Bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin ayrılmaz hissəsidir
Məlumdur ki, dünyanın başı üzərində dolaşan inflyasiya və bahalaşma adlı kabus ölkəmizə də zərbəsiz ötüşmür, hər bir Azərbaycan vətəndaşının "həyatından keçir". Təcrübə göstərir ki, belə bahalaşma əhalinin aşağı və orta təbəqəsinə daha çox ziyan verir. Ona görə də bu insanların sosial durumunda irəliyə doğru dönüş yaratmaq üçün dövlət sosial-iqtisadi mənzərədə dəyişiklik etməli olur.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 21 illik dövrün sosial və iqtisadi göstəriciləri qürurvericidir. Bu dövrdə Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Həmin modelin diqqətçəkən məqamlarından biri də sosial sahədir. Dövlət başçısının modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, o, inkişafyönümlü prinsiplərə əsaslanır. Ən önəmli məqam isə odur ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Sosial məsələlərin həlli ilə bağlı ölkədə daim çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir.
Önəmli faktdır ki, hər il dövlət başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlü olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial islahatların mexanizmi daim təkmilləşdirilir. Bura, əsasən, əhalinin aşağı və orta təbəqəsini əhatə edən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və rifahınn yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlər daxil edilir. Bu baxımdan Prezidentin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli sərəncamı həmin məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini göstərir. Bu sənəd həm də Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. Bu da o deməkdir ki, yeni sosial paketə start verilir.
Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Bu sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinət və təqaüdlərin məbləğinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində dövlət başçısına təqdim edəcək. Qeyd edək ki, 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Bütün bunlar o deməkdir ki, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin (VTC) ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
Milli Məclisin deputatı iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir: "Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz".
Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram daim genişlənir. Müharibədən sonra ötən dörd ildə isə bu, 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək, ümumən ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib.
Qeyd edək ki, atılan bu addımlar dövlət başçısının 2003-cü ildə irəli sürdüyü bu hədəfə işıq salır: "Sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır". Prezident İlham Əliyev hər zaman çıxışlarında bu mühüm məqamı da vurğulayır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır: "Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir".
Dövlət başçısının uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub. Bu gün nazirliyin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformadan təqdim olunur. 30-dan çox e-arayış xidməti, həmçinin 2019-cu ilin əvvəlindən 50-dən çox proaktiv təyinat mexanizmləri, həmin il ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə "Əmək və Məşğulluq" altsistemi işə salınıb.
Beləliklə, inflyasiya və bahalaşmanın qarşısını almaq məqsədilə hər il aparılan islahatlar Azərbaycan vətəndaşlarının taleyinə işıq tutmuş olur. İnsanların sosial müdafiəsinə hesablanmış bu cür islahatların mərkəzində Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti dayanır. Dövlət başçısının təbirincə desək, əslində, bu islahatlar yenilik, yeni yanaşma və mövcud problemlərin həlli deməkdir. Sirr deyil ki, Prezidentin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"