Xəbər verildiyi kimi, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşləri keçirilib. İki ölkə arasında bir sıra sahələrdə sənədlər imzalanıb və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Eyni zamanda Prezident İlham Əliyev "Dostluq" neftdaşıyan tankerini Türkmənistana hədiyyə edib. Tankerin onlayn formatda bağışlanma mərasimi baş tutub.
Milli Məclisin deputatı Hikmət BABAOÜLU qəzetimizə açıqlamasında deyib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və imzalanan sənədlər iki ölkə münasibətlərində tarixi hadisə kimi yadda qalacaq: "Çünki bu görüş və imzalanan sənədlər Azərbaycan və Türkmənistan arasında əlaqələri tamamilə yeni bir səviyyəyə qaldırdı. Əlbəttə, tarixən eyni etnik kökdən, dildən, eyni mədəniyyətdən gələn xalqların münasibətlərinin indiki mürəkkəb beynəlxalq əlaqələr sistemində hüquqi platformaya transfer edilməsi, xalqlarımızın ortaq rifahı üçün iqtisadi əlaqələrin dərinləşdirilməsi kimi imkanların yaradılması, şübhəsiz ki, hər iki xalqa töhfə verəcək".
H.Babaoğlu qeyd edib ki, imzalanan sənədlər enerji sahəsində əməkdaşlıqdan tutmuş bank-maliyyə, səhiyyə, kommunikasiya əlaqələrinə qədər çoxvektorlu seqmentlərdən ibarətdir: "Bu isə onu göstərir ki, Xəzər hövzəsində şərq-qərb vektorunda yeni iqtisadi əməkdaşlığın təməli qoyulur. Bu, eyni zamanda Xəzər hövzəsi ölkələrində iqtisadi əməkdaşlığın şaxələnməsi üçün yeni imkanlar yaradır".
Həmsöhbətimiz xatırladıb ki, təqribən bir il əvvəl Türkmənistanda Özbəkistan-Türkmənistan-Azərbaycan prezidentlərinin görüşü baş tutmuş, Trans-Xəzər marşrutunun aktuallaşması və Türkmənistanın həm də tranzit ölkəyə çevrilməsi ilə bağlı yeni imkanlar müzakirə olunmuşdur: "Hazırda dünyada baş verən mürəkkəb geoiqtisadi proseslər kontekstində enerjinin əhəmiyyəti artıb. Türkmənistan böyük enerji resurslarına malikdir və uzun illərdir ki, Avropa bazarına çıxmaq üçün yollar axtarır. Hazırda belə bir fürsət yaranıb. Üstəlik, Türküstan coğrafiyasının digər iqtisadi əlaqələri üçün Azərbaycan hazırda Zəngəzur dəhlizi - TRIPP marşrutu üzərində işləyir ki, bu da Türkmənistanın Avropaya açılan ən qısa və rahat qapısı olacaq. Bütün bunlar nəticə etibarilə hər iki ölkənin iqtisadi təhlükəsizlik maraqlarına da xidmət edir".
Deputat məsələnin mənəvi tərəflərindən söz açaraq bildirib ki, ötən il Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Azərbaycan Prezidentinin bir-birinə at bağışlaması ilə başlayan bu mənəvi münasibətlər bu gün hüquqi müstəvidə çoxsaylı sənədlərdə öz əksini tapır: "Eyni zamanda Türkmənistan Füzuli şəhərinə məscid hədiyyə edib, Azərbaycan isə Türkmənistana neft daşıyan tanker bağışlayıb". H.Babaoğlunun fikrincə, tankerin bağışlanması iki ölkə arasında nəqliyyat körpüsü deməkdir, həmçinin bu yolun böyük perspektivini özündə simvolizə edən hədiyyədir.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"