“Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq, yoluxma hava-damcı yolu ilə baş verir. Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96 faiz təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova deyib. O qeyd edib ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.
“Xəstəlik özünü büruzə verməmişdən öncə xəstə inkubasion (gizli) dövr keçirir. Bu dövr 6-17 gün çəkə bilər. Başlanğıcda xəstədə qripə oxşar əlamətlər, yəni halsızlıq, iştahasızlıq, uşaqlarda çəki itkisi, alt göz qapağının şişkinliyi, gözün selikli qişasının hiperemiyası, zökəm, bədən temperaturunun 37,2-37,5 dərəcəyə kimi yüksəlməsi müşahidə olunur. Məhz bu zaman qızılcaya xas spesifik əlamət olan yanağın selikli qişasında “koplik ləkələr” adlanan səpgiləri görünür.
Tezliklə xəstənin hərarəti 39-40 dərəcəyə kimi yüksəlir, kəskin baş ağrıları, səsin kobudlaşması, işıqdan qorxma, quru öskürək başlayır. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burunun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur”,- deyə infeksionist bildirib.
A.Əkbərova qızılcaya qarşı peyvəndin faydalarından danışıb: “Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlər gətirilir. Bir daha valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, obyektiv əks göstəriş olmadan ölkədə mövcud olan peyvəndlər təqvimindən yayınma hallarına yol verməsinlər. Bu təqvimə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir”.