27 Iyul 2024 09:31
155
İQTİSADİYYAT
A- A+

Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo müsbət olaraq qalır

 

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını prioritet elan etməsi bu uğurun əsas amillərindəndir

 

Azərbaycanın iqtisadi qüdrəti artdıqca digər ölkələrlə əlaqələri, o cümlədən ticarət əlaqələri də möhkəmlənir. Bu, özünü həm idxalda, həm də ixracda göstərir. Əlaqələrin coğrafiyası genişlənir. Göndərilən və gətirilən məhsulların növləri, çeşidləri çoxalır.

Təkcə bu ilin yanvar-may aylarında respublikamızın hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib. Bu dövrdə xarici ticarət dövriyyəsi 18 milyard 225,4 milyon dollar, o cümlədən ixracın dəyəri 10 milyard 924,7 milyon dollar, idxalın dəyəri 7 milyard 300,7 milyon dollar təşkil edib, nəticədə 3 milyard 624 milyon dollarlıq müsbət saldo yaranıb.

Xatırladaq ki, xarici ticarət dövriyyəsi idxal və ixracın dəyərinin cəmidir. Xarici ticarət saldosu isə ixrac və idxalın fərqindən yaranır. Əgər ixrac idxaldan çoxdursa müsbət, idxal ixracdan çoxdursa mənfi saldo əmələ gəlir. Təqdirəlayiq haldır ki, son illər ölkəmizin ticarət dövriyyəsində saldo müsbət olaraq qalır.

Prezident İlham Əliyevin dünyadakı nüfuzu, yürütdüyü uğurlu iqtisadi siyasət, yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması ticarət dövriyyəsinə daim müsbət təsir göstərir. Bir neçə ölkə ilə ticarət əlaqələrinə aid rəqəmlərə diqqət yetirək. 2023-cü ildə şimal qonşumuz Rusiya ilə ölkəmizin ticarət dövriyyəsi 17,5 faiz artıb və 4,4 milyard dollara çatıb. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz keçən il ondan əvvəlki ilə nisbətən 31 faiz, yəni 1 milyard 808 milyon dollar artıb və 7 milyard 650 milyon dollar olub. Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci ilə nisbətən 9,9 faiz çoxdur. Digər qardaş ölkə olan Qazaxıstanla ticarət dövriyyəsi ötən il 2022-ci ilə nisbətən 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Ticarətin genişlənməsi üçün böyük potensial var. Belə ki, Qazaxıstan Azərbaycana ildə 300 milyon dollar dəyərində 100 adda məhsul ixrac etmək imkanına malikdir. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri də intensiv inkişaf edir. Bunu iqtisadi münasibətlərdə əsas istiqamətlərdən olan ticarət əməkdaşlığına aid rəqəmlər də təsdiqləyir. Belə ki, ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. Bu ilin ilk beş ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib.

Prezident İlham Əliyevin xarici ölkələrə dövlət və işgüzar səfərləri zamanı aparılan danışıqlarda, imzalanan sənədlərdə ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verilir. Dövlətimizin başçısının keçən aylarda etdiyi iki səfəri xatırlayaraq. Prezidentin Misir Ərəb Respublikasına səfəri göstərdi ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük iqtisadi potensial mövcuddur. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi danışıqlar zamanı əczaçılıq, logistika, nəqliyyat, tikinti, neft-qaz, "yaşıl enerji" kimi sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsinin zəruriliyi, həmçinin təcrübə, bilik və texnologiya mübadiləsinin təşkilinin vacibliyini vurğuladı.

Qeyd edək ki, bu ilin ilk altı ayında Azərbaycanla Misir arasında ticarət dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb. Ötən il ticarət dövriyyəsi 13 milyon dollardan bir qədər çox olub. 2024-cü ildə artım gözlənilir.

Dövlətimizin başçısının Pakistan İslam Respublikasına səfəri də göstərdi ki, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əgər 2021-2022-ci illərdə Pakistan Azərbaycana 9,7 milyon dollar həcmində ixrac həyata keçirmişdisə, 2022-2023-cü illərdə bu rəqəm 12 milyon dolları ötüb. Pakistan Azərbaycana əsasən gübrə ixrac edib. Azərbaycandan Pakistana maye qazın ixracının bərpa edildiyi və informasiya texnologiyaları sahəsində qarşılıqlı sərmayə yatırımının səmərəliliyi vurğulanıb.

 Bir sözlə, ticarət əlaqələrimiz genişlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Almaniya, Avstraliya, Çexiya, ABŞ, Yunanıstan, Gürcüstan, Xorvatiya, Bolqarıstan, Rumıniya, İran, Tailand, Portuqaliya, Türkmənistan, Ukrayna, Koreya, Belarus və Tunislə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların 85,4 faizi Çin, Rusiya, Türkiyə, Avstraliyanın, Almaniyanın, ABŞ-nin, İranın, İtaliyanın, Koreyanın, Türkmənistanın, Belarus, Kanada, Ukrayna, Yaponiya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Qazaxıstandan, 14,6 faizi isə digər ölkələrdən gətirilib .

Keçən ilin 5 ayı ilə müqayisədə bu ilin yanvar-may aylarında mühüm məhsul növlərindən təzə meyvə idxalı 35,9, bitki yağları 19, şokolad və şokolad məhsulları 22,4, kərə yağı və digər süd yağları və pastaları 38,9, unlu qənnadı məmulatları 20,4 faiz artıb. İdxalı artan məhsullar sırasında quş və mal əti, təzə tərəvəz, qara metallardan borular, hesablama maşınları, blok və qurğuları, yük avtomobilləri, sintetik yuyucu vasitələr, mənişət kondisionerləri, mineral gübrələr, qara metallardan çubuqlar, mebellər, paltaryuyan maşınlar, polipropilen və avtobuslar da yer alıb. Bu dövrdə ölkəyə 31954 minik, 3335 yük avtomobili, 98 avtobus idxal olunub.

Beləliklə, biz xaricdən əsasən maşın və mexanizmlər, elektrotexniki avadanlıq və cihazlar, nəqliyyat vasitələri, mineral və kimya sənayesi məhsulları, azqiymətli metallar, qiymətli və ya azqiymətli daşlar, onlardan hazırlanan məmulatlar, mirvari alırıq. Azərbaycan digər ölkələrdən eləcə də hazır ərzaq məhsulları, içkilər, tütün məmulatları, toxuculuq materialları və s. idxal edir.

İxracımızın isə 38 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 8,2 faizini            İsrailə, 5,1 faizini Hindistana, 3,9 faizini Rusiyaya, 3,1faizini Çexiyaya, hər biri 2,8 faiz olmaqla Almaniya və Yunanıstana, 2,5 faizini Xorvatiyaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Məhsul ixrac etdiyimiz digər ölkələr isə Gürcüstan, Bolqarıstan, Portuqaliya, Rumıniya, Tailand, Tunis, Ukrayna, Niderland, Polşa, Fransa, İndoneziya, İspaniya və İsveçrə və başqalarıdır.

Bəs biz bu ölkələrə hansı məhsulları göndəririk? İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz, kimya sənayesi məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi üstünlük təşkil edir. İxraca həmçinin alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları, şəkər də yönəldilir. Bu ilin əvvəllindən təzə meyvənin, meyvə-tərəvəz şirələrinin və konservlərinin, bitki yağlarının, marqarinin, çayın, pambıq lifinin, bentonit gilinin ixracı keçən ilin eyni dövrünə nisbətən artıb.

Ölkəmizdə sənayeləşdirmə prosesinin həyata keçirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, xüsusilə sənaye parklarında rezidentlərin sayının getdikcə çoxalması həm məhsulun artmasına, həm də ixracın genişlənməsinə yeni təkan verir. Bu isə o deməkdir ki, ixracın tərkibində qeyri-neft məhsullarının sayı getdikcə artacaq. Bütün bunlar da öz növbəsində Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldonun yenə də müsbət olmasına xidmət edən amillərdir.   

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video