Dünya sürətlə dəyişir və bunun mərkəzində enerji dayanır. Ənənəvi enerji mənbələrinin yaratdığı ekoloji problemlər ölkələri yeni həll yolları axtarmağa vadar edir. Bu da o deməkdir ki, "yaşıl enerji" artıq, sadəcə, alternativ deyil, zərurətə çevrilib. Azərbaycan bərpolunan enerji sahəsində fəal mövqe nümayiş etdirərək, son bir neçə ildə diqqətəlayiq uğurlara imza atıb.
Ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar və qəbul edilən strateji qərarlar bu sahənin sürətlə genişləndiyini göstərir. Günəş və külək enerjisi üzrə reallaşdırılan iri layihələr Azərbaycanın enerji balansında "yaşıl enerji"nin payını artırmağa xidmət edir. Mütəxəssislərin fikrincə, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi və davamlı inkişafı son illər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Həyata keçirilən ardıcıl tədbirlər ölkənin enerji infrastrukturunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu kontekstdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseynin fikirləri maraqlıdır. O, Bakı Dövlət Universitetində "Yaşıl enerji dəhlizləri; Azərbaycanın strateji baxışı" mövzusunda çıxış edərkən bildirib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də respublikamızın "yaşıl artım" ölkəsinə çevrilməsi və bu çərçivədə "yaşıl enerji"yə keçidin dəstəklənməsi, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması məsələləri əksini tapıb. Ölkədə 2030-cu ilə qədər 6 GW, 2032-ci ilə qədər isə 8 GW gücündə "yaşıl enerji" gücünün yaradılması hədəflənir. İqtisadçı alim onu da əlavə edib ki, Azərbaycanda istehsal olunacaq "yaşıl enerji"nin "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", "Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa" enerji dəhlizləri vasitəsilə ixrac edilməsi istiqamətində iş aparılır. Ramil Hüseynin vurğuladığı hədəflər göstərir ki, Azərbaycanın enerji strategiyası yalnız daxili tələbatı qarşılamaqla kifayətlənmir. O, həm də regionda enerji ixracı potensialının artırılmasını nəzərdə tutur. Bu yanaşma bərpaolunan enerji sektorunun inkişafını sürətləndirir və iqtisadi artımı dəstəkləyir.
Qeyd edək ki, 2030-cu ilin hədəflərinə doğru irəliləyərkən 2025-ci il Azərbaycanın enerji sektoru üçün yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Qlobal enerji bazarlarında ölkə enerji siyasətində bərpaolunan mənbələrə keçidi sürətləndirdi, bu istiqamətdə bir çox təşəbbüs irəli sürüldü və bərpaolunan enerji sahəsində əhəmiyyətli irəliləyişlər qeydə alındı. Fakt: Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda ümumi quraşdırılmış bərpaolunan enerji gücü artıq təxminən 1829,6 MVt-a çatıb. Bunun 1443,5 MVt-ı su- elektrik stansiyaları, 278,2 MVt-ı günəş, 63,5 MVt-ı külək, 37 MVt-ı bioenerji, 7,3 MVt-ı isə hibrid stansiyalardan ibarətdir. Bu mənbələr ümumi enerji gücünün təxminən 18,8 faizini təşkil edir.
Ən böyük "yaşıl enerji" layihələrindən olan 230-MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası (GES) 2023-cü ildə istifadəyə verilib. Stansiya BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində və 262 milyon dollar dəyərində xarici investisiya hesabına tikilib. Burada hər il təxminən 500 milyon kVt/s elektrik enerjisi istehsal olunur ki, bu da 110 milyon kubmetr təbii qazın qənaətinə və 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısının alınmasına imkan verir. Hazırda "Masdar" tərəfindən 445-MVt gücündə GES Biləsuvarda, 315-MVt gücündə GES isə Neftçala rayonunda tikilir. "Biləsuvar" GES-də ilk günəş paneli 2025-ci il oktyabrın 2-də quraşdırılıb.
Qeyd edək ki, bu il yanvarın 8-də Gülüstan sarayında Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi keçirilib. Stansiya il ərzində küləkli hava şəraitinin optimal göstəriciləri olduğu halda 1 milyard kilovat/saat həcmində elektrik enerjisi istehsal etmək qabiliyyətinə malikdir. Bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunması və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısının alınması gözlənilir. Layihənin icrasına təqribən 340 milyon dollar xarici investisiya yönəldilib. Stansiyanın tikintisi üçün "ACWA Power" şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı 197,1 milyon dollar, OPEC Fondu isə 50 milyon dollar kredit ayırıb.
Azad edilmiş ərazilərin "yaşıl enerji zonası" kimi inkişafı ötən ildə diqqət mərkəzində oldu. Bu mənada regionda həyata keçirilən konkret layihələr diqqət çəkir. Onlardan biri Cəbrayıl rayonunda inşa olunan 240-MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasıdır. Layihə BP şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. "Virtual enerji ötürülməsi" modeli sayəsində stansiyada istehsal olunan enerji Cəbrayılda "Azərenerji" ASC-yə yönləndirilir, oradan isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bu yanaşma terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azalmasına imkan verir. Layihənin illik istehsalı təxminən 500 milyon kVt/s elektrik enerjisi təşkil edəcək ki, bu da 120-150 milyon kubmetr təbii qazın qənaətinə səbəb olacaq.
Təbii ki, inkişaf təkcə enerji istehsalını artırmır, həm də ekoloji tarazlığı qoruyur, təbii resurslardan səmərəli istifadəyə və karbon emissiyasının azalmasına şərait yaradır. Bütün bu sadalananlar əsas verir deyək ki, qarşıdakı illərdə bərpaolunan enerji layihələrinin genişlənməsi ilə Azərbaycan regional enerji oyunçusu kimi mövqeyini daha çox möhkəmləndirəcək və "yaşıl enerji" istiqamətində strateji hədəflərinə yaxınlaşacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"