12 dekabr anım günü kimi yalnız kədər deyil, həm də minnətdarlıq günüdür - çünki bu tarix bizə müstəqil Azərbaycanın hansı fədakarlıq və müdriklik hesabına qurulduğunu xatırladır. Bu tarixdə biz yalnız nüfuzlu bir dövlət xadimini deyil, bütöv bir dövrün formalaşmasına təsir göstərmiş, müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qurmuş Heydər Əliyevi hörmət və ehtiramla xatırlayırıq. Onun fəaliyyəti təkcə bir dövrün deyil, bütövlükdə gələcək nəsillərin taleyini müəyyənləşdirən strateji qərarlarla, uzaqgörənlik və qətiyyətlə xarakterizə olunur.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkənin inkişaf tarixində yeni bir mərhələnin başlanğıcına çevrildi. Həmin ildən etibarən respublikada idarəetmə üslubu, iqtisadi siyasət və sosial sahələrdə yenilənmə prosesləri tamamilə fərqli bir dinamika qazandı. Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın əsas istiqamətlərinin modernləşdirilməsi, sənayenin inkişafı, peşəkar kadrların yetişdirilməsi və Azərbaycanın ittifaq miqyasında nüfuzunun yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı.
Bu dövr bir çox sahədə əsaslı dönüş yaratdı: Bakıda geniş infrastruktur layihələrinin icrası, təhsil şəbəkəsinin genişləndirilməsi, elmi potensialın gücləndirilməsi və milli kadr məktəbinin formalaşdırılması kimi yeniliklər ölkənin gələcək inkişaf xəttinin möhkəm təməlini qurdu. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyinə gətirdiyi nizam-intizam və strateji yanaşma onu ittifaq səviyyəsində də nüfuzlu simaya çevirdi və Azərbaycanın söz sahibinə çevrilməsində mühüm rol oynadı.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb siyasi, sosial və hərbi böhranla üzləşmişdi. AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi daxili çəkişmələrə, xaosa və cəbhədə ağır vəziyyətə səbəb olaraq, ölkəni dağılma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdı və ölkədəki ağır vəziyyəti qısa müddətdə sabitləşdirərək dövlətçiliyin dağılmasının qarşısını aldı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin hər mənada qorunması ilə nəticələndi. Ordunun formalaşdırılması, siyasi institutların qurulması, dövlət təhlükəsizliyi sisteminin möhkəmləndirilməsi, iqtisadiyyatın tamamilə çökməsinin qarşısının alınması - bütün bunlar tarixi xilaskarlıq missiyasının bir hissəsi idi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünün əsas hədəflərindən biri müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və milli ideologiyanın elmi-siyasi əsaslarının müəyyənləşdirilməsi idi. Məhz həmin mərhələdə azərbaycançılıq ideyası sistemli şəkildə formalaşdırılaraq dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrildi. Bu ideya cəmiyyətdə milli birliyi gücləndirdi, müxtəlif sosial təbəqələr arasında həmrəyliyi artırdı və müstəqilliyin qorunmasını ümummilli məqsəd kimi möhkəmləndirdi.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycan dövlət quruculuğunda yeni mərhələ açdı. Hüquqi sistemin modernləşdirilməsi, hakimiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi, insan hüquqlarının müdafiəsi və siyasi institutların müasir tələblərə uyğun qurulması Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri nəticəsində reallaşdı və ölkənin gələcək inkişafı üçün möhkəm hüquqi baza formalaşdırdı.
Heydər Əliyevin diqqət ayırdığı əsas sahələrdən biri də təhsil və mədəniyyət idi. Onun təşəbbüsü ilə ölkədə yüzlərlə məktəb, mədəniyyət ocağı və idman infrastrukturu yeniləndi. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, sağlam düşüncənin təşviqi, dövlətçilik dəyərlərinin təbliği də Ulu Öndərin siyasi kursunun vacib istiqaməti idi. Heydər Əliyev hesab edirdi ki, müstəqilliyin qorunması yalnız güclü dövlət və ordu ilə deyil, həm də sağlam düşüncəli, bilikli və məsuliyyətli gənclərlə mümkündür.
1990-cı illərin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın dövlət maraqlarını qorumaq üçün Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət tariximizdə xüsusi mərhələ kimi qiymətləndirilir. Müstəqilliyini bərpa etmiş, lakin zəif institusional baza, cəbhədə qeyri-sabitlik və daxili ziddiyyətlərlə üzləşmiş bir ölkənin beynəlxalq arenada özünü təsdiqləməsi asan deyildi. Regional və qlobal güclərin maraqlarının kəsişdiyi Qafqazda balans tapmaq həm böyük siyasi təcrübə, həm də strateji düşüncə tələb edirdi. Ulu Öndər Heydər Əliyev məhz bu çətin şəraitdə balanslaşdırılmış və çoxşaxəli xarici siyasət xətti formalaşdıraraq Azərbaycanın təhlükəsizliyini, regional dayanıqlılığını və beynəlxalq legitimliyini təmin etdi.
Bu addımlar ölkəni regional təlatümlərdən uzaqlaşdırdı, Azərbaycanın təcridə düşməsinin qarşısını aldı və böyük dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinin yaranmasına imkan yaratdı. Həm Şərqlə, həm Qərblə, həm də region dövlətləri ilə əməkdaşlıq münasibətlərinin paralel şəkildə qurulması Azərbaycanın müstəqil siyasi kursunu daha da gücləndirdi.
Heydər Əliyevin yaratdığı diplomatik xətt bu gün də Azərbaycan xarici siyasətinin əsas dayaqlarından biri kimi aktuallığını qorumaqdadır. Onun müəyyən etdiyi prinsiplər dövlətin beynəlxalq mövqeyini gücləndirən, milli maraqları təmin edən və çoxşaxəli əməkdaşlıq imkanlarını genişləndirən kompleks yanaşma üzərində qurulmuşdu.
Bu xarici siyasət xəttinin əsas istiqamətlərindən biri suverenliyin və ərazi bütövlüyünün birmənalı şəkildə müdafiəsi idi. Heydər Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunmasını dövlət siyasətinin dəyişməz prioriteti elan etmiş və bu mövqeyi bütün beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etmişdir. O, Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipləri, ərazi bütövlüyümüz və suverenliyimizin qorunması əsasında həllini dəfələrlə gündəmə gətirmiş, bununla bağlı real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün geniş diplomatik fəaliyyət göstərmişdir.
Diplomatik kursun digər mühüm istiqaməti beynəlxalq təşkilatlarla fəal və sistemli əməkdaşlıq idi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarla əlaqələrini genişləndirməklə beynəlxalq hüquqa əsaslanan mövqeyini möhkəmləndirdi. Sözügedən əməkdaşlıq təkcə siyasi dialoqu genişləndirmədi, həm də ölkənin regional problemlərlə bağlı ədalətli mövqeyinin tanıdılmasına mühüm töhfə verdi.
Heydər Əliyevin xarici siyasətinin üçüncü strateji dayağı iqtisadi diplomatiyanın gücləndirilməsi idi. Xüsusilə neft və qaz sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq əməkdaşlıq tarixində yeni mərhələ açdı. Xarici sərmayələrin ölkəyə axını təmin edildi, iqtisadi tərəfdaşlıq əlaqələri genişləndi və bu münasibətlər yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq, siyasi təhlükəsizliyin möhkəmləndirilməsində də mühüm rol oynadı. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın taleyini dəyişən qərarlardan biri oldu. Dünyanın böyük şirkətləri ilə imzalanmış saziş Azərbaycanın dünya enerji xəritəsinə qayıdışını təmin etməklə yanaşı, dövlət büdcəsinə davamlı gəlir mənbəyi yaratdı və ölkənin beynəlxalq nüfuzunu artırdı.
Xarici siyasət kursunun ən mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyində qlobal rolun yüksəldilməsi idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və digər beynəlxalq enerji xətlərinin reallaşdırılması ilə Azərbaycan qlobal enerji təhlükəsizliyinin vacib iştirakçısına çevrildi. Bu layihələr ölkəni etibarlı enerji tərəfdaşı kimi tanıtdı və Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəltdi. Nəticə etibarilə, Azərbaycan mühüm tranzit mərkəzinə çevrilərək bölgədə sabitlik və əməkdaşlığın formalaşmasına töhfə verdi. Bu istiqamətlər sonrakı dövrdə də Azərbaycanın xarici siyasət kursunun təməl prinsipinə çevrilərək ölkənin beynəlxalq mövqeyini möhkəmləndirməyə davam etdi.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda və yeni çağırışlara uyğun şəkildə davam etdirildi. İqtisadiyyatın çoxşaxəli inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi və ölkənin makroiqtisadi sabitliyinin təmin olunması uzunmüddətli strategiyanın müasir tələblər çərçivəsində davam etdirilməsinə imkan verdi.
Azərbaycanın hərbi gücünün artırılması, müasir ordu quruculuğu, müdafiə sənayesinin yaradılması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi də Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində formalaşdı. Nəticə etibarilə ölkənin müdafiə qabiliyyəti xeyli gücləndirildi və bu da 2020-ci ildə Azərbaycanın tarixi Zəfəri üçün strateji baza yaratdı. Qarabağın işğaldan azad olunması yalnız Azərbaycanın hərbi qüdrətinin deyil, uzun illər ərzində həyata keçirilən uğurlu və ardıcıl daxili və xarici siyasət kursunun məntiqi nəticəsində mümkün oldu.
Ulu Öndərin irsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla təbliğ edilir. Heydər Əliyevin dövlətçiliyimizin qorunub inkişaf etdirilməsi, ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə həyata keçirdiyi siyasətin öyrənilməsi məqsədilə fond tərəfindən mühüm layihələr gerçəkləşdirilir. Bu isə öz növbəsində Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, enerji və nəqliyyat layihələrində aparıcı mövqeyi, təhlükəsizliyə töhfələri və regional əməkdaşlıq formatlarında fəal iştirakı Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin, tarixi əhəmiyyətli irsinin yaşayaraq inkişaf etdiyini təsdiqləyir. Dövlətçilik ənənələrinə əsaslanan bu siyasət həm ölkənin təhlükəsizliyinin təminatında, həm də regional sabitlik və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi bu gün də yaşayır və ölkənin inkişaf yolunu müəyyən edir. Ulu Öndərin fəaliyyəti tarix dərsi olmaqla yanaşı, həm də gələcəyə gedən yol üçün strateji istiqamətdir. Ümummilli Liderin adı Azərbaycan dövlətçiliyinin tarixində əbədi olaraq yol göstərən bir zirvə kimi qalır.
Zaur ŞÜKÜROV,
Milli Məclisin deputatı