Düşünürəm ki, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın altıncı iclası olduqca uğurla keçdi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, bu gün altıncı iclasda nəzərdə tutulan və imzalanan protokolda gələcək fəaliyyətlə bağlı məsələlər müzakirə edilib.
“Eyni zamanda, 2020-ci ildə Kişineuda keçirilmiş beşinci iclasın yekunlarına dair protokolda öz əksini tapmış fəaliyyətlərin və istiqamətlərin, görülmüş işlərin fikir mübadiləsi aparılıb, nəticələri dəyərləndirilib. Neçə illərdir ki, Azərbaycan və Moldova arasında diplomatik, çox yaxın və dost münasibətlər mövcuddur. Bu illər ərzində 68 müqavilə imzalanıb. Beşinci iclasdan bu günə qədər əsasən daxili işlər, miqrasiya və gömrük sahələri üzrə dörd əməkdaşlıq müqaviləsi imzalanıb. Bu gün daha iki müqavilə - baytarlıq və alternativ enerji sahələrində əməkdaşlıq müqaviləsi imzalandı. Daha bir neçə müqavilə layihəsi iki ölkənin müvafiq qurumları tərəfindən razılaşdırılmaqdadır və inanıram ki, yaxın gələcəkdə bunların da imzalanmasına nail olacağıq”, - deyə nazir əlavə edib.
Məcnun Məmmədov onu da bildirib ki, iki ölkə arasında turizm potensialının varlığını və mövcudluğunu nəzərə alaraq birbaşa təyyarə reyslərinin sayının artırılması ilə bağlı razılıq əldə edilib: “Belə ki, hazırda dörd reys mövcuddur və bu, yeddi reysə qaldırılacaq. Üzümçülük və şərabçılıq sahəsində Moldovanın olduqca geniş təcrübəsi, tarixi, adət-ənənələri var. Hazırda Moldovanın bir neçə üzüm sortu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən sınaqdan keçirilir”.