Tarixi abidələrə, müqəddəs məkanlara zərər vurmaq mədəniyyətsizlik və hörmətsizlikdir
İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, təbiətə, bina və tikililərə, eləcə də mədəniyyət nümunələrinə məsuliyyətlə yanaşmaq hər bir şəxsin borcudur. Lakin təəssüf ki, bəzən bu dəyərlərə kölgə salan, ictimai əmlaka zərər vuran və ümumi estetikaya xələl gətirən xoşagəlməz hallarla rastlaşırıq. Statusundan və ya mövqeyindən asılı olmayaraq, hər kəs bu məsələdə eyni məsuliyyəti daşımalı, müəyyən edilmiş qaydalara və ümumi dəyərlərə hörmətlə yanaşmalıdır.
Bir müddət əvvəl Şuşada bəzi ziyarətçilər tərəfindən tarixi qayaların və qədim daşların üzərinə sprey boyalarla adların yazılması cəmiyyətimizdə haqlı olaraq ciddi narazılıq və kəskin ictimai qınaq doğurur. Qayaların üzərinin yazılması, onlara zərər vurulması mədəniyyətsizlik və tariximizə hörmətsizlikdir. Şuşa Azərbaycan xalqının mədəniyyət paytaxtı, tarixi kimliyi və qeyrət rəmzidir. Oradakı hər bir daş, hər bir divar əsrlərin zəngin tarixini daşıyır.
Unutmaq olmaz ki, Vətən torpağını, onun ecazkar təbiətini və müqəddəs qayalarını boyalarla korlamaq, yazılarla zədələmək heç cür hörmət əlaməti sayıla bilməz. Qürur duyduğumuz qəhrəmanlarımız elə bu qayalar, bu torpaqlar korlanmasın, yad tapdağı altında qalmasın, öz təbii və əzəmətli gözəlliyini qorusun deyə canlarından keçiblər. Buna görə də tarixi və təbii irsimizə zərər vurmaq yolverilməzdir. Hər birimiz belə hallara qarşı həssas olmalı, təbiətimizi və tariximizi göz bəbəyimiz kimi qorumalıyıq.
Heç bir şəxsin statusundan, mövqeyindən və ya tanınmasından asılı olmayaraq, ictimai və ya şəxsi əmlaka zərər vurması qəbulolunan deyil. Bu məsələdə hər kəs eyni məsuliyyəti daşımalı və müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır. Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə isə bir qayda olaraq, xüsusi həssaslıq nümayiş etdirilməlidir. Demək olar ki, onların üzərində yazı yazılması, qraffiti çəkilməsi, hər hansı formada zədələnməsi və ya ilkin görünüşünə müdaxilə edilməsi tarixi-mədəni irsə xələl gətirir.
Belə hallara, sadəcə, konkret bir obyektə vurulan zərər kimi yanaşmaq düzgün deyil. Bu, eyni zamanda şəhər mədəniyyətinə, ictimai dəyərlərə və ümumi yaşayış mühitinə münasibətin göstəricisidir. Məsələn, bina, abidə və digər obyektlərə vurulan zərərin aradan qaldırılması əlavə resurs, vaxt və maliyyə tələb edir. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərdə qeyri-peşəkar müdaxilə əlavə zərərə səbəb ola bildiyindən onların qorunmasına daha həssas yanaşılmalıdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə qəhrəmanlarımızın xatirəsinə ucaldılmış abidə, park, xiyaban var. Onların əziz xatirəsinə hər hansı bir şəkildə ehtiyatsız yanaşmaq və ya xələl gətirmək qətiyyən yolverilməzdir.
Bəzən ictimai yerlərin, binaların və şəhər məkanlarının qraffiti və müxtəlif yazılarla örtülməsi Qərb şəhərlərindəki nümunələrlə əsaslandırılır. Lakin reallıqda bir sıra şəhərlərdə nəzarətsiz qraffitilərin yaratdığı estetik və vizual çirklənmə göstərir ki, bu təcrübə nümunə kimi qəbul edilə bilməz. Ümumiyyətlə, ölkəmizdə də zaman-zaman buna bənzər xoşagəlməz hallar yaşanıb, məsələn, bir müddət əvvəl Nizami kinoteatrının binasında və digər ictimai məkanlarda oxşar hallar törədilmişdi. Unutmamalıyıq ki, şəhər mühitinin qorunması, tarixi-mədəni irsə hörmət və ictimai əmlaka məsuliyyətli münasibət hər bir cəmiyyət üçün ali dəyər olmalıdır.
İctimai əmlaka zərərvurma infrastruktur və şəhər görünüşünə mənfi təsir göstərdiyindən buna qarşı qınaq və qanuni məsuliyyət tədbirləri tətbiq olunmalıdır. Bütün bu halların qarşısının alınması üçün hüquqi məsuliyyət mexanizmləri sərtləşdirilməli, həmçinin cəmiyyətdə maarifləndirmə işləri genişləndirilməlidir. Vətəndaş olaraq hər birimiz dərk etməliyik ki, ətrafımıza, abidələrimizə və şəhərimizə olan münasibət, əslində, daxili mədəniyyətimizin və mənəvi dəyərlərimizin təzahürüdür.
Təhminə VERDİYEVA,
"Azərbaycan"