Bu gün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Ona görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi öhdəliyinə əməl etməsinin nəticəsidir.
Azərbaycan öz iqlim siyasətini təkmilləşdirmək və COP29-a evsahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır, ekoloji dayanıqlığı artırmaq məqsədilə bu yönümdə tədbirləri sürətlə reallaşdırır. Bu tədbirlərə günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların və şəhər planlamasında "yaşıl standartlar"ın tətbiqi daxildir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi fakt kimi dünyaya nümayiş olunur. Kütləvi informasiya vasitələrində davamlı olaraq maarifləndirmə işi aparılır, icimaiyyət COP29-la bağlı məlumatlandırılır. Və bütün tədbirlər həyata keçirilərkən müasir texnologiya və innovasiyalara xüsusi önəm verilir. Xüsusilə də dövlət tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır.
Gizli deyil ki, hazırda iqlim dəyişikliyi nəticəsində dünyanın hər yerində fəlakətlər baş verir. Faciələr günbəgün artır və böhran dərinləşir. Bunların qarşısını almağın yolları hər il keçirilən COP tədbirlərində müzakirə olunur. Noyabrda Bakıda baş tutacaq növbəti konfrans bu baxımdan növbəti şansdır. Qeyd edək ki, Azərbaycan hazırlıqlar dövründə ötənilki COP28 və gələnilki COP30 arasında körpü rolunda çıxış edərək üçlük yaratmağa nail olub və iqlim dəyişikliyi üzrə fəaliyyət planı tərtib edib. Prezident İlham Əliyev iyulun 20-də Şuşada keçirilən II Beynəlxalq Media Forumda jurnalistlərin suallarını cavablandırarkən COP üçlüyü haqqında dedi: "Biz "Troyka"nın təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın "Troykası"dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı və konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır və koordinasiya həyata keçirilməlidir. "Troyka" mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək".
Qeyd edək ki, bu mexanizm temperaturun 1,5 dərəcədən aşağı saxlanılması öhdəliyinə sadiqliklə bağlıdır. Öhdəliyə əməl etmək üçün birinci növbədə bərpaolunan enerjidən səmərəli istifadə etmək hər dövlətin borcudur. Azərbaycan alternativ enerji məsələsində indiyə kimi başqalarına nümunə olacaq addımlar atıb. Ölkəmiz neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən dövlətlərdəndir. Hazırda Azərbaycan özünü ənənəvi enerji ilə təmin etməklə yanaşı, həm də ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" istehsalı üçün əməli addımlar atır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su, günəş, külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Ona görə də paytaxtda və regionlarda yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirmə işləri sürətləndirilir. Bu istiqamətdə görülən işlərin bir qismini dövlət başçısı sözügedən tədbirdə xarici jurnalistlərin də diqqətinə çatdırıb: "Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş-elektrik stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək-elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş-elektrik stansiyasının açılışını edəcəyik. Birinci layihə "Masdar" şirkəti, ikinci layihə isə "Acwa Power" şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə, BP tərəfindən inşa ediləcək. Yəni bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək-elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni həcm böyükdür".
Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək enerjisi və 1 GVt günəş enerjisinin istehsal olunması planlaşdırılır və bu istehsalın 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir. Hələliksə bu istiqamətdə görülən işlər deməyə əsas verir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Qlobal konfrans çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. "Yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"