Havanın dəyişməsi, günəş işığının azalması və rütubətin artması ilə müşahidə edilən payız aylarında insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Statistikaya görə, xroniki xəstəliklərin kəskinləşməsi də məhz bu mövsümə təsadüf edir. Mütəxəssislər bildirirlər ki, fəslin dəyişməsi ilə əlaqədar yaranan stress sağlam insanlara da mənfi təsir göstərir.
Gün qısalması depressiyaya səbəb olur
Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova bildirir ki, payızda yuxusuzluq, baş ağrıları, həzm problemləri və bu kimi digər hallara daha çox rast gəlinir: "Simptomların bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir göstərən dəyişikliklərə uyğunlaşmağa məcbur oluruq".
N.Qasımova deyir ki, payızın gəlişi ilə günlər qısalır, havanın temperaturu aşağı düşür və yağışlar başlayır. Orqanizmin vəziyyətinə ən çox təsir edən amil də işıq saatlarının getdikcə azalmasıdır. "Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir. Yorğunluq, diqqətin zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir", - deyə həkim bildirib.
Yorğunluq və yuxu pozuntusunun səbəbi vitamin çatışmazlığıdır
Payız aylarında insanlarda yorğunluq, səbəbsiz narahatlığın müşahidə edildiyini bildirən həkim bu göstəricilərin tibbi açıqlamasının mövcud olduğunu deyir: "Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir. Qidalanmaya diqqət etməli və rasionda bol vitaminli yeməklərə üstünlük verərək immunitet sistemimizi gücləndirməliyik. Ən önəmlisi mütəxəssis məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür".
N.Qasımova bundan əlavə, immunitetin güclənməsində mühüm rol oynayan C vitamininin immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malik olduğunu, B qrupu vitaminlərinin isə maddələr mübadiləsində aktiv iştirakı ilə yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırdığını da bildirir.
"Əhvali-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur. Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəaliyyətini dayandıra bilər. Belə olduqda bədənin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır. Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir", - deyə həkim bildirib.
Açıq havada aktiv fiziki fəaliyyət hər fəsildə tövsiyə edilir
Payız mövsümünün allergiyası olan şəxslər üçün narahatlıq yarada biləcəyini bildirən mütəxəssis müxtəlif bitkilərin polenlərinin allergik reaksiyalara səbəb olduğunu qeyd edir: "Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər. Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq hava fəaliyyətlərindən yayınmaq lazımdır. Eyni zamanda otaqda hava saflaşdırıcılarından istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul etmək və təmizliyə riayət etmək vacibdir".
N.Qasımova qida rasionuna faydalı elementlərin bol olduğu mövsümi meyvə və tərəvəzlərin əlavə edilməsini tövsiyə edir: "Balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar və qoz kimi qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidrat və faydalı yağlar mövcuddur. Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsümi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir".
Havaların kəskin soyuması və temperatur dəyişiklikləri nəticəsində insanların açıq havada keçirdiyi vaxtın nəzərəçarpacaq dərəcədə azaldığını vurğulayan mütəxəssis iqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etməyin yanlış fikir olduğunu bildirir. Onun sözlərinə görə, təbiətdə gəzintilər, velosiped sürmək, eyni zamanda mövsümi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) istifadə həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"