28 Iyul 2024 09:45
121
Mədəniyyət
A- A+

Birinci Türkoloji Qurultay - türk əsrinin təməl daşı 

 

1926-cı ilin 26 fevralından martın 6-dək Bakı şəhərindəki İsmailiyyə sarayında keçirilən Birinci Türkoloji Qurultay bolşeviklərin əlində pantürkist adlandırdıqları seçmə şəxsiyyətləri bir növ küllən tələyəsalma, hədəfəalma, "ovlama" vasitəsi oldu. Təsadüfi deyil ki, ali mərasimin 131 nümayəndəsi - görkəmli ədəbiyyatşünaslar, dilçilər, tarixçilər, şairlər, yazıçılar, müttəfəkkirlərdən yüzdən çoxu sonralar ən ağır cəzaya məhkum edildilər. 
"Qırmızı imperiya"nın adında "ittifaq" sözü olsa da, birliyi heç sevmirdi, "parçala və hökm sür!" siyasəti yeridirdi, islami ideyalara tapınan, cihad fəlsəfəsindən çıxış edərək kimsəyə baş əyməyən, böyük dövlətlər və qədim, zəngin sivilizasiyalar yaratmış azad, müstəqil türklərin vəhdətindən; suverenlik, özgürlük ideyalı türkçülərin bir araya gəlməsindən bərk qorxur, ehtiyatlanırdı. Həmin dövrdə qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə Ruhulla Axundov seçilmiş, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış edərək iştirakçıları salamlamışdı. Ünlü akademiklər Nikolay Marr, Anatoli Lunaçarski, Vasili Bartold, Sergey Oldenburq, Banq, Avropa alimlərinin təmsilçiləri professor F.F.Menşel və Tomsen, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M.Pavloviç, Türkiyədən Mehmed Fuad Köprülü, Qazaxıstandan Əhməd Baytursunov, Türkmənistandan Berdiyev,  Özbəkistandan Rahim İnogomov, Qırğızıstandan Tunstanov, Krımdan Osman Nuri Akçökraklı, Tatarıstandan Qələmcan Rahimov, Başqırdıstandan İdelquzin, Dağıstandan Cəlaləddin Qorxmazov, Şimali Qafqazdan Umar Əliyev, Azərbaycandan Əli bəy Hüseynzadə,  Mustafa Quliyev fəxri qonaqlar kürsüsündə əyləşmişdilər...  
Beynəlxalq elmi qurumlardan 20-dən çox rəsmi qonağın da qatıldığı 17 iclasda türklərin, bütövlükdə türk dünyasının dilinə və tarixinə, etnogenezisinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. Səkkizgünlük tədbir çərçivəsində qaldırılan elmi problemlər bir yana qalsın, təkcə məruzələrin adları xüsusi məmnunluq, eyni zamanda böyük heyrət doğururdu. Belə ki, məşhur şərqşünas və türkoloq alimlərin "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", "Türk xalqlarının təsviri sənəti haqqında", "Türk xalqlarının ədəbi dillərinin inkişafı", "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri" və digər mövzularda çıxışları mərasimin  işinə yeni rəngarəng çalarlar qatmışdı. 
Bəs adıçəkilən toplantının təşkili daha çox hansı zərurətlə əlaqələndirilirdi? Bundan səkkiz ay öncə - 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayın çağırılması haqqında qərar qəbul etmişdi. Ondan da bir il əvvəl, ilk dəfə belə bir təklif Azərbaycan SSR hökuməti tərəfindən ittifaq rəhbərliyinə təqdim olunmuşdu. Gündəlikdə duran əsas məsələ - ərəb qrafikasından latın əlifbasına keçid isə həmin yığıncaq barədə rəsmi qərara altı ay qalmış 1-ci Yerli Diyarşünaslıq Konfransında, eləcə də SSRİ Elmlər Akademiyası və Ümumittifaq Şərqşünaslar Birliyində irəli sürülmüşdü. Sonrakı hadisələr göstərdi ki, sovet rejimi digər məsələlər kimi, latın qrafikasında da səmimi deyilmiş. Doğrudur,  türkoloqların qurultayında qəbul edilən qərara əsaslanaraq heç 3 il keçməmiş, 1929-cu il yanvarın 1-dən ərəb heroqliflərindən istifadəni yasaqladı - bütün respublika üzrə kitabyandırma kampaniyası da məhz bu üslubu unutdurmaqdan ötrü planlaşdırılmışdı, amma on il sonra - 1939-cu ildə sərhədləri daxilində yaşayan bütün xalqlara kiril əlifbasını tətbiq elədi. Rəsmi açıqlamaya görə, latından kiril əlifbasına məcburi keçid "zəhmətkeşlərin ümumi istəyi" adı altında pərdələnmişdi. 
Ali məclisin qərarına əsasən, II Türkoloji Qurultayın 1927-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu, dövlət siyasətinin dəyişməsi səbəbindən baş tutmadı. Otuzuncu illərin sonlarında qurultayın bir çox iştirakçısı millətçilik, pantürkizm, əks-inqilabi fəaliyyətdə günahlandırıldı, repressiya olundu və güllələndi. Onların arasında Salman Mümtaz, Bəkir Çobanzadə, İsidor Baraxov, Cəlaləddin Qorxmazov, Hənəfi Zeynallı, Əhməd Baytursunov, Osman Akçökraklı, Hikmət Cevdet-zadə və başqaları vardı. 
Birinci Türkoloji Qurultay XX yüzilliyin ən əhəmiyyətli hadisəsi səviyyəsində tarixdə və yaddaşlarda qaldı. O, bir əsr sonra zamanın diktəsindən yaranan türk ailəsinin birmənalı şəkildə bünövrəsi, təməl daşları sayılmalıdır. Və dövlət səviyyəsində hüquqi qiymətini Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra aldı. 2005-ci il noyabrın 5-də Prezident İlham Əliyev bu mötəbər tədbirin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və ölkəmizdə bununla əlaqədar beynəlxalq konfrans keçirildi. 2016-cı ildə yenə də dövlətimizin başçısının müvafiq sərəncamı ilə həmin əlamətdar hadisənin 90 yaşı qeyd olundu. 18 fevral 2016-cı il tarixli Prezident sərəncamında deyilirdi ki, qurultaydan ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünyamiqyaslı türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr verən və az müddət sonra günahsız repressiya qurbanı olan görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir.

Qurban MƏMMƏDOV,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video