Cənubi Qafqazda sülh və sabitlik axtarışlarının aktivləşdiyi bir dövrdə İrəvanda baş vermiş hadisə regionun gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, aprelin 23-də Ermənistanın paytaxtında keçirilən ənənəvi "məşəl yürüşü" zamanı növbəti dəfə Türkiyə bayrağı yandırılıb. Bu çirkin aksiya şovinizmin və terrorçuluğun əsas simalarından sayılan "Daşnaksütyun" partiyası tərəfindən təşkil edilib.
Ermənistanda mütəmadi olaraq şahidi olduğumuz bu nifrət mənzərəsi illərdir davam edən və sistemli şəkildə qidalandırılan türkofobiya xəstəliyinin acı simptomudur. İrəvanda hər il təkrarlanan bu aksiyalar "Daşnaksütyun" və buna bənzər təşkilatların onilliklər boyu apardığı zəhərli təbliğatın nəticəsidir. İllər boyu müəyyən kənar güclər "böyük Ermənistan" xülyaları ilə erməni cəmiyyətini qonşularla daimi münaqişədə saxlamağa çalışırlar. Xüsusən, sülhün kövrək vaxtında Türkiyə bayrağının yandırılması revanşist qüvvələrin və onların xarici havadarlarının regiondakı sabitliyi pozmaq cəhdi, ölkədə kök salmış etnik nifrətin və türkofobiyanın təzahürüdür.
Hadisəyə ilk və ən kəskin reaksiya Azərbaycan Xarici İşlər Nazirliyindən gəlib. Rəsmi Bakı yaydığı bəyanatda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyərək, bu faktı etnik nifrətin açıq təzahürü kimi qiymətləndirib. Azərbaycan tərəfi tam haqlı olaraq hesab edir ki, Ermənistan hökuməti bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: "Bu növ qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir". Bakı tələb edir ki, Ermənistanda hələ də güclü şəkildə özünü büruzə verən revanşist və faşist düşüncə tərzi həm daxildə, həm də beynəlxalq səviyyədə pislənməlidir. Ən əsası isə İrəvan hökuməti bu təxribatı törətmiş şəxsləri hüquqi məsuliyyətə cəlb etməlidir.
Dövlət rəmzləri bir xalqın suverenliyini, tarixi yaddaşını və milli ləyaqətini təcəssüm etdirən ən müqəddəs amildir. Beynəlxalq münasibətlərdə bayrağın təhqir edilməsi diplomatik körpüləri yandırmaqla eynidir. Çünki bayraq bir xalqın kimliyi, keçmişi və qürurudur. Qonşu ölkənin bayrağına göstərilən ehtiram həmin xalqın sülhə, birgəyaşayışa və bəşəri dəyərlərə sadiqliyinin ölçüsüdür. Lakin İrəvanda erməni cəmiyyətini təmsil edən bir qrup təxribatçının öz nifrətini aşkar formada bildirməsi göstərdi ki, bu toplum sülhə, birgəyaşayışa hazır deyil. Müqəddəs rəmzlərə qarşı yönələn bu barbarlıq Ermənistanın monoetnik quruluşunun doğurduğu dözümsüzlük mühitini bir daha ifşa edir. "Hər türk düşməndir" prinsipi üzərində qurulan bu ziyanlı ideologiya Ermənistanı regional layihələrdən kənarda qoyaraq siyasi və iqtisadi təcridə sürükləyir.
Türkiyə Azərbaycanın qardaşı, ən yaxın strateji müttəfiqidir. Qardaş ölkəyə qarşı edilən hər bir hörmətsizlik birbaşa Azərbaycanla münasibətlərə, sülh prosesinə vurulan zərbədir. O da nəzərə alınmalıdır ki, Ankara ilə əlaqələri normallaşdırmaq, Türkiyə ilə sərhədləri açmaq niyyətində olan və bunun üçün dəridən-qabıqdan çıxan tərəf məhz Ermənistandır. İrəvan hökuməti bunu dərk etməli və cəmiyyətə aşılamalıdır ki, Ermənistanın nicat yolu, iqtisadi asılılıqdan qurtuluşu birbaşa Türkiyə və Azərbaycanla əməkdaşlıqdan asılıdır. Bayraq barbarlığı isə Ankara ilə münasibətlərin yoluna qoyulmasını ləngitməyə xidmət edir.
Cəmiyyətin və revanşist kəsimin qonşu dövlətlərə qarşı nifrət ruhunda köklənməsi regionda real və davamlı sülhün qarşısındakı ən böyük maneədir. Bu hadisə rəsmi səviyyədə səsləndirilən sülh və əməkdaşlıq mesajları ilə kəskin ziddiyyət təşkil etməklə, cəmiyyətdəki dərin ideoloji böhranı da üzə çıxarır. Deməli, Ermənistanda sülh çağırışları hələlik sadəcə diplomatik masa üzərindədir və ictimaiyyət səviyyəsində deyil. Əgər Ermənistan iqtidarı həqiqətən sülh istəyirsə, ilk növbədə, cəmiyyəti nifrət ritorikasından təmizləməlidir.
Düzdür, hadisədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan baş verənləri tənqid ediblər. Paşinyan bu addımı "məsuliyyətsiz, qəbuledilməz və təxribatçı" adlandıraraq qonşu dövlətin rəmzinə qarşı belə münasibətin gərginlik yaratdığını qeyd edib. Spiker Alen Simonyan da aksiyanı "utancverici" və "sülhə qarşı acınacaqlı təxribat" kimi xarakterizə edib. Siyasi rəhbərliyin qınağı müəyyən iradə göstəricisi kimi görünsə də, hadisədən bir gün sonra, yəni aprelin 24-də Paşinyan, Simonyan və prezident Vaaqn Xaçaturyanın qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə İrəvandakı "Tsitsernakaberd" abidəsini ziyarət etmələri ciddi paradoks yaradır. Görünür, regional reallıqlarla daxili ideoloji təzyiqlər arasında sıxılan Paşinyan qarşıdan gələn parlament seçkiləri səbəbindən konkret mövqe ortaya qoymağa tələsmir. Seçki kampaniyası ərəfəsində o, hələlik revanşistlərin təxribatlarına göz yumur. Nəticədə cəmiyyətdə, hətta dövlətin bəzi qatlarında Türkiyə və Azərbaycana qarşı düşmənçilik toxumları səpən ideoloji xəttin elementləri hələ də qorunub saxlanılır. Şübhəsiz, bu ziddiyyət bölgədə davamlı sülhün bərqərar olması yolunda əsas maneədir. Deməli, hüquqi müstəvidə konkret cəza tədbirləri görülmədikcə, İrəvanın sülh bəyanatları əhəmiyyətsiz qalacaq.
Nəticə etibarilə, İrəvanın küçələrində yandırılan adi bayraq deyil. Bu, Ermənistanın regionda etibarlı tərəfdaş olmaq şansının qarşısını alır. Dayanıqlı sülh masa arxasında imzalanan sənədlərlə yox, cəmiyyətlərin bir-birinə qarşı nifrət buxovlarından azad olması ilə mümkündür. Ermənistan rəhbərliyi anlamalıdır ki, daxili siyasi xallar toplamaq naminə radikalizmə göz yummaq öz ölkəsini qaranlıq dalana sürükləməkdir. Əgər İrəvan həqiqətən bölgədə yeni bir səhifə açmaq istəyirsə, qınamadan çəkinib konkret cəza tədbirlərinə keçid etməlidir. Regionda sülhün yolu təxribatçılara nümayişkaranə dözümlülükdən deyil, nifrət cinayətlərinə qarşı qətiyyətli hüquqi iradədən keçir. Tarixi saxtakarlıqlar və etnik nifrət üzərində gələcək qurmaq mümkün deyil.
İsmayıl QOCAYEV,
"Azərbaycan"