02 Aprel 2026 08:35
134
SİYASƏT
A- A+
Humanizm dəyərlərinə bağlılığın nümunəsi

Humanizm dəyərlərinə bağlılığın nümunəsi


Azərbaycan hər zaman yardıma ehtiyac duyan, çətin duruma düşən ölkələrin yanında olub. Bunu İranda baş verən son hadisələr fonunda da görə bilərik.  Azərbaycan qonşu dövlətə humanitar yardım göndərən ilk ölkə oldu. Bu, bir daha göstərdi ki, Azərbaycan  mehriban qonşuluq münasibətlərinə xüsusi önəm verir, dar gündə olana yardım əlini uzadır, humanizm prinsiplərini üstün tutur. 

Ölkəmizdən İrana ilk humanitar yardım martın 10-da yola salınıb. 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar İrana göndərilib. İkinci belə yük isə martın 18-də yola salınıb. Ümumi həcmi 82 ton olan humanitar yardım müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlardan ibarət olub. Yardımın Novruz bayramı ərəfəsində göndərildiyi nəzərə alınaraq, yük avtomobillərinə bayram sovqatı da əlavə olunub.

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu göstərilən yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib və qeyd edib ki, ilk humanitar yardımın Azərbaycandan göndərilməsi xoş haldır və yüksək qiymətləndirilir. "Bu, bizim müştərək mədəniyyətimizdən irəli gəlir ki, çətin günlərdə bir-birimizə kömək göstəririk. Novruz bayramı ərəfəsində bu müsbət addım və xoş niyyət İran tərəfindən çox yüksək qiymətləndirilir. Ümid edirik ki, gələn bayramları birlikdə qeyd edəcəyik", - deyə səfir əlavə edib.

M.Dəmirçilu bəzi ölkələrin də Azərbaycan ərazisindən istifadə edərək İrana humanitar yardım etmək üçün müraciət etdiklərini deyib. Bu, həmçinin göstərir ki, Azərbaycan özü ilk yardım göstərməklə yanaşı, qonşu ölkəyə kömək əli uzadanlar üçün də qapılarını açır. 

İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi də humanitar yardımlara və göstərilən dəstəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib. "Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir", - deyə o, paylaşımında qeyd edib.

Təbii ki, ölkəmizin humanizm siyasəti bununla məhdudlaşmır. ABŞ-İran-İsrail arasında münaqişə başlayandan İran ərazisində olan digər ölkə vətəndaşları Azərbaycan sərhədindən təhlükəsiz şəraitdə keçərək öz vətənlərinə qayıdıblar. Bu günədək 3146 nəfərdən çox şəxs bu ölkədən təxliyə olunub. Onlar arasında Avropa, Asiya, Yaxın Şərq və digər ölkələrin vətəndaşları olub. Bununla yanaşı, bəzi ölkələrin Tehrandakı səfirlikləri vəziyyətlə əlaqədar öz fəaliyyətlərini Azərbaycandan davam etdirmək üçün müraciət etmişdilər ki, ölkəmiz onlardan da öz dəstəyini əsirgəməyib.

Azərbaycanın humanizm siyasəti beynəlxalq əməkdaşlığı, hüquq prinsiplərini əsas tutmaqla sərhədləri aşır, dünyanın müxtəlif bölgələrində təbii fəlakət, müharibə, pandemiyadan əziyyət çəkən bir çox ölkəyə gedib çatır. Ölkəmizin humanitar addımlarına dair onlarca nümunə göstərmək mümkündür. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələlər zamanı ilk yardıma yetişən dost ölkə Azərbaycan olmuşdu. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib. Bundan başqa, dünyada tüğyan edən COVID-19 pandemiyası zamanı da "vaksin millətçiliyi"nə yox deyən Prezident İlham Əliyevin tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə, həmçinin ikitərəfli əlaqələr çərçivəsində 30-dan çox ölkəyə humanitar yardım göndərilmişdi. Eyni zamanda müxtəlif ölkələrdə baş verən təbii fəlakətlər zamanı da Azərbaycan humanitar yük göndərib, kömək əlini uzadan, yardım təklif edən ilk dövlətlərdən olub. Bunlar sadaladığımız, sadəcə, bir neçə faktdır. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq həmrəylik çərçivəsində yürütdüyü siyasətin tərkib hissəsidir. 

Azərbaycan xalqı humanizm dəyərlərinə hər zaman bağlı olub. Əsrlərdir milli dəyərlər sistemində formalaşan və genetik olaraq nəsillərdən-nəsillərə ötürülən bu xeyirxahlıq və insanpərvərlik dəyərləri bu günümüzdə də real əməllərdə özünü təcəssüm etdirir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!