Qırğız və Azərbaycan ənənələrinin mühüm ortaq cəhətlərindən biri də epik yaradıcılıqla bağlılığıdır. Qırğız xalqının milli-mədəni yaddaşında “Manas” dastanı müstəsna əhəmiyyət daşıyır.
“Manasçılar dastanı müxtəlif ifa üslubları ilə, geniş epik mətnləri yaddaşda qoruyaraq və müəyyən hallarda improvizasiya imkanlarından istifadə etməklə nəsildən-nəslə ötürmüşlər. Azərbaycan aşıq mühitində də dastançılıq ənənəsi olduqca zəngindir. “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə” kimi dastanların qorunması və yayılmasında aşıqlar mühüm rol oynayıb. Bu dastanların ifası zamanı nəsr və nəzmin, söz və musiqinin qarşılıqlı əlaqəsi yaranır. Həm Qırğız, həm də Azərbaycan mühitində dastançı yalnız hazır mətni təkrarlayan ifaçı deyil, onu öz ifaçılıq imkanlarına uyğun şəkildə təqdim edən yaradıcı sənətkardır”.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.
O qeyd edib ki, Qırğız akınlığı ilə Azərbaycan aşıqlığı arasında müəyyən fərqlər var. “Azərbaycan aşıq sənəti zaman keçdikcə daha sistemli poetik və musiqi quruluşuna malik sənət kompleksinə çevrilib. Burada saz havalarının zəngin sistemi, aşıq şeirinin müxtəlif janrları, dastan repertuarı və ustad-şagird ənənəsi bir-biri ilə sıx bağlı şəkildə inkişaf edib. Aşığın sənətkarlığı yalnız söz yaratmaq və ifa etmək qabiliyyəti ilə deyil, həm də saz çalmaq, havaları tanımaq, dastan söyləmək və aşıq repertuarını mənimsəməklə müəyyənləşib. Qırğız akınlığında isə poetik improvizasiya və söz yarışması daha qabarıq şəkildə ön plana çıxır. Akının ictimai mövqeyi, onun xalq qarşısında fikir söyləmək, hadisələrə münasibət bildirmək və sosial məsələləri poetik formada ifadə etmək qabiliyyəti mühüm əhəmiyyət daşıyır. Akın yaradıcılığında gündəlik həyat, məhəbbət, təbiət, ictimai münasibətlər, insan xarakteri və xalqın tarixi ilə bağlı mövzular geniş yer tutur. Azərbaycan aşıq poeziyasında da bu mövzulara rast gəlinsə də, burada məhəbbət lirikasının, qəhrəmanlıq motivlərinin, Vətən və yurd sevgisinin, dini-fəlsəfi düşüncənin, təbiət təsvirlərinin və sosial mövzuların daha geniş poetik sistem daxilində ifadəsi müşahidə edilir”, - deyə İ.Qəsəbova vurğulayıb.