12 Aprel 2025 01:25
553
PARLAMENT
A- A+
Azərbaycan yeni dünya düzəninin formalaşmasına təsir göstərir

Azərbaycan yeni dünya düzəninin formalaşmasına təsir göstərir


Aprelin 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə rəhbərliyi ilə nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri ilə bağlı məlumat verib.

Sahibə Qafarova qeyd edib ki, aprelin 4-dən 7-dək davam edən səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil və iştirak etmək, həmçinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.  

Spiker xatırladıb ki, hazırda Milli Məclisin Sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir. 

Qeyd edilib ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Daşkənddə Heydər Əliyev Meydanında olublar. Orada nümayəndə heyəti Ulu Öndərin abidəsini ziyarət edib və onun əziz xatirəsini ehtiramla yad edib. 

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransında hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlarından 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə iştirak edib. Azərbaycanın sədrliyi ilə konfransda "Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusunda müzakirələr aparılıb. Həmin tədbirdəki giriş nitqində spiker Sahibə Qafarova Qoşulmama Hərəkatının təməlində dayanan Bandunq prinsiplərinin bu gün üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki,  suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.

Milli Məclisin Sədri 2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladıb. O vurğulayıb ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra təşəbbüsləri hərəkatın üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib. 

Həmin tədbirdə spiker Azərbaycan Prezidentinin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri olduğunu bildirib. Konfransdakı çıxışında o, Parlament Şəbəkəsinə rəhbərlik etdiyi 3 il ərzində görülmüş işlər haqda danışıb. Qeyd edib ki, ilk növbədə ötən dövr ərzində Şəbəkənin institusional inkişafı üzrə mühüm addımlar atılıb. Belə ki, Büro və 4 daimi komitə yaradılıb, Şəbəkənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində nizamnaməyə müvafiq dəyişikliklər edilib. 

Qeyd olunan dövrdə Parlament Şəbəkəsinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədilə 8 təşkilatla Əməkdaşlıq memorandumları imzalanıb, 6 təşkilatda müşahidəçi statusu əldə edilib. Hazırda 7 təşkilat da Parlament Şəbəkəsində müşahidəçi statusuna malikdir. 

Konfransda təşkilati məsələlərə də baxılıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Milli Məclisin sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi qərara alınıb.

Konfransın yekununda Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər mühüm məsələlərlə yanaşı, Qoşulmama Hərəkatına üzv dövlətlərdə yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan İcmasının sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə ata-baba torpaqlarına qayıtmaq hüququna dəstək ifadə edilib. Spiker xatırladıb ki, Asiya Parlament Assambleyasından sonra bu, ikinci dəfədir ki, Azərbaycanın sədrlik etdiyi beynəlxalq parlament təşkilatının Bəyannaməsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Qərbi Azərbaycan mövzusu öz əksini tapıb. 

Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının isə "Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri" mövzusuna həsr edildiyini deyən Milli Məclisin Sədri həmin assambleyadakı çıxışında bu günün aktual məsələləri, o cümlədən dünyada baş verən münaqişələr və geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, ekoloji və digər çağırışlar, sosial inkişaf məsələləri və onların həlli yolları barədə fikirlərini bölüşdüyünü diqqətə çatdırıb. O, tədbirdəki çıxışında xüsusən sosial inkişaf məsələləri ilə bağlı  Azərbaycanın təcrübəsi və nailiyyətləri haqqında geniş məlumat verib. Konstitusiyamızın müvafiq müddəalarına uyğun olaraq, parlament tərəfindən müxtəlif sahələrə aid əsas qanunların qəbul edildiyini və mövcud qanunların daim təkmilləşdirildiyini bildirib.  

Milli Məclisin Sədri qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclası da olub. Spiker həmin iclasda assambleyanın bu ilin fevral ayında Bakıda keçirilmiş 15-ci plenar iclasının yekunlarının əlverişli imkanlar yaratdığını bildirib. O, Azərbaycanın sədrliyi dövründə irəli sürülən prioritetlər barədə də danışıb. Bu prioritetlər Asiya Parlament Assambleyasının institusional imkanlarının inkişafı, üzvlərin sıralarının genişləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması ilə bağlıdır. O həmçinin qeyd edib ki, Asiya Parlament Assambleyası konstruktiv dialoq və əməkdaşlıq üçün mühüm çoxsahəli bir qurumdur.

Spiker işgüzar səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdən də danışıb. Qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, parlamentlərimizin geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. 

Sahibə Qafarova qeyd edib ki, o, bundan əlavə 9 ikitərəfli görüş də keçirib. Parlamentlərarası İttifaqın Baş katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin sədri (İCAPP), Rusiya, Pakistan, Bəhreyn, İsrail, Mərakeş parlamentlərinin sədrləri, Tolerantlıq və Sülh Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə  görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

Konfransın ikinci günündə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı, eləcə də  Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandumlar da imzalanıb.

Milli Məclisin Sədri  Özbəkistan Respublikasına işgüzar səfərin uğurlu olduğunu diqqətə çatdırıb və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Səyyad Salahlı, Elman Nəsirov, Rizvan Nəbiyev, Azay Quliyev, Sahib Alıyev, Müşfiq Məmmədli, Tural Gəncəliyev, Kamal Cəfərov, Ceyhun Məmmədov çıxış ediblər. 

Çıxışlarda aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısının söylədiyi strateji əhəmiyyətli fikirlərə münasibət bildirilib. Qeyd olunub ki, Prezident öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələ barədə açıqlamasında sülh tərəfdarı olan ölkəmizin sülh müqaviləsinə dair 5 baza prinsipinin müəllifi olduğunu, Ermənistanın isə sülhdən danışaraq, eyni zamanda silahlandığını, sərhəddə mütəmadi olaraq atəşkəsi  pozduğunu bildirib. Dövlətimizin  başçısının öz açıqlamalarında toxunduğu digər məqamların, o cümlədən Türkiyə-İsrail münasibətlərinin normallaşmasında ölkəmizin rolu, bəlli səbəblərdən  Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarları tanımadığı, USAID-in fəaliyyətinin məqbul hesab edilmədiyi və bununla bağlı araşdırmaların aparıldığı  barədə fikirlərin, habelə hazırda dünyada gedən proseslərlə bağlı verdiyi mesajların, ortaya qoyduğu mövqeyin Azərbaycanın milli maraqlarına uyğun olduğunu söyləyiblər.

Vətən müharibəsində Qələbəmizdən sonra Prezident İlham Əliyevin düşünülmüş siyasi, hərbi, diplomatik strategiyasına uyğun regionda yeni reallıqlar yarandığını deyən millət vəkilləri, bu nöqteyi-nəzərdən ölkəmizdə son vaxtlarda keçirilən beynəlxalq səviyyəli  tədbirlərin dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, elm adamlarının aktual məsələlərə dair mövqeyinin öyrənilməsi baxımından əhəmiyyətindən bəhs ediblər. Bu gün Azərbaycanın yeni dünya düzəninin formalaşmasına təsir göstərdiyini, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər. 

Deputatlar bu günlərdə spiker Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri zamanı müzakirəyə çıxarılan mövzuların önəmindən də söhbət açıblar. Bunu eyni zamanda parlament diplomatiyası sahəsində əldə edilən uğurların bariz nümunəsi kimi dəyərləndiriblər.

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanda olduğu müddətdə nümayəndə heyətimizin hər addımda hörmət və ehtiramla qarşılandığını bildirib. Bütün bunların Azərbaycan Prezidentinə, respublikamızın beynəlxalq aləmdə tutduğu mövqeyə olan yüksək münasibətin nəticəsi olduğunu vurğulayıb.

Spiker çıxışların əksəriyyətinin ADA Universitetində keçirilmiş beynəlxalq forumla bağlı olduğunu deyərək və burada səslənən fikirlərin önəmini nəzərə alaraq, sosial şəbəkələr, media vasitəsilə, o cümlədən Milli Məclisin "Yutub" kanalında "dəyirmi masa" təşkil olunaraq,   bu məsələlərin geniş ictimaiyyətə çatdırılmasını təklif edib. 

Müzakirələrdə millət vəkilləri digər məsələlər barədə də öz fikirlərini bölüşüblər. 

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyə 22 məsələnin daxil edildiyini, ilk 6 məsələnin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, ölkə Prezidentinin təqdimatına əsasən, Xanlar Rüstəm oğlu Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılmalıdır. 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Xanlar Vəliyevin Azərbaycanın hüquq-mühafizə sistemində tanınmış şəxs olduğunu, onun prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışdığını, o cümlədən baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyini, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğunu diqqətə çatdırıb. Ölkə Prezidentinin Xanlar Vəliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini, onun Azərbaycan Respublikasının Əməkdar hüquqşünası adına layiq görüldüyünü, "Vətənə xidmətə görə" I və II dərəcəli ordenlərlə, "Azərbaycan Bayrağı" ordeni ilə, "Hərbi xidmətlərə görə" medalla təltif edildiyini bildirib.

X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib. 

Spiker nəzərə çatdırıb ki, "Konstitusiya Məhkəməsi haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Milli Məclisin iclasında and içməlidir. 

Konstitusiya Məhkəməsinin yeni təyin olunmuş hakimi Xanlar Vəliyev çıxış edərək onun bu vəzifəyə təyin olunması ilə bağlı Milli Məclisə müraciət etdiyinə görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib. O, eyni zamanda Milli Məclisin Sədrinə və millət vəkillərinə bu məsələyə səs verdikləri üçün təşəkkür edib. Sonra Xanlar Vəliyev iclasda and içib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında,  Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib. Bildirilib ki, təqdimatlara əsasən, namizədlərdən 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinin hakimləri, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, hakim vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin tutduqları vəzifədən azad olunması təqdimatlarda öz əksini tapıb.

Təqdim edilən məsələlər ətrafında müzakirələrdə deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Arzuxan Əli-zadə  çıxış edərək, məhkəmə-hüquq sistemində aparılan islahatların əhəmiyyəti barədə öz fikirlərini bölüşüblər. 

Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov çıxış edərək ədalət mühakiməsinin səmərəliliyini, məhkəmə hakimiyyətinin nüfuzunu artırmaq, hakimlərin müstəqilliyini qorumaq məqsədilə ölkənin məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyib. O, dövlət tərəfindən məhkəmə hakimiyyətinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını ifadə edib. Eyni zamanda Milli Məclisin Sədrinə və deputatlara verdikləri dəstəyə görə təşəkkürünü bildirib. 

İclasda daha sonra  Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə,  "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,  "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə,  "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda qəbul edilib. 

Spiker Sahibə Qafarova "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin uyğunlaşdırma xarakteri daşıdığını və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməli olduğunu bildirib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verib. O, layihəyə əsasən, üç qanunda, o cümlədən "Dövlət rüsumu haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Aviasiya haqqında" qanunlarda dəyişiklik edilməsinin nəzərdə tutulduğunu bildirib. 

Nəzərə çatdırılıb ki, "Lisenziyalar və icazələr haqqında" qanunun 4.1-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr yalnız bu qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən digər qanunlarda əks edilir. Qanuna 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 28-ci, 29-cu, 30-cu maddələri isə fitosanitar nəzarəti ilə bağlı icazə növlərini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq, təqdim olunan qanun layihəsində "Fitosanitar nəzarəti haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda istifadə olunan termin və ifadələrin (o cümlədən icazə sənədlərinin adlarının) "Lisenziyalar və icazələr haqqında" qanuna uyğunlaşdırılması həyata keçirilir, "Lisenziyalar və icazələr haqqında" qanunda "idxal karantin icazəsi" icazə növü nəzərdə tutulmadığından onunla bağlı müddəalar müvafiq qanunlardan çıxarılır, "daxili karantin sertifikatı" ilə bağlı müddəalar sahəvi qanuna daxil edilir və tənzimlənməsi həyata keçirilir, sənədin dövlət rüsumu tutulmadan verilməsi təsbit olunur, habelə uyğunlaşdırma xarakterli digər düzəlişlər nəzərdə tutulur.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Sosial xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Mediasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə,  "Baytarlıq haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəzərə çatdırılıb ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Buna əsasən də layihədə müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiqi nəzərdə tutulur.

Bundan başqa, layihədə kursantlar tərəfindən hərbi xidmətdə və təhsildə daha yüksək nəticələr əldə edilməsinə səy göstərilməsi, motivasiyanın artırılması məqsədilə "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanuna əlavə edilməsi nəzərdə tutulan 23-1-ci maddəyə əsasən, onlara qanunun 22-ci maddəsi ilə (bəzi bəndləri istisna olmaqla) müəyyənləşdirilən həvəsləndirmə tətbirlərinin tətbiq edilməsi təklif olunur. Həmçinin kursantların hərbi nizam-intizamının təmini üçün qanuna əlavə edilməsi təklif olunan 48-1-ci maddə ilə kursantlara münasibətdə tətbiq edilən intizam tənbeh tədbirlərinin növləri müəyyənləşdirilir.

Eyni zamanda kursantların məsuliyyətinin, hərbi təhsilin və xidmətin effektivliyinin artırılması məqsədilə layihədə "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanuna "Kursantın vəzifələri" hissəsi əlavə edilir.

Bundan başqa, layihədə kursant hərbi rütbəsinin əsgər (matros) hərbi rütbəsinə bərabər tutulması, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətlərinin qanunvericiliklə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanması kimi normalar da nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Mülki Prosessual Məcəllədə və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ədliyyə orqanlarında aparılan uğurlu islahatlardan, xüsusən məhkəmə qərarlarının icrası sahəsindəki müsbət dinamikadan söz açan Əli Hüseynli bildirib ki,  görülmüş tədbirlər və  xidmətin səmərəli həyata keçirilməsi sayəsində 2024-cü ildə rekord nəticə əldə olunub. Buna nail olmağın əsas səbəbi də elektron xidmətlərdən istifadənin artmasıdır. 

Komitə sədri deyib ki, layihədə təklif olunanlar "Elektron məhkəmə", "Elektron notariat", "Elektron icra" sistemlərinin vahid elektron məkanda fəaliyyət göstərməsini təmin edən vacib dəyişikliklərdir.

Mülki Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan borclunun anlayışının konkretləşdirilməsi və bununla bağlı qəbul edilmiş məhkəmə qərardadının qüvvəyə minməsi və icrası ilə əlaqədar məsələlərin tənzimlənməsini nəzərdə tutur. Bu anlayışın konkretləşdirilməsi ilə bağlı eyni məzmunlu dəyişikliklər "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa da təklif olunur. Bundan başqa qanun layihəsində fiziki və hüquqi şəxsin nümayəndəsinin anlayışı daha dolğun şəkildə verilmiş, icra hərəkətləri həyata keçirilərkən borclu tərəfindən icraya mane olan hərəkətlərin, tələbkarın tələbi üzrə əlavə məhkəmə qərarı olmadan aradan qaldırılması məzmununda əlavələr edilmişdir.

Sənədin müzakirəsində komitə sədri Zahid Orucun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Arzu Nağıyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki,  "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir. Müzakirəyə təqdim olunan qanun layihəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif olunub. Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, ölkəmizdə mütəmadi olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Musa Quliyev təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda pensiyaçıların pensiya təminatının təkmilləşdirilməsi sahəsində dövlətin öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulub. Layihədə "Əmək pensiyaları haqqında" qanunun 6.2-ci maddəsinə uyğun olaraq, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur və bu müddəanın 2025-ci il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Komitə sədri vurğulayıb ki, dəyişikliklər dayanıqlı pensiya təminatının formalaşmasına xidmət edir. Eləcə də qanunvericilik aktlarının unifikasiyası xarakteri daşıyır və pensiya təminatının maliyyələşdirilməsində Dövlət Büdcəsi və Sosial Sığorta Fondunun öhdəliklərinin sərhədlərini dəqiqləşdirir.

Deputatlar Əli Məsimli və Aydın Hüseynovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:12
24 Aprel

“Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 225 nömrəli Qərarının ləğv edilməsi barədə

00:11
24 Aprel

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 04 may tarixli 204-17 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:09
24 Aprel

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

00:08
24 Aprel

Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

00:07
24 Aprel

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:06
24 Aprel

“Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:05
24 Aprel

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib  

22:26
23 Aprel

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

22:25
23 Aprel

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

22:24
23 Aprel

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub  

22:23
23 Aprel

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub  

22:22
23 Aprel

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

22:21
23 Aprel

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir 

22:20
23 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

22:03
23 Aprel

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir  

21:53
23 Aprel

Hindistanda silahlılar turistlərə hücum edib

19:39
23 Aprel

İran ABŞ-la Omanda keçiriləcək danışıqları aprelin 26-na qədər təxirə saldığını açıqlayıb

19:38
23 Aprel

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub  

19:27
23 Aprel

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb  

19:26
23 Aprel

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

19:24
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!