24 İyun 2022 00:43
1487
İQTİSADİYYAT
A- A+
Nə fermer var, nə də ki müştəri

Nə fermer var, nə də ki müştəri

 

"Kənddən şəhərə" yarmarkalarının piştaxtaları, adətən, boş olur, satış qiymətləri isə bazardan fərqlənmir

 

Piştaxtaların yarısı boşdur, nə məhsul var, nə satıcı...

Digərində isə piştaxtalara düzülən meyvə, tərəvəzləri əkib-becərən fermerlər gözə dəymir...

Suallara isə hərə bir cür cavab verir. Piştaxta arxasında dayanan bəzi "fermerlər"  satdıqları müxtəlif çeşidli meyvə və tərəvəzin yalnız az çeşidinin öz məhsulu olduğunu söyləyir. Bəs qalanı hardandır, kimin məhsuludur?!

Paytaxtda həftəsonları təşkil edilən "Kənddən şəhərə" yarmarkalarında vəziyyət bu cürdür. İki həftə ərzində Bakının müxtəlif rayonlarında yarmarkalarda və bazarlarda apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, yarmarkalar heç də bazarlardan fərqlənmirlər. Hətta bəzi hallarda bazardakı məhsulların çeşidi daha çox, qiymətlər isə yarmarkadakından daha aşağı olur. Elə bu səbəbdən də vətəndaş  alış-veriş üçün məhz bazarlara üz tutur.

 

3 yarmarka, 45 regiondan 100 fermer?..

 

Artıq neçə illərdir ki, Azərbaycanda həftəsonu yarmarkalar təşkil edilir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən keçirilən "Kənddən şəhərə" layihəsi əvvəlki illərdə bir qədər fərqli idi. İnsanlar bu yarmarkalara üz tuturdu və ucuz qiymətə məhsul alırdı. İndi isə vəziyyət tam başqadır. Yarmarkalarda həm məhsul qıtlığı yaşanır, həm də bazarlarla müqayisədə qiymət fərqi var.

Xatırladaq ki, "Kənddən şəhərə" layihəsi 2018-ci ildən reallaşdırılır. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, yerli qida və kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərinin təbii məhsullara olan tələbatını daha dolğun şəkildə ödəməkdir. Hazırda Bakı və Abşeronda layihə çərçivəsində 3 yarmarka həftəsonları fəaliyyət göstərir. Bunlardan əlavə, "Kənddən şəhərə"nin tematik yarmarkalarına da rast gəlmək mümkündür. Belə ki, bunlara Yeni il, Novruz, Qurban bayramı və bal yarmarkaları aiddir.

"Aqrar Tədarük və Təchizat" ASC-dən məlumat verildi ki, "Kənddən şəhərə" yarmarkalarına fermerlər yaşadıqları rayon üzrə DAİM-lərə, yaxud Regional İdarələrinə gələrək və ya təyin edilən nömrə ilə əlaqə saxlayaraq və onlayn qaydada yarmarkaya aid sosial media hesablarına yazaraq müraciət edə bilərlər. Sonradan fermerlərlə əlaqə saxlanılır və onlar yarmarkada iştiraka dəvət olunurlar. Fermerlərin yarmarkalarda satışa çıxardıqları məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu, önlük və s. kimi lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Eyni zamanda məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə də ödənişsiz şəkildə loqistik dəstək göstərilir. "Kənddən şəhərə" yarmarkaları fermerlər üçün alternativ satış kanalıdır. Bəzi fermerlər istehsal etdikləri məhsulların müəyyən qismi, bəziləri isə tam qismi ilə yarmarkalarda iştirak edirlər. Son təşkil olunan həftəsonu yarmarkasında 45 regiondan 100 fermer iştirak edib.

Bunlar "Aqrar Tədarük və Təchizat" ASC-nin məlumatı idi. Bəs reallıq nədir?

 

İstehsalçının məhsullarını başqa "fermerlər" satırlar

 

İlk üz tutduğumuz yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında yerləşən məkan oldu. İçəri daxil olduqda hər şey səliqəli görünürdü. Yay meyvələrinin ətrafı bəzəyən al-əlvan rəngləri böyük yarmarkanın müxtəlif bucaqlarından belə aydın sezilirdi.

 Önlüklü fermerlər piştaxtaların qarşısında durub onlara yaxınlaşan hər kəsi gülərüzlə qarşılayır, nə almaq istədiklərini soruşur, satdıqları məhsullarla bağlı məlumat verirdilər. Cərgələrlə irəlilədikcə onların iş fəaliyyətlərinə daha yaxından bələd olurduq. Satıcı-fermerlərdən biri ilə söhbətə başlayırıq.

Deyir ki, uzun müddətdir ki, yarmarkanın daimi üzvlərindəndir. Məhsulları ilə bizi tanış edərkən satdıqlarından yalnız kartofun öz sahəsindən olduğunu söyləyir. Ona məxsus digər piştaxtalara yığdığı pomidor, xiyar, soğan, lobya isə qonşuluğundakı fermerlərdən aldıqları məhsullardır. Sonra bir neçəsinə yaxınlaşırıq və məlum olur ki, demək olar əksəriyyətində vəziyyət eyni bu cürdür.

Qaranlıq qalan suallarla, elə yarmarkadan çıxmağı düşünürdük ki, birdən cəmi 1 növ məhsul olan piştaxtalardan biri diqqətimizi çəkdi. Yaxınlaşıb məhsulun sahibi ilə həmsöhbət olmaq qərarına gəldik. Bakı kəndlərindən olan satıcının qarşısında müxtəlif növ göyərtilər vardı. Bu, yarmarka boyunca rastlaşdığımız ən maraqlı mənzərələrdən idi. O, burada yalnız öz əlinin əməyi ilə yetişdirdiyi məhsulları satışa çıxarmışdı.

Bir qədər söhbətləşdikdən sonra bəlli oldu ki, o, yarmarkanın bu formatlı fəaliyyətindən narazıdır: "Ümumilikdə satıcılar arasında çox az sayda əsl fermer var. Əksəriyyəti fermerlərdən məhsulları alıb satan, əkinlə heç bir əlaqəsi olmayan insanlardır. Buna görə qiymətlər də nəzərəçarpacaq dərəcədə yüksəkdir. Digər bir məqam isə alıcılıq qabiliyyətinin, yarmarkaya olan marağın çox aşağı səviyyədə olmasıdır".

Yarmarka sanki iki fərqli qütbə bölünmüşdü. Fermer olmayan həqiqi fermer olduğu üçün and içirdi, əsl fermer isə narazı siması ilə burada gününü keçirirdi... Xeyli keçən vaxtda gözə dəyən 3-5 alıcı da çeşid azlığından gileylənib yarmarkadan ayrılırdı.

 

Səhərin axşam bazarına bənzər yarmarkası

 

Paytaxtda fəaliyyətdə olan növbəti yarmarka isə Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ünvanında yerləşir. Evlərin arasında salınan yarmarkanın yerləşdiyi məkan şəhərin "Gənclik" adlanan ünvanından fərqli olaraq daha kənar ərazidədir. İçəri girəndə təəccübləndik. Həmin an axşam bazarını xatırladan mənzərə ilə qarşılaşdıq. Sanki fermerlər öz məhsullarını satıb evlərinə yollanmış, 4-5 piştaxtadakı qalan məhsullar isə son müştərilərini gözləyirdi. Ancaq birdən saatın 12 olduğunu xatırlayıb yarmarkanın acınacaqlı vəziyyətini anladıq.

Boydan-boya düzülən boş piştaxtalar, 3-5 növ məhsuldan ibarət yarmarka, saatlarla bircə alıcının yolunu gözləyən fermerlər yarmarkanın necə "fəaliyyət" göstərməsindən xəbər verirdi. Bir-iki fermerə yaxınlaşdıqda öyrəndik ki, ilk dəfədir "Kənddən şəhərə" layihəsinə qatılıblar. Ancaq belə vəziyyətlə qarşılaşacaqlarını heç ağıllarından belə keçirməyiblər.

Satıcı deyir ki, rayonda burdan daha çox məhsul sata bilir: "Uzun müddətdir ki, dost-tanışdan belə bir yarmarkanın olduğunu eşidirdim, ona görə mən də gəlmək istədim. Ancaq yəqin ki, bir daha gəlməyəcəyəm. Nəticədə buraya öz məhsullarımızı gətirənə qədər həm mənəvi, həm də maddi itkilərimiz olur, qazancımız isə heç birini ödəyəcək qədər deyil. Bu gedişatla gətirdiyim məhsulların yarısını belə sata bilməyəcəm, geri qayıdanda isə məhsullar istidən yararsız hala düşəcəklər".

 

Supermarketə çevrilən yarmarka

 

 "Kənddən şəhərə" layihəsinin 3-cü həftəsonu yarmarkası Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanında yerləşir, bu məkana da yollandıq.

Düzü, buradakı vəziyyət digər iki yarmarkanın heç birinə bənzəmirdi. İçəri daxil olanda bütün piştaxtaları dolu görüb sevindik. Ancaq alıcıya rast gəlinmirdi.

Onlardan birinə yaxınlaşar-yaxınlaşmaz xanım satıcı bildirdi ki, nəyi istəyirsinizsə, sellofanı götürüb özünüz seçib yığa bilərsiniz. Məhsulların istehsalçılarının harada olduqlarını soruşduqda isə xanım dedi ki, bütün piştaxtalardakı hər bir meyvə-tərəvəz əsl fermer məhsuludur, onlar həftəsonları məhsullarını gətirib buraya qoyurlar, satıldıqca isə gəlib pullarını götürürlər. Xanımın isə təsərrüfatla heç bir əlaqəsi yoxdur,  yalnız burada işləyən satıcıdır.

Bu isə bizi düşünməyə vadar etdi. Axı yarmarkanın əsas hədəfi bu deyildi. Bura ona görə yaradılıb ki, fermer istehsal etdiyi məhsulu birbaşa özü alıcıya təqdim etsin və arada heç bir vasitəçi olmadan zəhmətinin dəyərinə layiq qazancını əldə etsin. Bu məkanda isə məsələ başqa cürdür. Yəni yarmarka supermarketə çevrilmişdi.

3 fərqli ünvanda fəaliyyət göstərən yarmarkaların heç birində elan edilən məqsədə uyğun mənzərəni görə bilmədik. Qeyd edilən 45 regiondan olan 100 fermerə də rast gəlmədik. Hər 3 yarmarkada ümumilikdə satış edənlərin sayı 50 nəfəri belə keçməzdi. Onların da fermer olub-olmaması sual altında idi. Qiymətlərə gəldikdə isə, demək olar ki, təqdim olunan məhsulların qiyməti şəhərdə kifayət qədər tanınan və seçilən bazarlarla eynilik təşkil edirdi.

 

Satışa keyfiyyətli məhsul çıxarmaq əsas şərtdir

 

Şəhərdə məskunlaşan insanlar təbii məhsulların əldə edilməsində həm qiymət, həm də keyfiyyət baxımından müəyyən çətinliklərlə üzləşirlər. Bu yöndə aparılan ən başlıca işlərdən biri də fermer istehsalı olan məhsulların bir əldən istehlakıdır. Bununla bağlı yarmarkaların təşkili ən optimal variant sayılır. Ancaq təəssüf ki, ölkəmizdəki yarmarkaların real durumu heç də qənaətbəxş deyil.

Yarmarkalardakı ümumi vəziyyəti şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, satışa çıxarılan istənilən məhsulun ilk növbədə keyfiyyəti önəmlidir: "Öncəliklə keyfiyyətlə bağlı standartlar təyin edilməlidir. Bu, həm bazarlara, həm də yarmarkalara aiddir. Keyfiyyət əsl alıcılıq qabiliyyətini müəyyənləşdirir. Keçmişdə kifayət qədər avadanlığın, texnoloji inkişafın olmaması üzündən məhsulları sağlam yetişdirmək olduqca çətin idi. Ancaq indiki şərait imkan verir ki, sağlam, təbii, uzunömürlü, hər cəhətdən keyfiyyətli məhsullar becərilsin və toplanılıb satışa çıxarılsın. Ancaq nə üçünsə hələ də bazar və yarmarkalar torbalarımızı içi çürük məhsullarla doldurur".

Türkiyədə istehsal edilən məhsullardan danışan ekspert deyir ki, orada becərilən kartofun keyfiyyəti bizim yerli sortlardan qat-qat yaxşıdır. Həmçinin qiymətdə də olduqca fərq var. Maraqlısı odur ki, Türkiyənin paytaxtında keyfiyyətli kartofu Azərbaycandan 2-3 qat daha aşağı, təxminən 33 qəpik ödəməklə əldə etmək mümkündür.

 

Yarmarkaları icra hakimiyyəti orqanları təşkil etməlidirlər

 

Bir fermerin bir neçə adda məhsul satışa çıxarması da əsas şübhə doğuran məqamlardandır. Hər nə qədər özlərinin fermer olduğunu deyib və digər məhsulları qonşu fermerlərdən aldıqlarını bildirsələr də, buna inam qalmır.

Yarmarkaların hazırkı durumundan söz açan mütəxəssis diqqətə çatdırır ki, məkanlara əvvəlcə fermerlər gəlsələr də, daha sonra məhsullarının satışı ilə özləri məşğul olmurlar: "Bunu satışlardan da aydın şəkildə görə bilərik. Əgər kartof becərən fermer həftəsonu yarmarkaya gəlirsə, hər halda o yalnız bir adda məhsulun satışını həyata keçirəcək. Ancaq oradakı mənzərə tamamilə fərqlidir".

Vahid Məhərrəmov qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyi mövsümi işlərlə məşğul olmamalıdır. Hazırda onlar iş görüntüsü yaratmaq üçün yarmarkarların təşkilini həyata keçirirlər. Ancaq dünyada yarmarkaları icra hakimiyyəti və bələdiyyə orqanları təşkil edir, bu məsələdən qaynaqlanan problemləri də onlar həll edirlər. Kənd Təsərrüfatı Nazirliyi kəndlinin problemlərinin həlli ilə məşğul olmalıdır. Yarmarkaların təşkili stimul xarakteri daşısa da, ancaq bir çox hallarda kəndli fermerlərin əsas problemləri kölgədə qalır və ya həll edilmir: "Məsələn, yaxın vaxtlardan söhbət açsaq, 10-15 gün sonra fermerlərin su problemləri baş qaldırmağa başlayacaq. Yaxşı olar ki, bu sahəyə lazımi diqqət yetirsinlər".

 

Fermer yarmarkada satış etməməlidir

 

Yarmarkalara fermerlərin cəlb edilməsi məsələsi isə kəndlilər üçün şərt deyil. Ekspert qeyd edir ki, əslində, fermerlər yarmarkaya gələrək satışı həyata keçirməyin marağında deyillər: "İnkişaf etmiş ölkələrdə fermer bazara və ya yarmarkaya çıxıb satış etmir. O, əkin sahəsində daha məhsuldar işləməlidir. Buna görə də fermerə əsas stimul verəcək məsələ onun əməyinin doğru dəyərlə qiymətləndirilməsidir. Yarmarkalara isə onların istehsal etdiklərini çıxaracaq müəyyən edilmiş nümayəndələr olmalıdır. Kəndlidən ədalətli qiymətə alınan məhsul yarmarkada istehlakçıya uyğun qiymətə satılmalıdır".

Məhsulların bahalığına gəldikdə isə deyə bilərik ki, ölkəmizdə satışa çıxarılan məhsullar bir çox hallarda olduqca yüksək qiymətə təqdim edilir. Vahid Məhərrəmov vurğulayır ki, hər şey maya dəyərinə görə hesablanır. Belə ki, fermerin istehsal etdiyi məhsulun keyfiyyətli saxlanılmaqla maya dəyəri aşağı, eyni zamanda məhsuldarlığı və rəqabətqabiliyyətliliyi yüksək olarsa, o halda həmin məhsul alıcıya yüksək qiymətə gəlib çatmaz. Bunun üçün ilkin olaraq texniki qaydalara əməl edərək məhsuldarlıq artırılmalı, gübrələrdən geniş istifadə edilməli, ölkəmizə xas, torpaq, iqlim şəraitinə uyğun yeni sortlar yetişdirilməlidir. Bütün bu məsələlər isə Kənd Təsərrüfatı Nazirliyinin öhdəlikləridir.

Son olaraq, mütəxəssis onu da diqqətə çatdırır ki, yarmarkalarda satılan məhsullar bir çox hallarda fermerlərdən ziyanına alınan mallardır: "Fermerlər istehsal etdikləri məhsulları qalıb çürüməsin deyə, bir növ onlardan qurtulmaq üçün dəyər-dəyməzinə möhtəkirlərə satmağa məcbur olur. Həmin məhsullar da yarmarkalarda satışa çıxarılır.  Bu isə, stimul yaratmaq əvəzinə kəndlini gördüyü işdən küsdürür".

Yarmarkalarda real vəziyyət belədir və mövcud durum heç də Kənd Təsərrüfatı Nazirliyinin yarmarkalarla bağlı dedikləri ilə üst-üstə düşmür. Əgər  nazirlik və onun nəzdindəki "Aqrar Tədarük və Təchizat" ASC yarmarkaların məhz fermerlərin satış məkanı olduğunu və əhali tərəfindən böyük maraqla qarşılandığını iddia edirsə, onda nə üçün yarmarkalarda kifayət qədər nə fermerə, nə də müştəriyə rast gəlinir. Həqiqi mənzərə yarmarkalardan fermerlərin də, alıcıların da uzaq düşdüyünü aydın şəkildə göstərir. Geriyə yarmarka işinin doğru planlaşdırılması üçün uyğun tədbirlər görmək, fermerin əməyini elə bağ-bostanında düzgün qiymətləndirmək qalır. Axı onların məhsulları ilə süfrələrimiz bəzənir, ağzımız dada gəlir. Kənardan iş görüntüsü yaratmaq gərəksiz "fəaliyyət"dən başqa bir şey deyildir…

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.T.Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında

02:11
23 Noyabr

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

02:10
23 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:10
23 Noyabr

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə

02:08
23 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:05
23 Noyabr

Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nın təsdiq edilməsi haqqında

02:03
23 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:02
23 Noyabr

Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib  

23:05
22 Noyabr

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub  

23:03
22 Noyabr

Qubada lll İdman Festivalının təntənəli açılış mərasimi olub YENİLƏNİB 

23:01
22 Noyabr

Xankəndi şəhərində ilk solo konsert keçirilib

22:59
22 Noyabr

Eduardo Reyes: Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik VİDEO  

22:57
22 Noyabr

COP29-un pakistanlı iştirakçısı: İqlim dəyişikliyinə görə hava şəraitinin ekstremal dəyişməsi müşahidə olunur  

22:56
22 Noyabr

Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb  

22:55
22 Noyabr

Çində keçirilən Dünya İnternet Konfransında Azərbaycanın yaşıl inkişafından danışılıb  

22:49
22 Noyabr

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

22:40
22 Noyabr

COP29-un nigeriyalı ekofəalı: Gənclər iqlim prosesində qərarların verilməsində iştirak etməlidirlər VİDEO

22:03
22 Noyabr

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək  

21:41
22 Noyabr

Keniyalı mütəxəssis: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verir  

21:36
22 Noyabr

Steysi Çesok: Azərbaycan COP29 konfransının təşkilində yüksəksəviyyəli yanaşma nümayiş etdirir

21:12
22 Noyabr

Novelli Ottavio: COP29 əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır  

20:51
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!