Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təminatı günümüzün müzakirə olunan aktual məsələlərindəndir. Bu il may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən sonra iyunun 18-də Bakının evsahibliyi etdiyi İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında da bu mövzu aktual olub.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında bir daha bildirib ki, ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız tam aydındır. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmaq planlaşdırılır. Suvarma sahəsində yeni uğurlara imza atılacaq. Bu istiqamətdə İslam İnkişaf Bankının da sanballı töhfələri gözlənilir. Belə ki, bu bankın su kanalları və su anbarlarının tikintisinə verdiyi dəstək sayəsində fermerlər su ehtiyatlarına daha geniş çıxış əldə edəcəklər. Bu da onlara istehsalda məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Ölkəmiz 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür. İİB və Azərbaycan arasındakı əməkdaşlıq ölkənin iqtisadi inkişafı və beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bu bank nəqliyyat, enerji və sosial infrastruktur layihələrinin maliyyələşməsində fəal iştirak edir. İİB ilə əməkdaşlıq ölkəmizin iqtisadi potensialının artırılması, regionlarda həyata keçirilən layihələrin maliyyələşməsi ilə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verir.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərində İİB-lə əməkdaşlıq ölkəmiz üçün əlavə imkanlar yaradır. İslam İnkişaf Bankı Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casir Bakıda keçirilən tədbirdə Qarabağın azad edilməsindən sonra qurumun Azərbaycanla əməkdaşlığının daha da genişləndiyini bildirib. Həmin bölgədə gedən bərpa və yenidənqurma işlərini yerində görmək üçün qrupun sədri hətta iki dəfə oraya səfər edib. O, baş verən inkişafın təsiredici olduğunu deyir: "İlk maliyyələşdirdiyimiz layihələrdən biri su və irriqasiya sistemi ilə bağlı idi. Hazırda isə 430 milyon dollardan çox böyük bir layihə üzərində çalışırıq. Bu layihə kanalların bərpasını və su itkisinin qarşısının alınmasını nəzərdə tutur".
İİB ilə əlaqələr başladığı vaxtdan indiyədək Azərbaycanda 1,3 milyard dollardan çox layihə olub. İndi isə avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla, digər sahələrə baxılır. İİB hökumətin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı transformasiya xarakterli layihələri dəstəkləməyə hazır olduğunu bəyan edib. "Biz bu layihələrin həyata keçirilməsinə əlavə dəyər və təcrübə gətirə biləcəyimizə inanırıq", - deyə Məhəmməd Süleyman Əl-Casir bildirib.
Xatırladaq ki, mayın 7-də maliyyə naziri Sahil Babayev və həmin vaxt ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında da görüş olmuşdu. Görüşdə Azərbaycan-İİB əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdi. Keçiriləcək toplantıların uğurlu olacağına və əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platformaya çevriləcəyinə əminlik ifadə edilmiş, bank tərəfindən həmin vaxtadək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard dollardan artıq vəsait ayrıldığı diqqətə çatdırılmışdı.
Qeyd edək ki, Azərbaycan-İİB əməkdaşlığı çərçivəsində icra olunan "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır. Eyni zamanda bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.
Sözügedən görüş zamanı Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı. Bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanmışdı.
Son görüş və tədbirlər bir daha aydın göstərir ki, İslam İnkişaf Bankı Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdan qürur duyur.
Flora SADIQLI,
"Azərbaycan"