24 Iyul 2024 08:30
114
İQTİSADİYYAT
A- A+

Azərbaycanın məqsədi  COP29-un həmrəylik tədbiri olmasıdır

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə  hazırda   mötəbər beynəlxalq tədbirlərin hər birində  haqqında geniş bəhs olunan mövzudur. Öz işini başa çatdırmış II Şuşa  Qlobal  Media Forumunda da məhz belə oldu.

 

Məlumdur ki,  COP29  qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada,  beynəlxalq arenada birnömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bu, eyni zamanda ən yüksək liqaya daxil olmağımız üçün misilsiz bir şansdır. Təbii ki, Azərbaycanın nailiyyətlərini gözü götürməyənləri ölkəmizin belə bir tədbirin ev sahibi olması çox narahat edir.

Buna görə də Azərbaycanın  COP29-a  evsahibliyi  ilə bağlı qərar verildikdən heç bir həftə də keçmədən Qərb mediasında ölkəmizə qarşı hücumlar başladı. Prezident İlham Əliyev  məsələyə belə aydınlıq gətirir" Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir".

COP29  heyətinin səmərəli işi, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikləri nəticəsində hücumların sayı azalsa da, tədbir yaxınlaşdıqca onların sayının artacağı ehtimalı da var. Lakin bu bir həqiqətdir ki, ölkəmiz təkcə təşkilati baxımdan tədbirlər görmür, mahiyyət baxımından da təşəbbüslər irəli sürür, inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyir, Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur. Üstünlüyümüz ondadır ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik. Sədrlik müddətimiz hətta uzadıldı da. Azərbaycan bəlkə yeganə ölkədir ki,  regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatının, "OPEC Plus" formatının üzvüdür. Prezidentimiz bir daha bildirib ki, biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.

Azərbaycan inkişafda olan kiçik ada ölkələri ilə də əməkdaşlıq edir. Bununla bağlı  COP29 çərçivəsində tədbirimiz olacaq və orada ittifaq ölkələri də iştirak edəcək. "Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir. Yəni biz müxtəlif istiqamətdə irəliləyirik. Hesab edirəm ki, biz Birləşmiş Ərəb Əmirliklərinin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə edəcəyik və onun üzərindən işimizi aparacağıq. Ancaq ondan qabaq COP-a Misir evsahibliyi edibdir. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya evsahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər. Onlar "yaşıl texnologiya"ya, "yaşıl keçid"ə sərmayə qoyur, töhfə verirlər", -  deyə Prezident İlham Əliyev  bildirib.

COP29 ərəfəsində "Troyka"nın (Üçlük")  təsis edilməsinin təşəbbüskarı da ölkəmiz olub. Bu, ötən ildəki, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın "Troykası"dır. Bu, bir mexanizmdir. Buna qədər belə bir  mexanizm mövcud olmayıb. Təqdirəlayiq haldır ki, təklif Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəklənib. Çünki COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. "Troyka" mexanizmi də bu məqsədlə yaradılıb .

Prezident İlham Əliyevin II Şuşa Qlobal  Media Forumunda COP29-la bağlı sualları cavablandırarkən toxunduğu məsələlərdən biri də inkişaf edən ölkələrə dəstək göstərilməsinin vacibliyidir" Biz inkişafda olan kiçik ada ölkələri üçün fond yaratdıq. Ancaq biz inkişaf etməkdə olan hər bir ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur. Əlbəttə, bu işdə həmrəylik olmalıdır və digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər".

Ümumiyyətlə, Azərbaycanın məqsədi COP29-un məhz həmrəylik tədbiri olmasıdır. Cari ilin ölkəmizdə  "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil.

 

Flora SADIQLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video