02 Aprel 2026 08:15
133
İQTİSADİYYAT
A- A+
Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək


Azərbaycan və Misir Ərəb Respublikası arasında iqtisadi əlaqələr bir sıra sahələri əhatə edir. Əməkdaşlıq ticarət, investisiya, turizm, sənaye və digər sahələrə aid olsa da, bu sırada neft-qaz sektoru ön yeri tutur. Belə ki, Azərbaycan və Misir şirkətləri bir-birinin enerji layihələrində iştirak etməkdə maraqlıdırlar.

Elə bu günlərdə Qahirədə "Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi" şüarı altında keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi də həmin əməkdaşlığın bir nümayişi və davamı üçün körpü rolunu oynayıb.

Tədbir çərçivəsində "SOCAR Trading" şirkəti ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Qeyd olunub ki, SOCAR artıq 15 ildir Misirlə əməkdaşlıq edir və bu çərçivə sazişi əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq. Müxtəlif sahələrdə investisiya və ticarət imkanları artacaq. Bu sənəd SOCAR-ın neft və qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracaq. Həmçinin Misirin böyük və perspektivli bazar olduğu deyilib. Odur ki, SOCAR-ın burada fəaliyyət göstərməsi təqdirəlayiqdir. Şirkətin təkcə xam neft tədarükü ilə kifayətlənməməsi, Misirdə həm də kəşfiyyat və hasilat sahələrində aktiv iştirak etməsi arzu olunur. Hər iki tərəf  neft-qaz sektorunda bu əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır.

SOCAR ilə Misirin Dövlət Neft Korporasiyası arasında imzalanmış çərçivə sazişi mayeləşdirilmiş təbii qaz, xam neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və təhsil proqramlarını əhatə edir.

Onu da əlavə edək ki, artıq 9 aydır "SOCAR Trading" Misirə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü həyata keçirir. İki il yarım müddəti əhatə edən saziş SOCAR-la EGPC arasında enerji əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Bu da SOCAR-ın Misir tərəfi ilə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi planlarının daha bir təsdiqidir. Həmin istiqamətdə Misirdə neftin emalı, eləcə də "Azeri Light" markalı xam neftin Misirə ixracı imkanları nəzərdən keçirilir. Tərəflər imzalanmış çərçivə sazişi vasitəsilə əməkdaşlığın daha operativ şəkildə inkişafını düşünürlər.

Beləliklə, SOCAR-ın Misirlə əməkdaşlığı yeni mərhələyə daxil olur. 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində imzalanmış sənədin məhz buna təkan verdiyi qeyd edilib. Həmçinin Misirin Təbii Qaz Holdinqi və digər qurumlarla əlaqələrin genişləndiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan qazı hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 ölkəsinə ixrac olunur. Yaxın Şərq və Aralıq dənizi regionu da diqqət mərkəzindədir və artıq bir ilə yaxındır ki, Suriyaya da ölkəmizdən qaz tədarük edilir. SOCAR Yaxın Şərqdə həm hasilat, həm də nəql və satış sahələrində fəaliyyətini genişləndirməyi planlaşdırır. Eyni zamanda "Cənub qaz dəhlizi"nin buraxılış gücünün artırılması, hətta iki dəfə genişləndirilməsi imkanları nəzərdən keçirilir. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarından gözlənilən həcmlər bu barədə inamla düşünməyə imkan verir. Məsələn, "Total Energies" və tərəfdaşlarla birgə həyata keçirilən "Abşeron" yatağının işlənməsi layihəsi 2029-cu ildə böyük həcmdə qaz və kondensat hasilatını təmin edəcək. Ümumilikdə əlavə olaraq ən azı 15 milyard kubmetr qaz tədarükü imkanının yaranacağı gözlənilir.

Qeyd edək ki, 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, eləcə də innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin nümayəndələri iştirak ediblər. Azərbaycan tədbirdə SOCAR-ın nümayəndə heyəti tərəfindən təmsil olunub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!