Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatda və dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar ölkəmizi beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevirdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb oldu, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdi, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrildi, dünya miqyasında layiqli yerini tutdu.
Heydər Əliyev Azərbaycanın gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Məhz ulu öndərin rəhbərliyi ilə müstəqilliyini yeni bərpa etmiş ölkəmizin milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xətt müəyyən edilmişdir. Amma buna nail olmaq üçün hökumətin ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. Yəni vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata keçid təmin olunmalı, eyni zamanda bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll edilməli idi.
Xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid isə bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi və iqtisadiyyatın liberallaşdırılmasını zəruri edirdi. Demək olar ki, ö dövrdə - əmlakın 95 faizdən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdi. Başqa sözlə desək, ölkə iqtisadiyyatının ilkin özəklərini təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər və belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması həmin müəssisələrin tez bir zamanda özəlləşməsindən birbaşa asılı idi.
Mülkiyyətin özəlləşdirilməsi isə ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə şərtlənirdi. Həmin dövr mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sistemlərinin pozulması, respublikalar və müəssisələrarası iqtisadi əlaqələrin tamamilə iflic olması səbəbindən dövlət mülkiyyətində olan müəssisələrin səmərəli idarə olunması, maliyyə-iqtisadi göstəricilərinin heç olmasa əvvəlki səviyyədə saxlanılması mümkün deyildi. Bu səbəbdən müəssisələrdə çalışan işçilərin iş yerlərinin saxlanılması, nəticə etibarilə məşğulluq problemlərinin qarşısının alınması mümkünsüz olmuşdu. Eyni zamanda dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının birdən-birə kəsilməsi, müəssisələrin isə özlərinin dövriyyə vəsaitlərinin olmaması artıq iqtisadi təsiretmə faktoru olaraq onların təsərrüfat fəaliyyətində ciddi mənfi təzahürlər yaratmışdı. Satış bazarlarının itirilməsi, xammal və resurs mənbələrinin əlçatmazlığı da mövcud dövlət müəssisələrini iflas etmişdi.
Bütün oxşar tənəzzül meyilləri ölkənin makroiqtisadi göstəricilər sahəsində də təkrar olunurdu. İnflyasiyanın idarə olunmaması, ümumi daxili məhsulun həcminin davamlı aşağı düşməsi, sənaye və kənd təsərrüfatı məhsullarının azalan xətt üzrə dinamikası, daxili və xarici ticarət dövriyyələrinin kəskin aşağı düşməsi, bütün bu kimi hallarla yanaşı, işsizlik və məşğulluq sahəsindəki problemlər böhranı daha da dərinləşdirmişdi. 1991-ci ildən etibarən 1996-cı ilə - islahatlar başlayanadək ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı məhsulları, nəqliyyatda yük dövriyyəsi, pərakəndə əmtəə dövriyyəsi, kapital qoyuluşları, idxal və ixrac dövriyyələrinin həcmi hər il əvvəlki ilə nisbətən 20-25 faiz aşağı düşmüşdü. Bütün bu iqtisadi-sosial faktorlar, eləcə də ölkənin güclü milli iqtisadiyyatının formalaşması zərurəti mülkiyyətin dövlətin nəzarətindən daha səmərəli mülkiyyətçilərə verilməsini diktə edirdi.
Uzun illər boyu yaradılmış dövlət mülkiyyəti formasına əsaslanan əmlakın, müəssisə və obyektlərin özəlləşdirilməsi məsələsi radikal bazar islahatlarını əhatə edən dövlət proqramlarının əsas tərkib hissəsi olmuşdur. Azərbaycan dövləti tərəfindən özəlləşdirilməyə ilk gündən iqtisadi inkişafın əsas vasitəsi kimi vahid dövlət siyasəti formasında yanaşılmış, bu sahədəki tədbirlər əlaqəli şəkildə həyata keçirilmişdir. Bütün mərhələlərdə dövlət tərəfindən özəlləşməni həyata keçirən qurumlar qarşısında özəlləşdirmənin iqtisadi səmərə və sosial ədalət prinsipləri əsasında aparılması vəzifəsi qoyulmuşdur. Ümumiyyətlə, Azərbaycanda qəbul olunan özəlləşdirmə proqramlarının başlıca məqsədi iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərinin yaradılmasıdır. Konkret məqsədləri isə iqtisadiyyatın liberallaşdırılmasından, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsindən, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin səmərəli strukturunun yaradılmasından, iqtisadiyyatın strukturunun yenidən qurulması, inhisarsızlaşdırılma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsindən, müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasından, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılmasından ibarətdir.
Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, özəlləşdirməni həyata keçirmiş və keçirməkdə olan bəzi ölkələrdə özəlləşdirmənin digər məqsədləri (özəlləşdirmədən əlavə gəlirlər əldə edərək onun dövlət büdcəsinə köçürülməsi, fond bazarının yaradılması, qiymətli kağızlar institutunun hərəkətə gətirilməsi, dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, təsərrüfatçılıqda yeni idarəçilik metodları “nou-hau” tətbiq etmək bacarığına və imkanlarına malik investorlar cəlb edilməsi) də ortaya çıxır.
Özəlləşdirmənin qarşısında duran məqsədlərə nə dərəcədə nail olunması onun hansı model əsasında həyata keçirilməsindən çox asılıdır. Odur ki, Azərbaycanda özəlləşdirmədən öncə bir çox dövlətlərin, xüsusən Şərqi və Mərkəzi Avropanın, o cümlədən Rusiyanın, Qazaxıstanın, Baltikyanı ölkələrin özəlləşdirmə təcrübəsi öyrənilmiş və həmin təcrübələr hazırlanan proqramlarda nəzərə alınmışdır. Təhlillər əsasında ölkəmizdə özəlləşdirmənin qarışıq modeli qəbul edilmiş, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə - ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alınmışdır.
Qeyd olunan məqsəd və prinsiplər nəzərə alınmaqla Azərbaycanda özəlləşdirmənin normativ hüquqi və təşkilati bazası, həmçinin onun təşkilati əsasları yaradılmışdır. Eyni zamanda, Prezidentin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilmiş, onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olunmuş, bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırılmışdır. Vahid dövlət siyasəti olaraq müəssisələrin özəlləşdirilməsi ayrı-ayrı nazirlik və baş idarələrdə əlaqəli şəkildə həyata keçirilmişdir.
Ümumiyyətlə, bu mərhələdə qarşıya qoyulan əsas məqsəd planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi təmin etmək, sahibkarlıq sektorunu formalaşdırmaq, əhalinin geniş kütləsini bu prosesə cəlb etmək olmuşdur. Bu istiqamətdə əsasən ticarət, ictimai iaşə və xidmət sahələrinin özəlləşdirilməsi təmin edilmişdir. Sonra özəlləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini (nəqliyyat, rabitə, tikinti, kimya, quşçuluq, şərabçılıq və s.) əhatə etmişdir. Həmin dövrdə əsasən kiçik obyektlər orada işləyənlərə güzəştli satış yolu ilə, orta və iri müəssisələr hərraclar vasitəsilə, daha çox əhəmiyyət kəsb edənlər isə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmişdir.
Özəlləşdirmənin başlandığı dövrdən indiyədək xidmət, iaşə, ticarət və sair sahələrə aid 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. Bu proses zamanı orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılaraq sonradan özəlləşdirilmişdir. İndiyədək müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 1 milyard manat dövlət büdcəsinə vəsait daxil olmuşdur ki, bu da müvafiq qaydada ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilmişdir. Bundan əlavə, 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmişdir. Bu isə müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Onu da qeyd edək ki, investisiya müsabiqələrinin qalibləri həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması, yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqinə 1 milyard manatdan çox investisiya qoymuşlar.
Təhlillər göstərir ki, investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranmış, müəssisələrin istehsal ahəngi bərpa edilmiş, zəruri investisiyalar cəlb olunmuş və rəqabətqabiliyyətli istehsal-texniki və istehlak təyinatlı məhsulların istehsalına nail olunmuşdur. Eyni zamanda, həmin müəssisələrdə yeni iş yerləri açılmış, minlərlə insan işlə təmin edilmişdi.
Bu gün ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. Bu sırada “Qaradağ Sement”, “Bakıelektroqaynaq”, “Bakı Mayesiz Transformatorlar”, “Bakı Taxıl”, “Biyan”, “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Cəlilabad Broyler”, “Xanlar Aqrosənaye”, “Gəncə Şərab-2”, “Bakı Şampan Şərabları”, “Bakı Şərab-2”, “Cəlilabad Şərab-2”, “Hilton” hoteli, “Alov Qüllələri”, “Hyatt Regency”, “Cümeyrah Bilgəh” hoteli, “Azərcell” və “Bakcell” BM, ölkənin ikinci böyük bankı “Kapital Bank”ın və digər yüzlərlə belə müəssisələrin adını çəkmək olar. Onlar ötən 20 il ərzində həyata keçirilmiş özəlləşdirmənin nəticəsi olaraq hazırda uğurla fəaliyyət göstərirlər. 100 minlərlə insanın işlədiyi həmin müəssisələr ölkənin tikinti, taxılçılıq, çörək istehsalı, şərabçılıq, quşçuluq, xidmət sahələrində əsas yerləri tuturlar.
Bununla belə, özəlləşdirilmiş, lakin işləməyən və ya fəaliyyətini dayandırmış müəssisələr də mövcuddur ki, bunun da səbəbi özəlləşdirmədən asılı deyil. Belələri vaxtilə keçmiş SSRİ iqtisadiyyatı üçün nəzərdə tutulduğundan bazarlarını itirmiş və 60-70 il qabaq quraşdırılmış köhnə avadanlıqları olan müəssisələrdir. Təbii ki, onlar müasir dövrdə rəqabətqabiliyyətli məhsul istehsal edə bilməzlər. Çünki həmin müəssisələrdə istehsal edilən məhsulların maya dəyəri yüksək, keyfiyyəti isə aşağı olur. Bundan əlavə, dövlətin iri investisiya layihələri ilə bağlı dövlət sifarişlərinə yerli şirkətlərin buraxılmaması və sifarişlərin əsasən xarici şirkətlərə verilməsi, daxili bazarın qorunmaması, müxtəlif ölkələrdən ucuz və keyfiyyətsiz malların daxili bazarı tutması, yerli mallara üstünlük verilməməsi kimi halların mövcud olması da bu səbəblər sırasına aid edilə bilər.
Bu gün belə müəssisələrin fəaliyyətinin bərpası üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə əlverişli iqtisadi mühit yaradılmalı, o cümlədən yerli istehsal və daxili bazar qorunmalı, istehsal məqsədi verilən bank krediti faizləri aşağı salınmalı, özəlləşməyə xarici investorlar cəlb edilməli və s. kompleks işlər həyata keçirilməlidir
Azərbaycanda genişmiqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivlərinin üzvləri və digər vətəndaşlar işlədikləri, eləcə də maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər. Hazırda yüz minlərlə səhmdar müxtəlif ASC-lərin səhmlərinə malikdir. Onlar kooperativ idarəolunma prosesində iştirak edir, ASC-lərin fəaliyyətinin nəticələrindən asılı olaraq müəyyən gəlirlər əldə edirlər.
Ticarət, xidmət, tikinti, istehlak malları istehsal edən yüngül və yeyinti emal sahələrində dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində bazar münasibətləri tam formalaşmış, yerli tələbatın istehsalçılar tərəfindən ödənilməsi təmin olunmuş, bu sahələrə müasir texnologiya, avadanlıq və idarəetmə təcrübəsi cəlb edilmişdir. Nəticədə dövlət bir neçə il öncə çox ciddi məşğul olduğu və bəzi hallarda problemlərlə rastlaşdığı sahələrə aid təsərrüfat qayğılarından azad olmuş, bütün funksiyalar dövlətdən daha çevik və səmərəli sahibkar strukturlarına ötürülmüşdür.
Özəlləşdirmə prosesində diqqət veriləsi ən mühüm məsələlərdən biri də özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması məsələləridir. Aparılan təhlillər göstərir ki, özəlləşdirmənin ilk illərində çoxlu sayda özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin lazımi səviyyədə dəstəklənməməsi səbəbindən istehsalın bərpası, iş yerlərinin açılması və onların səmərəli fəaliyyəti təmin olunmamışdır. Əsasən emal və istehsal yönümlü müəssisələrdə (konserv, şərabçılıq, quşçuluq, yeyinti, yüngül sənaye müəssisələrində) yeni mülkiyyətçilər lazımi iqtisadi nəticələr əldə etməmişlər. Özəlləşmiş müəssisələrin dövriyyə vəsaitlərinin olmaması, özəlləşdirilənə qədər yığılıb qalmış kreditor borclar, yerli istehsalçıların mənafelərinin qorunmaması kimi problemlər onların fəaliyyətinə ciddi əngəl yaratmışdır.
Düzdür, 2000-ci ildən başlayaraq imzalanmış müvafiq fərman və sərəncamlarla özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi və sahibkarlığın inkişafı məqsədilə zəruri qərarlar qəbul edilmişdir. Özəlləşdirilən müəssisələrin dövlətə və dövlət təşkilatlarına olan borclarının silinməsi onların fəaliyyətində iqtisadi aktivliyi artırmış, investisiyaların cəlb edilməsini və təşəbbüskarlığı təmin etmişdir. Bununla belə, bu sahədə problemlərin tam həll olunduğunu demək hələ tezdir.
Yeri gəlmişkən bu yerdə bir mühüm məsələni də qeyd etmək istərdik. Məlumdur ki, keçmiş SSRİ dövründə Bakı qara metallurgiya və neft sənayesi üzrə istehsal edilən məhsulların həcminə görə ittifaq şəhərləri arasında xüsusi çəkiyə malik olmuşdur. Bu sahələrdə fəaliyyət göstərən iri müəssisələr əsasən Bakı şəhəri və ona yaxın ərazilərdə cəmləşmişdir. Sovet İttifaqı dağıldıqdan sonra həmin müəssisələrin fəaliyyətində durğunluq yaranmış, onların istehsal həcmi kəskin azalmışdır. Həmçinin həmin müəssisələrin istehsal gücü bütün Sovet İttifaqı ölkələrinin tələbatı baxımından müəyyənləşdirildiyindən müstəqillik dövründən sonra onların istehsal etdiyi məhsulların satışı üçün bazar problemi yaranmışdır. Bir sözlə, Bakının mərkəzində yerləşən, ötən əsrin müxtəlif dövrlərində inşa edilmiş həmin iri sənaye müəssisələri istər istehsalat, istərsə də ekoloji tələblər baxımından müasir standartlara cavab vermir. Üstəlik, onlar şəhərin ekologiyasını korlayır. Bunları nəzərə alan Prezident İlham Əliyev əsasən Bakının kənarında - Qaradağ, Balaxanı, eləcə də Sumqayıtda və Mingəçevirdə sənaye parkları, Neftçalada isə sənaye məhəlləsi tikilməsi barədə sərəncamlar imzalamışdır və indi belə müəssisələr yalnız həmin ərazilərdə fəaliyyət göstərəcək.
Bu məsələdən danışarkən onu da qeyd etmək lazımdır ki, bəzi hallarda keçmiş bazarların itirilməsi səbəbindən investorlar özəlləşdirdikləri müəssisələrin fəaliyyət profilini bazar konyunkturunun tələblərinə uyğun dəyişir və rəqabətqabiliyyətli yeni istehsal və xidmət sahələri yaradırlar. Buna “Göyçay-Toxucu”, “AzNar” şirə zavodu, “Masallı-Konserv”, “Embawood” mebel fabriki, “Gəncə Ağac Emalı”, “Abşeron” brendli su sayğaclarının istehsalı, “Zaqatala-Tütün”, fındıq emalı sahəsi səhmdar cəmiyyətlərini və digər müəssisələri misal göstərmək olar.
Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən geniş özəlləşdirmə proqramının hazırlanması, bu sahəyə investisiyaların cəlb edilməsi barədə tapşırıqlar verilmişdir. Artıq bu istiqamətdə tədbirlər görülməsinə başlanılmışdır - yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır. Bu prosesə yerli və xarici investorların cəlb olunması nəzərdə tutulur. Hazırkı mərhələdə əsas məqsəd büdcə yükünün azaldılması və büdcə gəlirlərinin artırılmasıdır. Həmçinin özəlləşdiriləcək müəssisələrin fəaliyyətinin yenidən qurulması, iş yerlərinin açılması, daxili tələbatın təmin edilməsi və ixracqabiliyyətli malların istehsalı da əsas prioritetdir. Bununla bağlı xarici təcrübə də nəzərdən keçirilir. Artıq beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi üçün danışıqlara başlanılmışdır. Eyni zamanda, özəlləşdirməyə xarici investorların cəlb edilməsi məqsədilə iri maliyyə institutları və fondları, strateji investorlarla danışıqların aparılması istiqamətində işlər gedir.
Özəlləşdirmə prosesində daha rasional və optimal üsulların tətbiqi və bu üsullara yenidən baxılması da nəzərdən keçirilir. Yeri gəlmişkən bildirək ki, bu zaman əsasən investisiya müsabiqələri yolu ilə özəlləşdirmə üsuluna üstünlük veriləcək. Burada hər bir müəssisəyə fərdi yanaşmalar tətbiq ediləcək. Özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, habelə müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı xarici investorlara təkliflər veriləcək.
Dövlət başçısının qeyd etdiyi kimi, özəlləşdirmə prosesi daha şəffaf olmalı, dövlətin maraqlarını təmin etməlidir. Odur ki, özəlləşdirmə prosesi tam şəffaf keçiriləcək, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bundan əlavə, yerli və xarici investorların cəlbi ilə bağlı investisiya yarmarkalarının təşkili məsələləri nəzərdən keçirilir.
Ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilmə prosesində şəffaflıq və ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Özəlləşdirmə prosesi barədə təbliğat-təşviqat tədbirlərinin həyata keçirilmə forması və qaydası “Dövlət əmlakının özəlləşdirilməsinin II Proqramı”nda da göstərilib. Belə ki, proqramın 17-ci maddəsinə əsasən, özəlləşdirmənin mahiyyəti, məqsəd və vəzifələri, səhmdarların və müəssisələrin əmək kollektivinin hüquqlarının müdafiəsi, hərraclar, müsabiqələr, onların keçirildiyi yer, vaxt, hərracda iştirak edən səhmdar cəmiyyətlər və müəssisələrə dair, habelə keçirilən hərraclar, müsabiqələr və onların nəticələri barədə komitənin mətbu orqanı “Mülkiyyət” qəzeti və komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə məlumat verilir. Dövlət əmlakının özəlləşdirilməsi üçün təyin olunan hərracın və ya müsabiqənin keçirilməsinə 30 gün qalmış müvafiq elanlar dərc edilir və həmin elan rəsmi saytda verilir. Hərrac və müsabiqələrin nəticələri isə hərrac və müsabiqə baş tutduqdan sonra 15 gün müddətində dərc edilir. Hərraca çıxarılacaq müəssisə və ya səhmdar cəmiyyət barədə elanda onun yerləşdiyi torpaq sahəsi, üzərindəki tikilinin xarakteristikası, satış üsulu, səhmlərin həcmi, nominal dəyəri, buraxdığı məhsullar və əmək kollektivi barədə məlumatlar əks olunur. Nəticələrdə müəssisənin ünvanı, dövlət büdcəsinə ödənilməli vəsaitin məbləği, satılmış səhmin miqdarı və növü, hesablaşma qaydası kimi məlumatlar verilir. Həmçinin müəssisələrin iqtisadi, texniki və maliyyə-təsərrüfat göstəriciləri, onların illik hesabatları “Mülkiyyət” qəzetində dərc edilir.
Dövlət əmlakının özəlləşdirilməsində 2012-ci ildən başlayaraq elektron xidmətlər də tətbiq olunur. Komitənin 31 elektron xidmətindən 8-i məhz hərraclarda iştirakla bağlıdır. Bu xidmətlərə səhmdar cəmiyyətlərinin səhmlərinin, kiçik və orta müəssisələrin, dövlətin balansında olan nəqliyyat vasitələrinin, müsadirə edilmiş əmlakların satışı, əmək kollektivi üzvlərinə güzəştli satışa dair hərraclarda iştirak üçün müraciətlərin qəbulu aiddir. Belə xidmətlər komitənin elektron xidmətlər portalı və ya “Elektron hökumət” portalı üzərindən vətəndaşlara və digər istifadəçilərə təqdim olunur.
İndiyədək özəlləşdirmə prosesi dövlət əmlakının özəlləşdirilməsinin I və II dövlət proqramlarına və bu sahəni tənzimləyən qanuna əsasən aparılıb. Əsas məqsəd dövlət mülkiyyətinin özəl mülkiyyətə transformasiya edilməsi idi ki, buna da nail olunmuşdur. Hazırda özəl sektorun ÜDM-də xüsusi çəkisinin 80 faizdən çox olması bunun əyani təsdiqidir.
Bu gün Azərbaycanın özəlləşdirmə sahəsində geniş təcrübəsi var. Məhz bu təcrübə əsasında hətta bir sıra strateji müəssisələr də özəlləşdirilib. Bunlara “Azərcell” və “Bakcell” BM-dəki dövlət paylarının, ölkənin ikinci ən böyük bankı olan “Kapital Bank”ın, iri sənaye müəssisələrindən “Qaradağ Sement”, iri şərabçılıq müəssisələri, quşçuluq fabrikləri, mehmanxana komplekslərinin və digər iri müəssisələrin özəlləşdirilməsini misal göstərmək olar.
Bütün bunlar ağır problem və çətinliklərdən keçərək hələ 20 il əvvəl ulu öndər tərəfindən müəyyən edilmiş müdrik siyasətin nəticəsində mümkün olmuşdur və həmin siyasəti bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir.
Rüstəm ŞAHBAZOV,
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir
Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb
Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb
Azərbaycan millisi Haitiyə məğlub olub
Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib
ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb
Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub
Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq
Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb
“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq
Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq
Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!