24 Iyul 2024 09:45
98
DÜNYA
A- A+

Fransadan daha bir rəzillik

 

Ölkənin Olimpiya yığmasındakı hicablı idmançıların yarışlarda iştirak etmələrinə qadağa qoyulub

 

 

"Hamı  üçün açıq Oyunlar" - bu, Paris Yay Olimpiya Oyunlarının devizidir.

Amma nədənsə, bu prinsip hələ oyunlar başlamazdan əvvəl dəfələrlə pozulub.  Burada söhbət təkcə siyasi səbəblərə görə oyunlarda iştiraka icazə verilməyən rusiyalı idmançılardan getmir. Son məlumata görə, Fransa öz idmançılarına hicabla iştirakı rəsmən qadağan edib. Elə isə bu ölkə insan hüquqlarından niyə danışır?

Fransada son illər müsəlman diasporu ilə hökumət arasında münasibətlər kifayət qədər gərginləşib. Hakimiyyət islam dininin bütün inanclılarına qarşı qərəzli mövqe tutur. Bu, keçmiş koloniyalardan olan insanların və ya müsəlman miqrantların yaşadığı ölkədə baş verir.

Xristianların xaç taxması ilə bağlı heç bir xüsusi problem olmadığı halda, hicablı müsəlman qadınların peşəkar idmanla məşğul olması sadəcə qadağan edilib.

Əksər beynəlxalq idman təşkilatlarında belə qaydalar yoxdur. 2014-cü ildən FİFA qadın futbolçuların hicablı oynamasına icazə verib. FIBA isə 2017-ci ildə qadın basketbolçular üçün oxşar qərar qəbul edib.

Fransada geyimə qadağa qoyulmasının səbəbi dinlə bağlıdır. Təəssüf ki, bir çox gənc müsəlman qadın bundan əziyyət çəkir. 26 yaşlı basketbolçu Salimata Silla deyir: "Bizi rədd edən bir ölkədə doğulduğumuzu görmək çox üzücü və alçaldıcıdır. Hakimiyyət həmişə bizim çıxış etməyimizə qarşı olub".

Olimpiadanın başlanmasına bir il qalmış Fransa yığmasının nümayəndələri öz idmançılarına hicab taxmağın qadağan olunduğunu bildirmişdilər. İdman naziri Ameli Udea-Kastera isə deyib ki, ölkə mütərəqqi dünyəviliyə can atdığı üçün oyunlar zamanı "sərt sekulyarizm" dəstəklənəcək. Bu, dərhal qəzəb fırtınasına səbəb olub: hüquq müdafiəçiləri BOK-a məktub yazaraq etiraz aksiyaları təşkil ediblər. Fransa hakimiyyəti hətta BMT-də də tənqid olundu.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının katibi Maria Hurtado bununla əlaqədar bildirib: "Heç kim qadına nə geyinməli, yaxud geyinməməli barədə tapşırıq verməməlidir. Ümumiyyətlə, Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitə hesab edir ki, konvensiyaya üzv olan istənilən dövlət, o cümlədən Fransa,  cinslərin aşağılığı və ya üstünlüyü fikrinə əsaslanan hər hansı sosial və ya mədəni nümunələri dəyişdirmək üçün bütün lazımi tədbirləri görməyə borcludur".

İş o yerə çatıb ki, Fransa hakimiyyəti özünə bəraət qazandırmaq üçün bəhanələr gətirməli olub. İdman naziri Ameli Udea-Kastera bildirib ki, qərar baş nazirlə birlikdə verilib və qadağa heç kimin hüquqlarını əlindən almaq məqsədi daşımır. Onun sözlərinə görə, fransızlar sadəcə olaraq neytrallığı və dünyəviliyi qorumağa çalışırlar.

Olimpiada ərəfəsində qadağa məsələsi yenidən müzakirə mövzusuna çevrilib. "Amnesty International" insan haqları təşkilatı bu məsələ ilə bağlı sərt bəyanatla çıxış edib: "Hicabı geyən fransız idmançıların Olimpiya Oyunlarından kənarlaşdırılması beynəlxalq insan hüquqları qaydalarının pozulması deməkdir və Beynəlxalq Olimpiya Komitəsinin ayrı-seçkilik xarakterli ikiüzlülüyünü ifşa edir. Fransalı qadın idmançıların Olimpiya və Paralimpiya Oyunlarında idman hicabında yarışmasının qadağan edilməsi "Paris 2024"ün gender bərabərliyi ilə keçirilən ilk Olimpiya Oyunları olması iddiasına istehzadır. Bu, Fransada idmana əlçatanlığın əsasını təşkil edən irqçi gender ayrı-seçkiliyini ifşa edir".

Əgər idmançılar qeyri-idman səbəblərinə görə turnirdə iştirak edə bilmirlərsə, bərabərlikdən, "Hamı üçün açıq Oyunlar"dan necə danışmaq olar? Digər ölkələrin müsəlman qadınları hicabda yarışacaqları halda, İslamı qəbul edən və başlarını örtən fransız qadın idmançılar Olimpiadanı evdən izləməli olacaqlar. Dini etiqad hüququ insanın yaşamaq hüququ kimi tam haqqıdır.

Amma deyəsən, Fransada bunu unudublar.

Bu ölkədə insanların başqa hüquqları da pozulur. Bu arada Fransanın daxili işlər naziri Cerald Darmanen "Le Journal du Dimanche" nəşrinə müsahibəsində deyib ki, yüzə yaxın insana casusluq təhlükəsi və kiberhücumlar səbəbindən Olimpiya Oyunlarına akkreditasiyadan imtina edilib. Söhbət Rusiya, Belarus və digər ölkələrdən gələn müraciətlərdən gedir.

Nazir deyib ki, həmin adamlar müxtəlif "pərdələr" altında -  jurnalist, texniki işçi, fizioterapiya mütəxəssisi və s. kimi akkreditasiya olunmağa cəhdlər ediblər.

Darmanenin fikrincə, bu şəxslərin məqsədi ehtimal ki, terror aktları törətmək deyil, kəşfiyyat və ənənəvi casusluqdan əlavə, kiberhücum həyata keçirmək üçün kompüter şəbəkələrinə çıxış əldə etməkdir.

Ümumilikdə, indiyədək 4355 nəfər Olimpiadaya akkreditasiyadan keçmək imkanından məhrum edilib.

 

Rizvan CƏFƏROV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video