20 Iyul 2024 08:10
453
SİYASƏT
A- A+

 Qurtuluşun başlanğıc günü

Heydər Əliyev 34 il öncə Azərbaycana qayıdaraq müstəqillik uğrunda mübarizəni uğurla yekunlaşdırdı

 

Müasir Azərbaycanın tarixində xalqımız tərəfindən böyük sevgi ilə qarşılanan əlamətdar günlər çoxdur və onların əksəriyyəti bayram kimi qeyd olunur. Tariximizdə dönüş nöqtəsi olan elə əlahiddə günlər də var ki, biz onları da dərin və böyük minnətdarlıq hissi ilə qarşılayırıq. Hansı ki Azərbaycanda yeni siyasi-ictimai proseslər məhz həmin günlərdən başlayıb. Məhz həmin günlərdən etibarən dövlətçiliyimizin və müstəqilliyimizin bu gün qürurla bəhs etdiyimiz şərəfli tarixi yazılıb. Xalqımızın böyük oğlu, əbədiyaşar şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə Naxçıvana qayıdışı tariximizin belə əlamətdar və əlahiddə günləri sırasında yer alır.

 

Ulu Öndərə olan inamın, ehtiramın və etimadın təcəssümü

 

Həmin günlərdə Naxçıvan ictimaiyyəti Heydər Əliyevi böyük coşqu, ehtiram və sevgi ilə qarşılamışdı. Çünki Heydər Əliyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, öz vətəninə və xalqına ləyaqətlə xidmət etmiş, Azərbaycanı öz tarixinin ən qüdrətli inkişaf mərhələsinə yüksəltmişdi. Bununla Heydər Əliyev həm də doğulub boya-başa çatdığı Naxçıvanın adını ucaltmışdı. Elə Naxçıvanın özünün də 1970-80-ci illərdə sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş vermişdi. Azərbaycanın keçmiş ittifaq miqyasında sonuncu yerlərdən qabaqcıllar sırasına yüksəlməsində muxtar respublikada əldə edilən iqtisadi uğurlar böyük rol oynamışdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ermənilərin Naxçıvandan yeni ərazilər qoparmaq planları da baş tutmamışdı.

Əlbəttə ki, naxçıvanlılar bunu unuda bilməzdilər və Heydər Əliyevə böyük ehtiramdan irəli gələrək 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə keçirilən seçkilərdə muxtar respublika ictimaiyyəti onun namizədliyini irəli sürmüşdü. Həmin vaxt öz seçicilərinə göndərdiyi məktubunda deputatlığa namizədliyinin irəli sürülməsinə razılıq verən Ulu Öndər həm də Azərbaycanın gələcəyi ilə bağlı özünün siyasi platformasını belə ifadə etmişdi: "Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır… Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, yekdillik lazımdır".

Hələ sovet rejiminin mövcud olduğu bir dövrdə müstəqilliklə bağlı fikirlərin açıq şəkildə ifadə olunması böyük cəsarət və hünər tələb edirdi. Bunu isə yalnız Heydər Əliyev kimi dühalar edə bilərdilər. Bundan əvvəl isə belə cəsarətli sözləri Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində söyləmiş, sovet rəhbərliyini Azərbaycan xalqına qarşı cinayət törətməkdə, Azərbaycan SSR-nin rəhbərliyini isə öz xalqına qarşı xəyanətdə ittiham etmişdi. Naxçıvanda seçicilərinə göndərdiyi məktub isə bir daha Heydər Əliyevin qətiyyətinin və cəsarətinin nümayişi olmaqla yanaşı, göstərdi ki, Ulu Öndər Azərbaycanın gələcəyini tam müstəqil və demokratik respublika olmaqda görür. Təsadüfi deyil ki, 1990-cı ilin parlament seçkilərində Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməklə yenidən siyasi həyata qayıdan Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə xalq hərəkatının daha mütəşəkkil olmasını təmin etdi.

Bu məqamda onu qeyd etmək istərdim ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illər dövlətimizin və xalqımızın tarixində əlamətdar hadisələrlə zəngindir. Bu dövrdə Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətdə təmsil olunmadığı illərdə ağır və faciəli günlərini yaşayıb. Bu mənada, əgər ötən əsrin 80-ci illərinin sonunda Heydər Əliyev siyasi rəhbərlikdə olsaydı, ermənilər Azərbaycana qarşı torpaq iddiası qaldıra və ya hərbi təcavüzə başlaya bilməzdilər. Və ya Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, müstəqilliyimizin ilk illərindəki faciələr baş verməzdi. Bu reallığı hələ 80-ci illərin sonlarında xalqımız düzgün dəyərləndirir, rastlaşdığı mövcud problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublikaya rəhbərlik etməsini arzulayırdı. Bu siyasi-ictimai hərəkatın ən fəal iştirakçıları Naxçıvan ictimaiyyəti idi. 1988-ci ildən respublikamızın hər yerində olduğu kimi, muxtar respublikada da ermənilərin ərazi iddialarına qarşı keçirilən mitinqlərə insanlar Heydər Əliyevin portretləri ilə gəlir, Ulu Öndərə qarşı həyata keçirilən qarayaxma kampaniyasına son qoyulmasını tələb edirdilər. Bütün qadağalara baxmayaraq, Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda Azərbaycan Kommunist Partiyasının növbəti qurultayına nümayəndə seçilməsi də Naxçıvan ictimaiyyətinin Ulu Öndərə dərin ehtiramından xəbər verirdi.

 

Heydər Əliyev müstəqillik mücadiləsini yeni mərhələyə yüksəltdi

 

Beləliklə, Heydər Əliyevin 1990-cı ilin iyulunda Azərbaycana və Naxçıvana qayıdışı respublikamızda siyasi-ictimai müstəvidə mühüm dəyişikliklərin başlanğıcı oldu. Belə ki, Heydər Əliyevin gəlişi və həmin ilin sentyabrında Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi ilə, ilk növbədə, respublikamızda müstəqillik uğrunda 1988-ci ildən başlanmış xalq hərəkatı vüsət alaraq yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin Naxçıvan fəaliyyəti milli müstəqillik mücadiləsinə yeni nəfəs verən praktik addımlarla müşayiət olundu.

Bu baxımdan, yeni çağırış Naxçıvan MSSR Ali Məclisinin 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk iclası dövlətçilik tariximizdə mühüm yeri olan bir tədbir kimi daim minnətdarlıqla xatırlanacaq. 17 noyabr tarixli iclasın tariximizdə mühüm əhəmiyyət kəsb etməsi isə məhz həmin iclasda Azərbaycanın müstəqilliyinin bərpası, müstəqil dövlətçiliyimizin dirçəlişi ilə bağlı mühüm qərar layihələrinin müzakirə edilməsi və qəbul olunmasıdır. Məhz həmin iclasda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikası adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərarın qəbul olunması xalqımızın müstəqil dövlətçilik uğrunda mübarizə tarixinin ən böyük siyasi hadisələridir.

Sovet rejiminin hələ mövcud olduğu bir vaxtda rəsmi şəkildə ilk dəfə belə siyasi qərarların qəbulu Heydər Əliyevin cəsarətinin və siyasi iradəsinin təntənəsi idi. Bu, Ulu Öndərin daşıdığı yüksək milli və mənəvi dəyərlərdən, reallaşacağına əmin olduğu və inandığı müstəqillik ideyalarından xəbər verirdi. Xalqımızın müstəqillik yolunun ən cəsarətli siyasi-hüquqi addımları olan bu qərarlar respublikamızda siyasi suverenlik uğrunda milli mübarizənin yeni keyfiyyət mərhələsinə yüksəlməsini təmin etdi, xalq hərəkatını daha da böyütdü, Naxçıvan isə müstəqillik mücadiləsinin əsas siyasi mərkəzinə çevrildi. Bu qərarların hər biri o zaman xalqımızın öz dövlət müstəqilliyini bərpa etməsi üçün əsas siyasi və ideoloji amil rolunu daşıdı. Heydər Əliyevin cəsarəti həm də müstəqillik mücadiləsinin iştirakçısı olan bütün insanlara böyük ruh və stimul verdi, onları bu yolda daha da mübariz olmağa sövq etdi. Heydər Əliyevin alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün respublikamızda aparıcı hərəkata çevrilməsinə, müstəqilliyimizin bərpası ilə bağlı qəti və konkret addımların atılmasına gətirib çıxardı. Ümumiyyətlə isə, o dövrdə Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarlar müstəqil dövlətçilik prinsiplərinə söykənirdi.

Haşiyə çıxaraq onu da qeyd etmək istərdim ki, əslində, Azərbaycanı müstəqilliyə aparan proseslərin təməli hələ Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdu. Azərbaycan imperiyanın tərkibində "müttəfiq" respublika olsa da, Heydər Əliyevin müdrik rəhbərliyi ilə müstəqil dövlət kimi yaşamağa qadir olan ölkəyə çevrilmişdi. O dövrdə ittifaq ölkələri arasında yalnız Azərbaycan, Rusiya və Belarus öz daxili imkanları ilə yaşaya bilərdilər. Çünki Heydər Əliyev Azərbaycanın iqtisadi suverenliyini tam təmin etmişdi. Sovet dönəmində yalnız 1970-80-ci illərdə təbii sərvətlərimizin respublikamızın yüksəlişinə, vətəndaşların rifahının yüksəldilməsinə, sosial-iqtisadi infrastrukturlarının inkişafına yönəldilməsi təmin olunmuşdu.

Həm də Heydər Əliyev müdrik rəhbər kimi sovet dövlətinin dağılacağını bilirdi. Ulu Öndər sonrakı dövrdə xatirələrində deyirdi ki, artıq ötən əsrin 80-ci illərində ittifaqın dağılacağını görürdü. Ona görə istəyirdi ki, Azərbaycanın müstəqil dövlətçiliyə gedən yolu rahat olsun. Bu məqsədlə Ulu Öndər Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, ermənilərin ölkəmizə qarşı əsassız torpaq iddialarının da qarşısını almışdı. Təəssüf ki, 1980-ci illərin sonlarında Azərbaycana rəhbərlik edən manqurt rəhbərlər milli dəyərlərdən və vətən təəssübkeşliyindən uzaq olduqlarından bu reallığı nəinki dərk etmədilər, hətta vətən və xalqa xəyanət yolunu tutdular. Ona görə də Heydər Əliyev Naxçıvana qayıdışı ilə hər şeyə yenidən başlamalı oldu.

 

Naxçıvanın xilaskarı

 

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsinin ən mühüm hadisələrindən biri Ulu Öndərin 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçilməsidir. Bu, Naxçıvan ictimaiyyətinin Heydər Əliyevə olan dərin etimadının növbəti təcəssümü və Ermənistanın muxtar respublikaya qarşı hərbi təcavüzünün qarşısını yalnız Ulu Öndərin ala biləcəyinə olan inamın göstəricisi idi. Həmin vaxt bir neçə gün davam edən Ali Məclisin iclaslarında qəbul edilən qərarlar Azərbaycanda gedən siyasi prosesləri, müstəqilliyimizin bərpası gününü bir qədər də yaxınlaşdırdı. Ən əsası, Heydər Əliyevin yenidən siyasi həyata qayıdışında mühüm məqam olan bu siyasi hadisə Naxçıvanın müdafiəsində, siyasi-ictimai həyatında yeni mərhələnin başlanğıcına çevrildi.

Məlum olduğu kimi, sovet dövləti özünün sonuna doğru yaxınlaşdıqca Ermənistan respublikamızın digər ərazilərində olduğu kimi, Naxçıvan istiqamətində də hərbi təxribatlarını artırırdı. Belə vəziyyətdə Azərbaycanın mərkəzi hakimiyyətinin qətiyyətsizliyi torpaqlarımızın işğalına daha geniş zəmin formalaşdırır, dincliyi pozulan Naxçıvan isə həm də taleyin ümidinə buraxılmış tənha gəmini xatırladırdı. Həmin vaxtlar ermənilər Naxçıvanın sərhəd kəndlərinə qarşı təcavüzkarlığı artırır, tez-tez silahlı basqınlar edir, təsərrüfatlara ziyan vurur, vətəndaşları girov götürürdülər.

Heydər Əliyev təcrübəli siyasətçi olmaqla yanaşı, həm də hərbçi idi. Ona görə Ermənistanın artan təxribatlarının fonunda baş verə biləcək daha böyük hərbi təcavüzü əvvəldən görürdü. Odur ki, Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri kimi verdiyi ilk qərarlardan biri 1991-ci il sentyabr ayının 7-də Muxtar Respublikanın Dövlət Milli Müdafiə Komitəsinin yaradılması oldu. Ulu Öndərin müdrikliyi Naxçıvanla bağlı Ermənistanın bütün işğalçılıq planlarını darmadağın etdi, beləliklə, naxçıvanlılar Heydər Əliyevin liderliyi ilə doğma diyarı düşməndən layiqincə qorudular.

Ümumiyyətlə, 1991-ci ilin sonlarına doğru Heydər Əliyevin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda ordu quruculuğu prosesinin başlanğıcı oldu. Lakin müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik etmiş siyasi qruplardan fərqli olaraq Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu düzgün təməllər üzərində həyata keçirilmişdi və vahid komandanlığa əsaslanırdı. Naxçıvanda yaradılan hərbi birləşmələr hansısa şəxslərə və siyasi partiyalara tabe deyildilər. Ona görə Naxçıvan Heydər Əliyevin rəhbərliyi ilə düşmənə qarşı dəyanətlə mübarizə apardı. Ermənistanın işğal planlarının muxtar respublikada həyata keçirilməsinə imkan verilmədi. Beləliklə, Naxçıvana və siyasət meydanına qayıdışı ilə xalq hərəkatına yeni məzmun gətirən Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas məqamlarından biri də boya-başa çatdığı torpağı Ermənistanın hərbi təcavüzündən qoruması, xilas etməsi oldu.

Ordu quruculuğu ilə bağlı bir məsələni də qeyd etməliyik ki, Heydər Əliyevin siyasi müdrikliyi ilə keçmiş sovet ordu birləşmələri 1992-ci ildə Naxçıvanı tərk etmiş, həmin ilin avqustunda onların bütün silah və texnikası Azərbaycan Ordusuna təhvil verilmişdir. Bununla da Rusiyanın Naxçıvan ərazisində XIX əsrin əvvəllərindən başlanmış hərbi mövcudluğu başa çatmışdır.

Həmin vaxt keçmiş sovet ordusunun 75-ci diviziyasının hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvanda 5-ci əlahiddə motoatıcı briqadası yaradıldı. Heydər Əliyevin sayəsində Naxçıvanda artıq Rusiya Sərhəd Qoşunlarının nəzarətinə keçmiş 41-ci sərhəd dəstəsi də ləğv olunaraq, onun bütün funksiyaları, hərbi və təsərrüfat əmlakı yeni yaradılan 1-ci sərhəd dəstəsinə təhvil verildi. Bununla da Naxçıvanda İran və Türkiyə ilə sərhədimizin Azərbaycan Sərhəd Qoşunları tərəfindən mühafizə olunmasına başlanıldı.

 

Naxçıvanı qoruyan Ulu Öndər bütöv Azərbaycanı xilas etdi

 

Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi bütün tədbirlər, muxtar respublikanın erməni təcavüzündən qorunması, müstəqilliyimizin bərpasından sonrakı yeni çağırışlar, ordu quruculuğu və digər proseslər blokada şəraitində həyata keçirilirdi. 1991-ci ilin sonlarından Naxçıvanla dəmir və avtomobil yolları ilə əlaqələr, demək olar ki, kəsilmişdi. Həmin ilin dekabrından muxtar respublikaya təbii qazın, 1992-ci il iyulundan isə elektrik enerjisinin verilməsi dayandırılmışdı. Əlbəttə ki, bu vəziyyət Naxçıvanda iqtisadi və sosial sferaya ciddi təsir göstərirdi.

Ən acınacaqlısı isə belə vəziyyətdə mərkəzi hakimiyyətin hadisələrə laqeydliyi idi. Ölkə rəhbərliyinin blokada vəziyyətinə düşmüş Naxçıvana kömək göstərilməsi ilə bağlı heç bir fəaliyyət proqramı, hətta kiçicik bir təşəbbüsü belə yox idi. Əslində isə müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr respublikamızın düşdüyü dərin böhrandan çıxarılması üçün heç bir əməli tədbir görmək qabiliyyətində deyildilər və bu fonda Naxçıvan bütün problemlər və çətinliklərlə təkbaşına mübarizə aparırdı. Həmin ağır günlərdə məhdud daxili imkanlardan maksimum istifadə etməklə yanaşı, Heydər Əliyevin qonşu Türkiyə və İranla əlaqələrin yaradılması üçün həyata keçirdiyi zəruri tədbirlər, Araz çayı üzərində "Ümid körpüsü"nün salınması blokada vəziyyətində olan muxtar respublikanın iqtisadi və sosial həyatında mühüm rol oynadı. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində görülən tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün labüd fəlakətlərdən xilas etdi.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın düşmənlə təkbaşına mübarizəsini, əldə etdiyi uğurları Azərbaycan ictimaiyyəti yüksək qiymətləndirirdi. Elə buna görə xalqımız müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş siyasi dəllalların yaratdıqları dərin problemlərdən çıxış yolunu, müstəqilliyimizin qurtuluşunu, dövlətçiliyimizin xilasını məhz Heydər Əliyevin Bakıya, yəni siyasi hakimiyyətə qayıdışında görürdü. Naxçıvana, Heydər Əliyevə ünvanlanan saysız-hesabsız məktublar, müraciətlər də bu arzudan qaynaqlanır, irəli gəlirdi.

Hakimiyyət təmsilçiləri isə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana rəhbərliyini həzm edə bilməyərək, onun ölkədəki yüksək siyasi nüfuzundan dərin narahatlıq keçirir və Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən uzaqlaşdırılmasına çalışırdılar. Bu məqsədlə hətta 1992-ci il oktyabrın 24-də hakimiyyət Bakıdan Naxçıvana silahlı dəstə də göndərmiş, muxtar respublikada bir sıra qurumlar zəbt olunmuşdu. Lakin AXC hakimiyyətinin Heydər Əliyevə qarşı bütün təxribatları Naxçıvan sakinlərinin Ulu Öndərin ətrafında sıx səfərbər olması səbəbindən iflasa uğradı.

Azərbaycanı uçuruma aparan AXC-Müsavat qaragüruhunun maneçilikləri 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının da qarşısını ala bilmədi. YAP-ın yaradılması Azərbaycanın gələcək taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli sosial-siyasi hadisə idi. Müxalifət partiyası kimi siyasi meydana çıxan YAP Azərbaycanın gələcəyini düşünən hər kəsin siyasi istinadgahı idi. Ona görə qısa müddət sonra partiyanın sıralarında on minlərlə insan cəmləşdi və hakimiyyət onun qeydiyyatına da maneçilik yarada bilmədi.

1993-cü ilin ortalarına doğru respublikamızda baş verən siyasi-hərbi proseslər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tarixi zərurətə çevirmişdi. Hakimiyyətdə olanlar da çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Beləliklə, 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı ilə xalqımızın müstəqillik mübarizəsinin mükəmməl salnaməsini yaradan, muxtar respublikanı xilas edən Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayından qurtuluş missiyasını da şərəflə yerinə yetirərək, dövlətçiliyimizi sarsılmaz, müstəqilliyimizi əbədi etdi. Naxçıvana və böyük siyasətə qayıtdıqdan başlatdığı tarixi missiyanın davamı olaraq Heydər Əliyev bu dəfə Azərbaycanı xilas etdi, öz dəyərli xidmətləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

 

Heydər Əliyev irsinin və ideyalarının layiqli davamçısı

 

Xilaskarlıq missiyasını layiqincə yerinə yetirən Heydər Əliyev müasir Azərbaycan dövlətini qurdu, müstəqil dövlətçiliyimizin əsaslarını yaratdı. Antimilli qəsdlərin qarşısını alan, sabitliyi və milli həmrəyliyi təmin edən, şəxsi nüfuzu ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olan, hüquqi dövlət quruculuğunu həyata keçirən, MDB-də ilk dəfə ölkəmizdə uğurlu torpaq islahatını reallaşdıran Heydər Əliyev Azərbaycanın inkişaf yollarını və aydın gələcəyini müəyyən etdi.

Ötən 20 ildən artıq dövr ərzində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, Heydər Əliyevin şah əsəri və əmanəti olan Azərbaycan həm etibarlı əllərdə, həm də dinamik yüksəliş yolundadır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin edən cənab Prezident İlham Əliyev bununla həm də Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətini layiqincə yerinə yetirdi. Bu tarixi uğurlar göstərir ki, Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin liderliyi ilə layiqincə davam etdirilir. Əslində isə bütün xalq Ulu Öndərin ideyalarının və irsinin davamçısıdır və bu ilin fevral ayında keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin yenidən prezident seçilməsi bu reallığı bir daha təsdiq etdi. O cümlədən vaxtilə Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxartdığı Naxçıvan Muxtar Respublikasının da uğurlarının təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır. Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə inkişafının yeni mərhələsinə qədəm qoyan muxtar respublikada həyata keçirilən islahatlar cəmiyyət həyatının bütün sahələrinə dinamizm, canlanma gətirib, inkişafı daha da sürətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan tezliklə daha möhtəşəm uğurları ilə inkişafın yeni nümunələrini yaradacaq.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə respublikamız öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə də hər birimizin əsas mənəvi vəzifələrindən biri əməllərimizlə respublikamızın yüksəlişinə töhfə verməkdir. Çoxşaxəli fəaliyyəti ilə vətən və xalqa xidmətin ən mükəmməl örnəyini yaradan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər hesab edirəm ki, bu məsələdə hər birimiz üçün mayakdır.

Mehriban xanım Əliyevanın xalqa xidmətlərindən bəhs edərkən ilk yada düşən onun hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında olması, onlara əl tutması, təmənnasız yaxşılığıdır. Elə buna görə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər şeydən əvvəl bir xeyriyyəçilik məbədi kimi tanınır. Təsadüfi deyil ki, fondun həyata keçirdiyi layihələr əsasən xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqları, ahıl vətəndaşları əhatə edir. Bu məqsədlə fəaliyyət göstərdiyi 20 il ərzində Heydər Əliyev Fondu tərəfindən irsi və qan xəstəliklərinin qarşısının alınması, autizm və daundan əziyyət çəkən uşaqların müalicəsi ilə bağlı müasir tibb mərkəzlərinin yaradılması, uşaq və qocalar evlərinin yenidən qurulması, ilk növbədə, Mehriban Əliyevanın sosial təşəbbüslərinin təcəssümüdür.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi də fəaliyyətinin əsas istiqamətlərini sosial məsələlər əhatə edir. Xatirimizdədir ki, 2017-ci ildə Birinci vitse-prezident kimi fəaliyyətə başladıqdan sonra Mehriban Əliyeva ilk olaraq keçmiş məcburi köçkünlərin yaşayış, mənzil şəraitlərinin yaxşılaşdırılmasına və Aprel döyüşlərində əlil olmuş hərbçilərimizin protezlərlə təmin olunmasına diqqət ayırmışdı. Sonrakı dövrdə koronavirusla mübarizə və Vətən müharibəsində yaralanmış qəhrəman hərbçilərimizin müalicəsi zamanı Azərbaycan ictimaiyyəti bir daha bu sosial məsələlər müstəvisində Mehriban Əliyevanın daşıdığı yüksək milli-mənəvi keyfiyyətlərə şahidlik etdi.

Mehriban xanım Əliyeva həm də Azərbaycan mədəniyyətinin, təhsilinin, səhiyyəsinin böyük himayədarıdır. Ötən 20 ildə Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə məktəbin, uşaq bağçasının, xəstəxananın, mədəniyyət ocağının inşası və ya yenidən qurulması respublikamızda bu sahələrdə həyata keçirilən dövlət siyasətinə dəstək verib.

Heydər Əliyev ideyaları ilə silahlanmış Mehriban xanım Əliyevanın fəaliyyətində diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycanı dünyada tanıtması, həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırması, milli mədəniyyətimizi böyük sevgi ilə təbliğ etməsidir. Bu məsələlərlə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün proqramlar Mehriban xanım Əliyevanın vətən sevgisindən xəbər verir.

Bütün yüksək mənəvi keyfiyyətləri ilə yanaşı, Mehriban xanım Əliyeva həm də dövlətçilik və yüksək mənəvi ideallara bağlı dövlət xadimidir. Təsadüfi deyil ki, hələ 2005-2017-ci illərdə deputat kimi xalqa xidmətin ən gözəl nümunələrini yaradan, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinin sədri kimi ona həvalə olunan vəzifələri layiqincə icra edən Mehriban xanım Əliyeva son 7 ildə vitse-prezidentlik institutunun da dövlət idarəçilik sistemində öz layiqli yerini tutmasını təmin edib.

Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı həyata keçirdiyi çoxsaylı layihələr isə bir daha Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümünə çevrildi. İşğal zamanı ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış bir çox tarixi və dini abidələrimiz, mədəniyyət nümunələrimiz Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa olunur, onlara yenidən həyat verilir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun bərpasının fonunda Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın vətənpərvərliyinə bir daha şahidlik edir.

Prezident İlham Əliyev Heydər Əliyevin ən yaxın siyasi silahdaşı, Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı olduğu kimi, Mehriban xanım Əliyeva da ölkə Prezidentinin ən yaxın və etibarlı siyasi silahdaşıdır. Heydər Əliyev irsinin və ideyalarının layiqli daşıyıcısı olan Mehriban Əliyevanın vətənə xidmət məramı bütün cəhətləri ilə Azərbaycan dövlətçiliyinə və xalqımızın milli maraqlarının təmin olunmasına yönəlib.

 

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın müasir dövlətçilik və müstəqillik salnaməsinin mühüm mərhələsidir, şərəfli tarixidir. Heydər Əliyevin Naxçıvandan başlanan qüdrətli Azərbaycan missiyası hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın tarixinin ən güclü dövlətinə çevrilməsi bu missiyanın möhtəşəm təntənəsidir.

 

Bəxtiyar ƏSGƏROV,

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının

Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video