Çexiya Baş nazirinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüş, səsləndirilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Liderlərin bəyanatlarından da aydın oldu ki, Bakı və Praqa iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi müzakirələrin əsas istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya arasında münasibətlər dinamik inkişaf edir və artıq konkret nəticələr verir. Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsas hissəsini enerji resursları təşkil etdiyindən, tərəflər daha balanslı və şaxələndirilmiş iqtisadi əməkdaşlıq modelinə keçidi prioritet kimi müəyyənləşdirirlər.
Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında deyib ki, energetika sahəsi bu əməkdaşlığın prioriteti olaraq qalır: "Azərbaycan Çexiyanın əsas neft təchizatçılarından biridir və bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu bir daha təsdiqləyir. Baş nazir Andrey Babişin çıxışında da bu məqam xüsusi vurğulanaraq, Azərbaycanın Çexiya üçün strateji tərəfdaş olduğu açıq şəkildə bəyan edildi. Andrey Babişin Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərini məhz Azərbaycana etməsi bu baxımdan təsadüfi deyil. Eyni zamanda qaz təchizatı ilə bağlı uzunmüddətli müqavilələrin imzalanması tərəflər arasında enerji əməkdaşlığını daha da dərinləşdirməyə imkan verir. Hörmüz boğazı ilə bağlı problemlərin yarandığı bir vaxtda xam neft və qaz məsələsi xüsusilə aktuallaşıb. Yeri gəlmişkən, Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır".
Deputat bildirib ki, Qəbələ görüşünün mühüm nəticələrindən biri də qeyri-neft sektorunda əməkdaşlıq imkanlarının geniş müzakirə olunmasıdır. Çexiyadan Azərbaycana gələn geniş tərkibdə iş adamlarından ibarət heyət və keçirilən biznes-forum yeni investisiya layihələri üçün stimuldur. Xüsusilə sənaye, nəqliyyat, elmi-tədqiqat və texnologiya sahələrində birgə təşəbbüslər iki ölkə üçün qarşılıqlı fayda vəd edir. "Cənab Prezidentin də söylədiyi kimi, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Beləliklə, yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Ən əsası isə Azərbaycanda siyasi və sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var", - deyə o əlavə edib.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın da diqqətçəkən istiqamətlərdən olduğunu deyən N.Məmmədova vurğulayıb ki, Azərbaycan artıq bu sahədə yerli istehsal imkanlarını artırır və Çexiya kimi zəngin sənaye təcrübəsinə malik ölkə ilə birgə layihələr həyata keçirmək planları gələcək üçün böyük potensial yaradır. Bu əməkdaşlıq həm də regional təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Deputat qeyd edib ki, ümumiyyətlə, son dövrlərdə dövlət və hökumət başçılarının Azərbaycana intensiv səfərləri ölkəmizin artan nüfuzunu təsdiqləyir. Bundan əvvəl Litva Baş naziri, Latviya və Ukrayna prezidentlərinin ölkəmizə səfərləri etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi Azərbaycana münasibətin göstəricisidir. Ukrayna Prezidenti və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması isə təsadüfi deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, daha geniş coğrafiyanın qədim parçası olan Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bundan əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də məhz Qəbələdə keçirilmişdi. Bu isə onu deməyə əsas verir ki, Qəbələ artıq Bakı, Şuşa kimi yeni diplomatik mərkəzə çevrilir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"