Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 5 149 giqavata yüksəlib.
AZƏRTAC Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) yeni hesabatına istinadla xəbər verir ki, geosiyasi gərginliklər və xüsusilə Yaxın Şərqdəki münaqişələr enerji təhlükəsizliyi məsələsini yenidən qlobal gündəmin əsas mövzularından birinə çevirib.
Hesabatda qeyd olunur ki, qazıntı yanacaq qiymətlərindəki dəyişkənlik fonunda bərpaolunan enerji mənbələri daha dayanıqlı enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bərpaolunan enerji mənbələri sürətli tətbiq imkanı, yerli resurslara əsaslanması və aşağı maya dəyəri ilə ölkələrin beynəlxalq yanacaq bazarlarından asılılığını azaltmağa kömək edir.
Hesabata görə, ötən il bərpaolunan enerji gücündəki artımda Günəş enerjisi əsas rol oynayıb. Belə ki, Günəş enerjisi 511 giqavat artaraq ümumi artımın 73,8 faizini təşkil edib. Külək enerjisi isə 159 giqavatlıq artımla ikinci yerdə qərarlaşıb. Nəticədə, bu iki mənbə ümumi artımın 96,8 faizini təşkil edib.
Biokütlə enerjisi isə illik 2,3 faiz artımla üçüncü sırada yer alaraq ümumi artıma 3,4 giqavat töhfə verib.

Regionlar üzrə isə artım qeyri-bərabər paylanıb. Asiya ölkələri bərpaolunan enerji mənbələrinin gücünü 513,3 giqavat artıraraq ümumi artımın 74,2 faizini təmin edib və liderliyini qoruyub. Afrika qitəsində artım 11,3 giqavat olub - bu artımda Efiopiya, Cənubi Afrika Respublikası və Misir əsas rol oynayıb. Orta Şərqdə isə bərpaolunan enerji mənbələrinin gücü 28,9 faiz artıb və bu artımda Səudiyyə Ərəbistanı ön plana çıxıb.
Ümumi quraşdırılmış gücə görə, Asiya 2 891 giqavatla birinci, Avropa isə 934 giqavatla ikinci yerdə qərarlaşıb. Mərkəzi Amerika və Karib hövzəsi isə 21 giqavatla ən aşağı göstəriciyə malik region olub.
Hesabatda vurğulanır ki, regionlar arasında mövcud olan bu fərqlər enerji təhlükəsizliyi baxımından risklər yaradır və bərpaolunan enerji payının artırılmasının vacibliyini göstərir.
IRENA-nın baş direktoru Francesco La Camera bildirib ki, qeyri-müəyyən dövrdə bərpaolunan enerji sektorunun artımı davam edir və bu, onun dayanıqlılığını bir daha sübut edir. Onun sözlərinə görə, bərpaolunan enerjinin payının yüksək olduğu və daha az mərkəzləşdirilmiş enerji sistemləri struktur baxımından daha dayanıqlıdır.
Baş direktor əlavə edib ki, enerji keçidinə investisiya yatıran ölkələr enerji təhlükəsizliyi, dayanıqlılıq və rəqabət qabiliyyətini artıraraq mövcud böhranlardan daha az iqtisadi zərər görürlər.