29 Aprel 2026 08:50
130
Mədəniyyət
A- A+
Neftçi, alim, pedaqoq

Neftçi, alim, pedaqoq


Azərbaycan torpağı qədimdən təbii sərvətləri ilə tanınıb. Bu sərvətlərin ən qiymətlisi isə şübhəsiz ki, neftdir. Abşeronun "qara qızıl"ı yalnız iqtisadi güc mənbəyi deyil, həm də bu, xalqın zəhmət, əzm və elm tarixinin ayrılmaz hissəsidir. Bu tarixin səhifələrində öz adı ilə iz qoymuş görkəmli şəxsiyyətlərdən biri də geoloq-neftçi alim Baba Babazadədir. 

O, uşaqlıq illərindən ailəsindən halallığı, əməyə bağlılığı öyrənib. Bir də neft qoxulu məkanda boya-başa çatması, atasının neft mədənlərində çalışması kiçik Babanın həyat yolunu erkən müəyyənləşdirib. Hələ məktəb illərində o, ətrafında baş verənləri müşahidə edib, neft buruqlarının səsilə böyüyərək torpağın altındakı sirlərə maraq göstərib. Bu maraq sonradan böyük bir elmi yolun başlanğıcına çevrilib.

Baba Babazadə 1911-ci il aprelin 25-də Bakının Ramana kəndində dünyaya gəlib. Atası Qurbanqulu kişi neftçi olub, Ramanada işləyib. Babanın ömrünün ilk illəri Azərbaycanda gərgin ictimai-siyasi hadisələrin bir-birini əvəz etdiyi bir zamanda keçib. Çar Rusiyasında və onun əsarəti altında olan əyalətlərdə iğtişaşlar baş verirdi. İnqilabi hərəkat, nəhayət, çarizmin devrilməsi ilə nəticələndi. Ancaq hakimiyyəti ələ keçirən bolşeviklərin də niyyəti başqa bir adla imperiyanı yenidən bərpa etmək idi.

Həmin illər Azərbaycan öz müstəqilliyinə nail oldu. Lakin yeni qurulan cümhuriyyət daxili və xarici düşmənlərinin hücumlarına, basqılarına məruz qaldı. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. O zaman Babanın 9 yaşı vardı.

1920-ci illər Azərbaycanda həm siyasi, həm də sosial baxımdan mürəkkəb dövr idi. Bir tərəfdən də ailəsində baş verən faciə - atasının istehsalat qəzası nəticəsində əlil olması gənc Babanın üzərinə böyük məsuliyyət qoydu. Ancaq o, çətinliklər qarşısında geri çəkilmədi. Əksinə, bu sınaqlar onun iradəsini daha da möhkəmləndirdi. 1923-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumuna daxil olan Baba Babazadə 1929-cu ildə həmin məktəbi əla qiymətlərlə başa vurdu.

Böyük ümidləri, bitib-tükənməyən arzuları onu təhsilini davam etdirməyə sövq etdi. Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil oldu, mühəndis-geoloq ixtisasına yiyələndi. 

1934-cü ildə institutu bitirən B.Babazadə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində əmək fəaliyyətinə başlayıb. Zəhmətsevərliyi, peşəsinə sonsuz marağı ilə çox keçməyib ki, fərqlənib. Onun rəhbərliyi ilə 1936-cı ildə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılıb. Neft verən quyuların həm quru və həm də dəniz yataqlarının böyük məhsuldarlığa malik ehtiyatlarla zəngin olması bu kəşf əsasında meydana çıxıb. O, həmçinin 1942-ci ildə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində baş geoloq işlədiyi müddətdə Buzovna-Maştağa yatağının kəşfində iştirak edib. 

Gənclik çağlarının coşqun arzuları ilə çalışan, yeni-yeni nailiyyətlər qazanan  Baba Babazadə 1945-1952-ci illərdə "Azneft" Birliyinin baş geoloqunun müavini, daha sonra baş geoloq və birliyin rəisi vəzifələrində çalışıb. Əmək fəaliyyətini 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu kimi davam etdirən təcrübəli neftçi 1960-cı ildən ömrünün sonunadək "Azneft" Birliyinin baş geoloqu vəzifəsində işləyib.

Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının şimal-şərq hissəsində, Palçıq pilpiləsi, Qaradağ, Kürovdağ, Mişovdağ, Qum adası və digər yerlərdə zəngin neft yataqlarının kəşfi görkəmli geoloq-alimin adı ilə bağlıdır. Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verən, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da Baba Babazadə fəal iştirak edib. Həmçinin neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni üsulların yaradıcılarından olan Baba Babazadənin elmi əsərlərində müxtəlif torpaq süxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə geniş biliklər, dərin məlumatlar yer alıb.

Neftçi-geoloqun fəaliyyəti çoxşaxəli olub. Elmi fəaliyyət həyatında və yaradıcılığında hər zaman ən önəmli yerlərdən birini tutub. O, 1949-cu ildə geologiya-mineralogiya elmləri namizədi və 1962-ci ildə elmlər doktoru elmi dərəcələrini alıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən Baba Babazadə geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsərin müəllifidir. "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap edilib.

Görkəmli alimin qoyub getdiyi zəngin elmi irsi - ayrı-ayrı elmi məqalələri, kitabları, monoqrafiyaları bu gün də dəyərli mənbə hesab olunur. Alimin adı UNESCO-nun "Dünya alimlərinin elmi irsi" siyahısına daxil edilib.

Baba Babazadə pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib, gənc kadrların hazırlanmasında, istedadlı alimlərin yetişdirilməsində böyük əmək sərf edib. Onun rəhbərliyi altında 20-dən çox alim hazırlanıb. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Baba Babazadə keçmiş SSRİ-nin və Azərbaycanın neftçiləri arasında ilk dəfə olaraq "Sosialist Əməyi Qəhrəmanı" adına, birinci dərəcəli Dövlət (Stalin) mükafatına, Lenin mükafatına və üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülüb. Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsində "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə" medalları və fəxri fərmanlarla təltif edilib. 

Görkəmli alim, geoloq-neftçi Baba Babazadə 1962-ci il avqustun 18-də vəfat edib. Onun ömrünün işığı bu gün də böyük zəhmətinin və istedadının bəhrəsi olan əsərlərində yaşayır.


Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!