət alıb. Əslində isə ölkəmizin "yaşıl gündəliyi" çoxdan bəllidir. Cari ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də əlbəttə təsadüfi deyil.

44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan etdi. Eləcə də Naxçıvan MR "yaşıl enerji" zonası elan olunub. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.

"Yaşıl enerji" potensialımız böyük, hədəflərimiz isə aydındır. Ona görə də qarşıya qoyulan məqsədə doğru inamlı addımlar atılır. Təsadüfi deyil ki, öz işini başa çatdırmış II Şuşa Qlobal Media Forumunda da bu mövzuda ətraflı söhbət getdi. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi "Qaradağ" Günəş-Elektrik Stansiyasının müvəffəqiyyətlə istismara daxil olduğu xatırladıldı. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Daha bir obyekt Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası olacaq. Bu stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və il ərzində 400 min ton karbon qazının atmosferə atılması azaldılacaq. Bu qəbildən növbəti obyekt BP-nin tikəcəyi "Şəfəq" Günəş-Elektrik Stansiyası olacaq. Bu stansiyanın özəlliyi odur ki, işğaldan azad olunmuş bölgələrimizdən birində - Cəbrayıl rayonunda inşa ediləcək.

Bu il iyunun 4-də, Bakı Enerji Həftəsinin açılışı günündə "Masdar"la ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimləri keçirildi. Həmin enerji obyektləri bölgələrdə tikiləcək və bu göstərir ki, "yaşıl enerji" layihələri getdikcə daha geniş əraziləri əhatə edəcək. Prezident İlham Əliyev bütün bunların yalnız başlanğıc olduğunu deyib.

II Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən Prezidentimiz bu məsələyə bir daha toxunub: "Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda günəş və külək stansiyalarının potensialı göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni həcm böyükdür. Bununla yanaşı, biz texniki əsaslandırma işləri həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da potensial dörd qiqavatdır. Biz "ACWA Power" şirkəti ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar olmalıdır. Çünki bu, ən böyük problemdir. Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng bir batareya şəklində inşa ediləcək bu layihə. Ona görə də biz oraya həm sərmayə cəlb edirik və bu işə öz sərmayəmizi də yatırırıq. Bununla yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək".

Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bununla Azərbaycandan Avropaya həmçinin "yaşıl dəhliz" uzanacaq. Qazaxıstan və Özbəkistan da özlərinin istehsal etdikləri bərpaolunan enerjini Azərbaycan üzərindən bu dəhlizə qoşmaq qərarındadırlar. Deməli, ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək.

Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaq.

"Bizim planlarımız, istədiyimiz həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni bu layihə "Cənub qaz dəhlizi"ndən də daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa, eyni zamanda koordinasiyaya ehtiyacımız var", - deyə dövlətimizin başçısı II Şuşa Qlobal Media Forumunda bu barədə də fikirlərini bildirmişdir.

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video