02 Aprel 2026 09:05
147
İQTİSADİYYAT
A- A+
Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur


Ölkəmizdə su təchizatı ilə bağlı irili-xırdalı çox sayda layihələr həyata keçirilir. Əgər dövlət vaxtında bu istiqamətdə lazımi addımlar atmasaydı, bu gün Azərbaycanda su təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanardı.

Buna baxmayaraq, məsələ yenə gündəmdədir. Məqsəd əhalini, kənd təsərrüfatını, sənayeni dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, mövsüm gələndə suları yığmaqdır ki, sonra ilboyunca onlardan səmərəli istifadə olunsun. Bunların hamısı şimal bölgəsinə də birbaşa aiddir. Qusar rayonunda həmin istiqamətdə ciddi işlər görülür və onlardan biri rayonun  ərazisində yerləşən Bənövşə gölü su anbarının yenidən qurulması  və bərpası layihəsidir.

Hazırda Bənövşə gölü su anbarının yenidən qurulması  və bərpası ilə əlaqədar görülən işlər bir qədər də sürətlənib. Rayon əhalisinin su təchizatının yaxşılaşmasına xidmət edən bu yenidənqurma işlərinə ötən ilin sonlarında başlanıb. Qeyd edək ki, Qusar şəhərində "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi" 2016-cı ildə başa çatdı. Amma istifadəsiz qalaraq qurumuş Bənövşə gölü su anbarının bərpası qalırdı. Bu məqsədlə  Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dövlət büdcəsindən ilkin olaraq 1 milyon manat vəsait ayrıldı. Layihə üzrə podratçı təşkilatın müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq tender proseduru həyata keçirildi. Müvafiq tender prosesindən sonra seçilmiş podratçı təşkilat tərəfindən su anbarının bərpası işlərinə başlanıldı.

Bu günlər rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov görüləcək işlərlə tanış olmaq üçün podratçı təşkilatın nümayəndələri ilə görüşüb. Görüşdə vurğulanıb ki, Bənövşə gölü su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində ümumilikdə 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur.

Layihənin birinci mərhələsi çərçivəsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi nəzərdə tutulur. Artıq müəyyən təmizləmə işləri görülüb. Növbəti mərhələlərdə içməli su təminatında ciddi problemlər yaşayan Köhnə Xudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin bu anbara qoşulması planlaşdırılıb. Yağış və qar sularının buraya toplanması nəticəsində rayon ərazisində su qıtlığına son qoyulacaq. 

Xatırladaq ki, bu il yanvarın 12-də Prezident İlham Əliyev "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunan müşavirə keçirmişdir. Həmin müşavirədə dövlətimizin başçısı deyib: "İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir". Görülən işlər əyani  şəkildə göstərir ki, Qusar da bu prosesdən kənarda qalmayıb.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!