24 Iyul 2024 09:38
95
Mədəniyyət
A- A+

Mahnılarda yaşayan ömür

 

Onun səsi də, ifası da, səhnə mədəniyyət i də bir başqa idi. Gözlərindən, baxışlarından daxili gözəlliyini görmək olurdu. Üzündən nur tökülürdü. Tanrı ona əvəzsiz bir nemət - gözəl səs vermişdi. Məlahətli səsi adamın ruhunu oxşayıb qanına hopurdu. 
Efirə çıxmazdan əvvəl el şənliklərində ad çıxarmışdı. Hələ o zaman nəinki Azərbaycanda, İranda, Orta Asiyada da yaxşı tanıyırdılar onu. O, əsl Azərbaycan oğlu idi. Oturub-durmağı, əxlaqı, ləyaqəti ilə...  Elə efirə də ilk dəfə 1977-ci ildə Ələkbər Tağıyevin "Azərbaycan oğluyam" mahnısı ilə çıxdı. İlk mahnısı ilə də tamaşaçıların ürəyinə çığır açıb dinləyiciləri səsinin sehrinə saldı. İlk dəfə Məmmədbağır Bağırzadənin ifasında səslənən, sonralar düşmənin üstünə yeriyən qəhrəman oğullarımızın qəhrəmanlıq marşına döndü bu mahnı. 
Azərbaycanın Xalq artisti, mahnılarımızın, muğam və təsniflərimizin bənzərsiz ifaçısı, bəstəkar-müğənni Məmmədbağır Bağırzadə 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə, ifaçılığa marağı olan 20 yaşlı Məmmədbağır hərbi xidmətdən qayıtdıqdan sonra toylarda görünməyə başlamışdı. Doğulduğu Nardaran kəndində klassik musiqiyə, muğamlara həmişə böyük hörmət və sevgi görən Məmmədbağır bənzərsiz ifa tərzi ilə qısa bir zamanda Bakı və Bakıətrafı kəndlərin sevimlisinə çevrilərək hörmət qazanmışdı. Məmmədbağır həm öz bəstələrini oxuyar, həm də klassik musiqiyə üstünlük verərdi. Gənc xanəndənin bir üstünlüyü də onda idi ki, klassik şeiri, qəzəlləri yaxşı bilirdi. 1979-cu ildə A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində Xalq artisti Əlibaba Məmmədovun sinfində dərs alan Məmmədbağır Bağırzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdi. Xalq artisti Əlibaba Məmmədov xatirələrində deyirdi: "Hər dərsin sonunda mütləq Məmmədbağıra bir muğam oxutdurardım ki, ruhumuz qidalansın. Onun səsinin, avazının bir başqa gözəlliyi var idi. Məmmədbağır nadir səs sahiblərindən idi". Elə bu səbəbdəndir ki,  Əlibaba Məmmədov bu nadir səs sahibini rəhbərlik etdiyi "Humayun" ansamblına dəvət edir. Sonralar  M.Bağırzadə Asəf Zeynallı adına musiqi kollecində Xan Şuşinski sinfində və muğam kafedrasında, həmçinin 3 saylı musiqi məktəbinin muğam sinfində müəllimlik edir. Eyni zamanda müğənni 1976-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti olur. Sənətkar həm də özünün "Dilkeş" ansamblını yaradır. Oğlu Rahim Bağırzadə bu barədə jurnalistlərə verdiyi müsahibələrinin birində demişdir: "Atam ansamblının adını "Dilkeş" qoymuşdu, evdə  daha çox ərəb, türk kanallarına baxırdı. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi".
Müğənni repertuarında daha çox Əliğa Vahid, Mədinə Gülgün, Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılara üstünlük verərdi. 
Məmmədbağır Bağırzadə ifa etdiyi mahnılara öz möhrünü vurmağı bacaran nadir sənətkarlardan idi. Onun ifa etdiyi "Axşamlar", "Səni unuda bilmirəm", "Olmaz, olmaz", "Belə qəmli dayanma", "Xatirələr", " Ayrılıq olmayaydı" mahnıları əbədiyaşarlıq qazanmış musiqi nümunələrindəndir. 
Məmmədbağır Bağırzadə ifaçılıqla yanaşı, mahnı da bəstələyirdi. O, 30-dan çox mahnıya - "Darıxıram", "Dözə bilmirəm", "Güman yeri var", "Qaldı dağlarda", "Olmaz", "Qəhrəmanlıq nəğməsi", "Dindir məni", "Ana dünyası", "Xoşum gəlir", "Axtarır gözüm səni" musiqi ömrü vermişdi.
Xanəndənin oğlu Rahim Bağırzadə demişdi: "Atam ağir təbiətli, qapalı xarakterə malik olan adam idi. Oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. 2005-ci ilin oktyabr ayında dünyasını dəyişdi. Elə oktyabrın 30-da öz vəsiyyətinə uyğun olaraq doğulduğu Nardaran kəndində dəfn olundu".
Xanəndə haqqında bu günə qədər 7 sənədli film çəkilib. Fonetekamızın qızıl fondunda iki - "Rast" və "Zabul" muğamları saxlanılır. Müğənni  dünyasını dəyişdikdən sonra haqqında "Doymadım bu dünyadan" və "Azərbaycan oğluyam" adlı iki kitab yazılıb. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video