Enerji təhlükəsizliyi olmadan iqtisadi inkişaf mümkün deyil
XXI əsr özünün üçüncü onilliyini yaşayarkən dünya yeni bir həqiqətlə üz-üzə qalıb: enerji artıq yalnız iqtisadi inkişafın resursu deyil, qlobal siyasətin istiqamətini müəyyən edən əsas amillərdən biridir. Son illər baş verən geosiyasi qarşıdurmalar, enerji bazarlarındakı dalğalanmalar, təchizat zəncirlərinin pozulması və iqlim gündəliyi ətrafında formalaşan yeni çağırışlar beynəlxalq münasibətlər sistemində enerjinin rolunu daha da artırıb. Məhz belə bir dövrdə bu ayın əvvəlində Bakıda keçirilmiş növbəti "Enerji Həftəsi" təkcə peşəkar enerji forumu deyil, həm də qlobal enerji gündəliyinin mühüm müzakirə platforması kimi diqqət çəkdi.
Əslində, Bakıdan verilən əsas mesaj enerji sektorunun texniki məsələlərindən daha geniş məna daşıyırdı. Bu mesaj dünya siyasətinin yeni mərhələyə qədəm qoyduğunu, enerji təhlükəsizliyinin yenidən beynəlxalq münasibətlərin mərkəzinə qayıtdığını və Azərbaycanın bu prosesdə artıq regional deyil, qlobal əhəmiyyət daşıyan aktora çevrildiyini nümayiş etdirdi.
Müasir dünyanın enerji xəritəsinə nəzər saldıqda maraqlı bir mənzərə yaranır. Bir tərəfdən, aparıcı dövlətlər "yaşıl keçid" və karbon neytrallığı hədəflərindən danışırlar. Digər tərəfdən isə qlobal iqtisadiyyatın və sənayenin dayanıqlı fəaliyyəti üçün ənənəvi enerji resurslarına ehtiyac əvvəlki qədər, hətta bəzi hallarda daha yüksək olaraq qalır. Son illər Avropada yaşanan enerji böhranı, Yaxın Şərqdəki geosiyasi gərginliklər və dünya bazarlarında baş verən qiymət dəyişiklikləri göstərdi ki, enerji təhlükəsizliyi olmadan iqtisadi təhlükəsizlikdən danışmaq müm-kün deyil. Bu reallıq yeni geosiyasi düzənin formalaşmasına səbəb olur. Bir vaxtlar enerji bazarlarında əsas məsələ hasilat həcmləri idisə, bu gün əsas sual etibarlı tərəfdaşın kim olmasıdır. Çünki enerji resurslarının mövcudluğu qədər onların sabit, fasiləsiz və siyasi risklərdən kənar şəkildə bazarlara çatdırılması da vacibdir. Məhz burada Azərbaycanın rolu xüsusi əhəmiyyət qazanır.
Son otuz ildə Azərbaycan təkcə neft və qaz hasil edən ölkə kimi deyil, həm də etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz formalaşdırıb. Bu nüfuz birdən-birə yaranmayıb. O, uzunmüddətli strategiyanın, ardıcıl siyasətin və düşü-nülmüş enerji diplomatiyasının nəticəsidir.
1990-cı illərin əvvəllərində ağır iqtisadi və siyasi vəziyyətlə üzləşən Azərbaycan təbii sərvətlərdən istifadə etməklə dövlət müstəqilliyini möhkəmləndirmək yolunu seçdi. O dövrdə qəbul edilən qərarlar sonradan ölkənin inkişaf trayektoriyasını müəyyənləşdirdi. "Əsrin müqaviləsi" ilə başlayan proses tədricən yeni enerji infrastrukturunun yaradılmasına, beynəlxalq investisiyaların cəlb edilməsinə və Azərbaycanın qlobal enerji sisteminə inteqrasiyasına gətirib çıxardı. Bu gün həmin strategiyanın nəticələri artıq konkret faktlarla ifadə olunur. Azərbaycan qazı Avropanın müxtəlif regionlarına çatır, ölkə beynəlxalq enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir, enerji diplomatiyası isə xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrilib.
Ən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi gəlir əldə etməyə yönəlməyib. Bu siyasət paralel olaraq regional əməkdaşlıq platformalarının yaranmasına, yeni nəqliyyat və logistika dəhlizlərinin formalaşmasına, siyasi dialoqun genişlənməsinə və etimad mühitinin qurulmasına xidmət edib.
Əgər bu gün Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsində Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirirsə, bunun səbəbi yalnız qaz həcmləri deyil. Əsas səbəb Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, enerji təchizatında etibarlı mövqe nümayiş etdirməsi və geosiyasi dəyişikliklər fonunda sabit tərəfdaş kimi çıxış etməsidir.
"Bakı Enerji Həftəsi"ndə səslənən fikirlər də məhz bu həqiqəti bir daha təsdiqlədi. Tədbirdə iştirak edən beynəlxalq təşkilatların, enerji şirkətlərinin və müxtəlif ölkələrin nümayəndələrinin çıxışlarında ortaq məqam diqqəti cəlb edirdi: dünya enerji sistemində etibarlılıq amili hər zamankından daha vacibdir. Bu baxımdan Azərbaycanın enerji siyasəti son illərdə yeni mərhələyə qədəm qoyub. Əgər əvvəlki dövrdə əsas diqqət neft və qazın hasilatına və ixracına yönəlmişdisə, indi gündəmdə daha geniş məsələlər dayanır. Buraya enerji təhlükəsizliyi, "yaşıl enerji" keçidi, regional enerji inteqrasiyası və yeni enerji dəhlizlərinin formalaşdırılması daxildir.
Müasir dövrün maraqlı paradokslarından biri ondan ibarətdir ki, "yaşıl enerji" keçidindən ən çox danışılan bir vaxtda təbii qaza olan tələbat da artır. Bir çox beynəlxalq təşkilatların hesabatları göstərir ki, qarşıdakı onilliklərdə təbii qaz qlobal enerji balansında mühüm yer tutmağa davam edəcək. Bunun əsas səbəbi qazın həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm də "yaşıl keçid" dövründə körpü enerji mənbəyi kimi çıxış etməsidir.
Azərbaycan bu prosesi düzgün qiymətləndirən ölkələrdən biridir. Ölkə bir tərəfdən mövcud neft-qaz potensialından səmərəli istifadə edir, digər tərəfdən isə gələcəyin enerji sisteminə inteqrasiyanı sürətləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "yaşıl enerji" layihələri bu baxımdan xüsusi diqqətə layiqdir. Bir neçə il əvvəl hərbi əməliyyatların getdiyi ərazilərdə bu gün yeni hidroelektrik stansiyalar, günəş və külək enerjisi layihələri reallaşdırılır. Bu, təkcə iqtisadi layihə deyil, həm də Azərbaycanın gələcəyə baxışının göstəricisidir.
Dünyada enerji keçidi ilə bağlı ən ciddi problemlərdən biri ənənəvi və bərpaolunan enerji arasında tarazlığın qorunmasıdır. Bir çox ölkələr ya sürətli keçid səbəbindən enerji çatışmazlığı riski ilə üzləşir, ya da köhnə modeldən tam imtina edə bilmirlər. Azərbaycan isə daha praqmatik yanaşma nümayiş etdirir. Burada ənənəvi enerji "yaşıl enerji"yə keçidin maliyyə bazasını formalaşdırır, "yaşıl enerji" isə gələcək inkişafın əsas istiqaməti kimi nəzərdən keçirilir. Məhz buna görə də "Bakı Enerji Həftəsi"ndə yalnız neft və qaz layihələri deyil, "yaşıl enerji" dəhlizləri, elektrik kabelləri və regional enerji bağlantıları da geniş müzakirə olundu. Qara dəniz vasitəsilə Avropaya uzanacaq "yaşıl enerji" layihələri, Mərkəzi Asiya ilə enerji əməkdaşlığının genişləndirilməsi və yeni ixrac marşrutlarının yaradılması, əslində, daha böyük geosiyasi mənzərənin hissəsidir. Bu mənzərədə Azərbaycan Şərqlə Qərbi birləşdirən strateji qovşağa çevrilir.
Bir neçə il əvvəl daha çox enerji istehsalçısı kimi tanınan ölkə bu gün enerji marşrutlarını formalaşdıran, regional əməkdaşlıq platformaları yaradan və yeni enerji təhlükəsizliyi modelinin iştirakçısı olan dövlət kimi çıxış edir. Bu transformasiya təsadüfi deyil. Son onilliklər ərzində həyata keçirilən siyasət nəticəsində Azərbaycan özünü yalnız resurs sahibi kimi deyil, həm də məsuliyyətli tərəfdaş, etibarlı tranzit ölkə və regional sabitlik amili kimi təqdim edə bilib.
Bütün bunlar isə yeni geosiyasi reallığın formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
Bu gün beynəlxalq münasibətlər sistemində güc anlayışı dəyişir. Artıq dövlətlərin təsir imkanları yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Enerji, logistika, texnologiya və kommunikasiya imkanları da qlobal gücün mühüm elementlərinə çevrilib. Azərbaycan son illərdə məhz bu istiqamətdə mövqeyini gücləndirir. Enerji layihələri ilə nəqliyyat dəhlizlərinin, regional əməkdaşlıq formatlarının və iqtisadi inteqrasiyanın paralel inkişafı ölkənin geosiyasi çəkisini artırır.
"Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan yeni sənədlər, əldə olunan razılaşmalar və səslənən fikirlər göstərdi ki, Azərbaycanın enerji gündəliyi artıq yalnız ölkədaxili inkişaf məsələsi deyil. Bu gündəlik daha geniş coğrafiyanı əhatə edən beynəlxalq proseslərin bir hissəsinə çevrilib. Məhz buna görə də Bakıdan verilən enerji mesajı təkcə enerji bazarlarına deyil, bütövlükdə beynəlxalq siyasətə ünvanlanmış mesaj kimi qəbul edilməlidir.
Bu mesajın mahiyyəti sadədir: enerji təhlükəsizliyi olmadan iqtisadi inkişaf mümkün deyil; etibarlı tərəfdaşlıq olmadan enerji təhlükəsizliyi təmin edilə bilməz; uzunmüddətli strateji baxış olmadan isə nə tərəfdaşlıq, nə də dayanıqlı inkişaf mümkündür. Azərbaycanın son 30 ildə keçdiyi yol bu həqiqətin təsdiqidir.
Dünya yeni geosiyasi reallığın astanasındadır. Enerji bazarları dəyişir, yeni marşrutlar yaranır, yeni əməkdaşlıq formatları formalaşır. Bütün bu proseslərin fonunda Bakı yalnız hadisələri izləyən deyil, onları formalaşdıran mərkəzlərdən biri kimi çıxış edir. "Bakı Enerji Həftəsi"nin ən mühüm nəticəsi də məhz budur: Azərbaycan artıq qlobal enerji gündəliyinin iştirakçısı deyil, onun istiqamətlərini müəyyənləşdirən aktorlardan biridir.
Yaşar MƏMMƏDOV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru