Saatlıda keçirilən regional müşavirədə bu keçidin əsas istiqamətləri müzakirə edildi
Torpaq əsrlər boyu Azərbaycan insanı üçün yalnız dolanışıq mənbəyi olmayıb, həm də zəhmətin, ruzi-bərəkətin, milli sərvətin və dövlətin iqtisadi qüdrətinin əsas dayaqlarından biri kimi qəbul edilib. Bu baxımdan müasir dövrün çağırışları aqrar sahəyə münasibətdə də yeni yanaşmalar tələb edir.
İqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması, qlobal ərzaq bazarında baş verən proseslər artıq kənd təsərrüfatında yalnız ənənəvi üsullarla yüksək nəticələr əldə etməyin mümkünsüz olduğunu göstərir. Bu gün əsas məsələ daha çox torpaq əkmək deyil, mövcud resurslardan daha səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmaqdır.
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" məhz bu yeni inkişaf fəlsəfəsinin ifadəsidir. Aqrar sektorda keyfiyyətcə yeni mərhələnin əsasını qoyan proqramın icrasına həsr olunmuş Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirənin Saatlıda keçirilməsi isə təsadüfi deyildi. Çünki Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarını əhatə edən bu iqtisadi region ölkənin taxılçılıq, pambıqçılıq və heyvandarlıq potensialının mühüm hissəsini özündə cəmləşdirir.
Müşavirəyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov sədrlik edirdi. Prezidentin köməkçisi çıxışında son onillikdə aqrar sahədə həyata keçirilmiş islahatların nəticələrinin yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırdı. Onun sözlərinə görə, üzümçülükdən pambıqçılığa, çayçılıqdan baramaçılığa qədər bir sıra ənənəvi sahələr üzrə qəbul edilən dövlət proqramları mühüm nəticələr verib, meyvə-tərəvəz və yumurta istehsalında tam özünütəminetmə səviyyəsinə nail olunub, bir çox məhsullar üzrə daxili təminat göstəriciləri yüksəlib. N.Əmirov onu da vurğuladı ki, yeni dövlət proqramı qarşıdakı dövr üçün aqrar sektorun inkişaf modelini müəyyən edən strateji yol xəritəsidir: "Əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və daha keyfiyyətli məhsul əldə etməkdir. Aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçid təmin edilməlidir".
Dövlət rəsmisi qeyd etdi ki, yeni proqram məhsul istehsalının artırılması, emal və ixrac imkanlarının genişləndirilməsi, əlavə dəyər zəncirinin formalaşdırılması, balıqçılıq və akvakultura sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatında proqramın strukturunu və qarşıdakı illər üçün müəyyən edilmiş əsas hədəfləri iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, proqram 5 strateji məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət sahəsini, 86 konkret tədbiri və 23 hədəf indikatorunu özündə birləşdirir. Onun sözləri ilə desək: "Bu sənəd ümumi niyyətlər toplusu deyil, konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır".
İlhamə Qədimova həmçinin vurğuladı ki, yeni mərhələdə əsas məqsəd torpaq və su ehtiyatlarından səmərəli istifadə etməklə məhsuldarlığın maksimum artırılmasıdır: "Biz daha çox torpaqdan istifadə etməklə deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmalıyıq".
Müşavirədə diqqətçəkən məqamlardan biri aqrar sahədə rəqəmsallaşmanın yeni mərhələyə qədəm qoyması ilə bağlı oldu. Qeyd olundu ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin məlumat bazaları genişləndiriləcək, süni intellekt həlləri tətbiq olunacaq, peyk müşahidələri, torpaq və su ehtiyatları barədə məlumatlar idarəetmədə geniş istifadə ediləcək. Bu yanaşma kənd təsərrüfatında elmi əsaslara söykənən idarəetmə sisteminin formalaşdırılmasını nəzərdə tutur. İlhamə Qədimova diqqəti Mil-Muğan iqtisadi rayonunun ölkənin taxılçılıq və pambıqçılıq strategiyasında mühüm yer tutduğuna yönəltdi. Bildirdi ki, ölkə üzrə 22 rayon taxılçılıq, 15 rayon isə pambıqçılıq üzrə hədəf rayonlar kimi müəyyən olunub və Mil-Muğan iqtisadi rayonunun bütün rayonları bu siyahıya daxildir. Qeyd edildi ki, yeni proqram çərçivəsində hədəf rayonlarda buğda və pambıq üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə müasir suvarma sistemləri genişləndiriləcək, texnika təminatı yaxşılaşdırılacaq, lazer hamarlama texnologiyası tətbiq olunacaq, dövlət dəstəyi mexanizmləri gücləndiriləcək, aqrotexniki tədbirlərə nəzarət artırılacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev çıxışında su resurslarından səmərəli istifadənin proqramın əsas prioritetlərindən biri olduğunu vurğuladı. Bildirdi ki, iqlim dəyişiklikləri fonunda müasir suvarma sistemlərinin tətbiqi artıq zərurətə çevrilib. "2026-2030-cu illər üzrə dövlət proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir. Su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadə əsas vəzifələrdəndir". Əlavə etdi ki, proqrama əsasən, hazırda 130 min hektar olan müasir suvarma sistemləri ilə təmin edilmiş sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması planlaşdırılır.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun aqrar potensialından danışdı, taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluqda mühüm nəticələr əldə olunduğunu qeyd etdi. O, su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun inkişafı və dayanıqlı kənd təsərrüfatının formalaşdırılmasını əsas vəzifələrdən biri kimi dəyərləndirdi.
Müşavirədə Beyləqandan "Qarabağ Toxum" MMC-nin direktoru Rəcəb Orucov, İmişlidən "R-Aqro" MMC-nin meneceri Pərviz Məmmədov, Saatlıdan "İD-Aqropark" MMC-nin direktoru Xanlar Həmidov, Sabirabaddan "Apeks Agro" MMC-nin direktoru Cavid Muxtarov çıxış edərək rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və perspektivləri barədə məlumat verdilər. Onlar dövlət proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın genişlənməsinə, məhsuldarlığın yüksəlməsinə və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verəcəyini ümidvar olduqlarını dedilər.
Dövlət proqramının icrası üçün dövlət xətti ilə 2 milyard, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox investisiyanın cəlb olunması nəzərdə tutulur. Bu fakt aqrar sahənin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir.
Saatlıda keçirilən regional müşavirə bir daha göstərdi ki, qarşıya qoyulan hədəflərə nail olmaq yalnız dövlət qurumlarının deyil, fermerlərin, sahibkarların, aqroparkların, emal müəssisələrinin və özəl sektorun birgə fəaliyyəti nəticəsində mümkün olacaq. 2026-2030-cu illər üçün dövlət proqramı da məhz bu məqsədə xidmət edir. Sənəd yalnız növbəti 5 ilin fəaliyyət proqramı deyil, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar iqtisadiyyatın formalaşmasına hesablanmış yeni inkişaf strategiyasıdır. Azərbaycan kəndinin sabahı məhz bu strategiyanın uğurla reallaşmasından keçir. Çünki bərəkət təkcə torpaqda deyil, həm də düzgün müəyyən edilmiş dövlət siyasətindədir.
Elşən QƏNİYEV,
"Azərbaycan"