02 Aprel 2026 09:00
153
İQTİSADİYYAT
A- A+
Yaz yağışları taxıl əkinlərinin muradını verdi

Yaz yağışları taxıl əkinlərinin muradını verdi


Novruz bayramı günlərində yağan intensiv yağışlar paytaxt Bakıda, digər şəhər və rayonlarda müəyyən problemlər yaratsa da, ondan bəhrələnənlər, ona sevinənlər də oldu. Bunlar əkinçiliklə məşğul olan kənd əhalisi, fermerlərdir. 

Taxıl əkinləri, örüş və otlaqlar doyunca su içdi. Bu isə bol məhsul, ruzi-bərəkət üçün başlıca şərtdir. İndi hansı fermeri dindirsən, üzü gülür: "Yağan yağışlar biz əkinçilərə Allahın mərhəməti, hədiyyəsi idi" deyirlər. Bu günlər hansı tərəfə baxsan, hər yer yaşıllığa bürünüb. Havalar qızdıqca bütün bitkilər, o cümlədən elin əvəzsiz neməti olan taxıl sahələri gündən-günə boy atır. 

Cəlilabad taxılçılıq rayonudur. Ən çətin dönəmlərdə buranın sarı buğdası cənub bölgəsi əhalisinin dadına çatıb, adamları aclıqdan xilas edib. Rayonda taxılçılığa həmişə böyük diqqət və qayğı olub. Elə bunun sayəsində də zəhmətkeş Cəlilabad əhalisi yüksək məhsul yetişdirərək yaxşı qazanc əldə edib. O dövrün nailiyyətləri bu gün də yaşayır. Rayonun taxılçıları 2024-cü ilin payızında əkdikləri və məsuliyyətlə yetişdirdikləri buğda zəmilərinin hər hektarından keçən il 35,6 sentner buğda, 31,5 sentner arpa biçmişlər. 

Cəlilabad taxılçıları üçün bu mövsümün daha uğulu olacağı gözlənilir. Keçən ilin payızında əkdikləri 50 min 372 hektar buğda və 16 min 90 hektar arpa sahələrində nümunəvi çıxış alınıb. Payızda yağan yağışlar, fevral ayında düşən qar əkinlərin muradını verib. Təbiətin mərhəmətinə arxayın olmayan fermerlər 22 min 326 hektar sahədə bitkilərə yemləmə gübrəsi verib, siçanabənzər gəmiricilərə qarşı 5 min 488 hektarda mübarizə tədbirləri həyata keçirib və 3 min 560 hektarda taxılın inkişafına mane olan yabani bitkiləri dərmanlama yolu ilə məhv ediblər. Fermerlər gündəlik olaraq sahələrə baş çəkir, lazımi aqrotexniki tədbirləri həyata keçirirlər. Yeri gəlmişkən qeyd edək ki, rayonda taxıl əkinlərinin 95 faizi dəmyə şəraitdə becərilir. Yağan yağışların həmin sahələr və sahibkarlar üçün nə demək olduğu təsəvvürəgəlməzdir. 

Biləsuvar Cəlilabad rayonu ilə qonşudur. Burada da torpağa bağlı adamlar çoxdur. 86 yaşlı fermer Lətif Cəfərov iki il əvvəl haqq dünyasına qovuşdu. O, Sosialist Əməyi qəhrəmanları Qızqayıt Həsənova, Ərəstun Məmmədov və digər əmək qabaqcıllarının estafetini davam etdirmişdir. Bu estafeti Birinci dərəcəli Əmək ordeni ilə təltif edilmiş Fazil Musayev, həmin ordenin üçüncü dərəcəsini almış Ramiz Əliyev, Rüstəm Əzizov və başqaları qəbul etmişlər. Onlar kənd təsərrüfatının başqa sahələri kimi, taxılçılıqda da yüksək uğurlar əldə edirlər - hər hektardan Muğan şəraitində 45 - 50 sentner buğda götürürlər. 

Cari ilin məhsulu üçün keçən ilin payızında Biləsuvar üzrə 34 min 495 hektarda səpin aparılıb. Bunun 6 min 875 hektarı buğda, 27 min 620 hektarı arpadır. Həmin əkinlərin 6 min 661 hektarı dəmyədir. Sahələrin 11 min 593 hektarı səp-suvar üsulu ilə əkilib. 3 min 790 hektar taxıl sahəsi 1-ci və 2-ci dəfə suvarılıb. 3 min 382 ton yemləmə gübrəsindən (azot və karbamid) istifadə edilib. 

Salyanlı fermerlər taxıla çörək deyə yüksək qiymət verməklə yanaşı, onu başqa kənd təsərrüfatı bitkiləri üçün sələf hesab edirlər. Onlar növbəli əkin üsulunu tətbiq etməklə əkdikləri sahələrdən daha çox məhsul götürməyə nail olur, o cümlədən aqrotexniki tədbirlərə ciddi əməl edərkən əkinlərin vaxtında və keyfiyyətlə suvarılmasını diqqətdə saxlayırlar. Suyun az olduğu, hər kəsin öz sahəsini vaxtında suvarmaq istədiyi indiki günlərdə - mart ayının üçüncü ongünlüyündə yağan yağışlar salyanlı fermerlərin də üzünü güldürdü. Taxıl əkənlər, xüsusilə dəmyə əkin sahibləri hədsiz dərəcədə sevindilər. Onların bəziləri bunun üçün ulu Tanrıya əl açaraq qurban da demişlər. 

Salyanlı fermerlər bu ilin məhsulu üçün keçən ilin payızında 4 min 635 hektara buğda, 8 min 652 hektara arpa toxumu səpiblər. Onların bir çoxu əkin zamanı torpağa toxumla birlikdə məhsuldarlığa çox yaxşı təsiri olan ammofos gübrəsi veriblər. Eyni zamanda yüksəkreproduksiyalı toxumdan istifadə etmək də yaddan çıxmayıb. Artıq bunlar arxada qalıb. İndi sahələr yamyaşıl xalıya bənzəyir. Havalar qızdıqca bitkilər  boy atır. Fermerlər aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirirlər. 10 min hektara yaxın sahəyə yemləmə gübrəsi verilib. Taxıl sahələrində bitən müxtəlif yabanı bitkilərə qarşı yaxın zamanda herbisid səpiləcəkdir. 

Neftçalada da taxıl əkinlərinin çoxunu arpa təşkil edir və 28 min 557 hektar arpa sahəsinin 12 min 731 hektarı dəmyə şəraitində yetişdirilir. Buna görə də Novruz bayramı günlərində yağan yağışlar fermerlərin ürəyincə olub. Deməli, yaxşı məhsulun əsası var. Əkinçilər deyirlər ki, aprel ayında da belə bir yağış yağsa, dəmyə sahələrin hər hektarından orta hesabla ən azı 30 sentner məhsul götürəcəklər. 

Neftçalada arpadan başqa, 5 min 100 hektarda buğda əkilib. İndiyədək 15 min 330 hektarda 1-ci vegetasiya suvarması aparılıb, 22 min hektara isə yemləmə gübrəsi verilib. Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən əkinlərin vəziyyəti ilə bağlı müşahidələr aparılır. Bu yaxınlarda alaq otlarına qarşı herbisidlər vasitəsilə mübarizə tədbirinə başlanılacaq. 

Yaz yağışı taxılçıların, heyvandar fermerlərin könlünü açsa da, onlar görüləsi işləri bir an belə nəzarətsiz buraxmırlar. Yaxşı bilirlər ki, Allahın mərhəməti öz yerində, özləri də lazım olan işləri vaxtında keyfiyyətlə görməlidirlər ki, bol məhsul əldə etsinlər. 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!