15 Mart 2022 00:36
2026
Mədəniyyət
A- A+
İlaxır Çərşənbə

İlaxır Çərşənbə

 

Xalqımız mifoloji düşüncədən qaynaqlanaraq su, od, hava və torpağı əsas yaranış ünsürləri olaraq qəbul etmiş, xaosdan həmin bu dörd ünsürün ayrılması hadisələrini rituallarla keçirmişdir. Bu ənənə müasir dönəmdə də “Novruz çərşənbələri” adı ilə yazın gəlişi ərəfəsində xüsusi ayin və mərasimlərdə yaşadılır. Novruz bayramının ən təntənəli  mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Torpaq çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.

Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”. Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur.  “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz” və s.

Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır.  Bir rəvayətə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbə bayramı tədbirilə torpağı oyatmağa çalışırlar.

 

Səsləndi xoruz banı,

Açıldı sübhün danı,

İlin yaz fəsli gəldi,

Qızdı torpağın canı.

 

Torpaq çərşənbəsi ilə əkinçilər işə başlayırlar. Yerlər şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə,  axır çərşənbə günü qadınlar, qızlar çillələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.

 Torpaq çərşənbəsinin də özünəməxsus inancları, xüsusiyyətləri var.  Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, onlara qonaq getməyə başlayır, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarətə gedirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhvali-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq əlamətiymiş. Hətta İlaxır çərşənbədə yandırılan şamlar ev sakinlərinin sayından bir ədəd çox qoyulur. Həmin əlavə şam ruhlar adına yandırılır.

Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə  “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.

İlaxır çərşənbədə ağacla bağlı inanclardan biri heyva çubuğundan gözmuncuğu düzəldilməsidir. Hətta bu çərşənbədə uşaqlar üçün düzəldilən beşiyin də xeyirli olacağına inanarmışlar. Bu da türk düşüncəsindəki ağac kultu ilə bağlıdır. Türk düşüncəsi yaradılışdan bəhs edərkən ağacı bu hadisənin ana motivi kimi göstərir: Öncə yerdən doqquz budaqlı bir ağac yüksəltmiş, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından birini yaradaraq bu doqquz insana ağac kölgəsində yaşamaq imkanı vermişdir. Bu düşüncədən irəli gələrək zamanla ağac müqəddəsləşdirilmiş, qoruyucu motiv də qazanmışdır.

 Axır çərşənbə çoxsaylı və sınanmış falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmişlər. Yumurta kömür ilə yazılarsa, niyyətin baş tutacağına inanırmışlar.

İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri “Qurşaqatma”dır. Sonradan bu ənənənin adı “Papaqatdı” ilə əvəzlənmişdir. Uşaqlar Novruz payı toplamaq məqsədilə evlərə şal sallamışlar. Müasir dövrdə isə bu ənənəni papaq ataraq həyata keçirirlər. Qədim dövrlərdə hətta oğlanlar  sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan  şal sallayar, bununla da qızların onlara meyli olub-olmadığını öyrənərmişlər: ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış.

 İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar su dolu stəkana sapa və ya saça bağlanmış üzüyü üç dəfə salıb-çıxarır. Üzük neçə dəfə stəkanın qırağına dəyərsə, qızın o yaşda ailə quracağına inanırlar. Digər bir fala görə, qız yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf  gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir.  İnanca görə, gənc qızlar  duzlu kökə yeyib və ya on alma toxumunu  başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzüstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.

İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla  bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi də vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa (qorğa)  qoyulur. Çərşənbə, bayram xonçalarına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı Günəşin, istiliyin, şəkərburanı Hilalın - Ayın, paxlava isə ulduzun yerdəki rəmzi kimi götürülür. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

Rəngli yumurtalar Novruzun əsas atributlarındandır. Dörd ünsürü özündə cəmləyən yumurta, əsasən, soğan qabığı ilə rənglənərək süfrələri bəzəmişdir. Yumurtanın qabığı torpağı, pərdəsi havanı, ağı suyu, sarısı odu rəmzləşdirir. Rəngli yumurtalar torpağın canlanmasına işarədir. “Yumurta döyüşdürməsi” qışla yazın, soyuqla istinin mübarizəsini ehtiva edir. Bu oyunda sınan yumurta məğlubiyyəti göstərir. Məğlub olanlar sınan yumurtaları qalib gələnə verirlər.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət çəkir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da var. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanmışlar.

Səməni ovsununda oğul-qız sahibi olmuş qadın göyərdilmiş səmənini İlaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır.  Övlad sahibi olan  başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir:

 

Arpa, buğda dənidi,

Göyərən səmənidi,

Kəsdim, gəlin, çilləni,

Övlad vermək dəmidi.

 

Səməni nəziri adəti də bu günə kimi nəsildən-nəslə ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər.  Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlamına gəlir.  Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər.

İlaxır çərşənbə ilə bağlı adət-ənənələr nəsildən-nəslə ötürüldükcə müxtəlif variantlara salınmış, bəziləri unudulmuş, bəziləri isə yeni şəkil almış, müasir dövrün tələblərinə uyğun dəyişmiş, əski düşüncədəki mahiyyətindən uzaqlaşmışdır.

 

Səhər ORUCOVA,

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru,  professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!