08 Sentyabr 2026 08:30
135
CƏMİYYƏT
A- A+
Xəzərdə ölkəmizin keşiyində

Xəzərdə ölkəmizin keşiyində


Azərbaycan Hərbi Dəniz Qüvvələri - tarixi ənənələr, müasir texnika, peşəkar şəxsi heyət və Zəfər yolu


Xəzər dənizinin Azərbaycan sahilləri ölkəmizin milli təhlükəsizliyi, iqtisadi və enerji infrastrukturu baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu geniş akvatoriyada dövlət sərhədlərinin, enerji obyektlərinin, neft-qaz hasilatı rayonlarının və ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması güclü və peşəkar Hərbi Dəniz Qüvvələrinin mövcudluğunu zəruri edir. 

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrimizin mühüm tərkib hissələrindən biri kimi üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir. Onun gücü yalnız gəmi və katerlər, silah sistemləri və texniki imkanlarla ölçülmür, bu gücün arxasında hərbi dənizçilərin peşəkarlığı, sayıqlığı, döyüş hazırlığı, intizamı və Vətənə sədaqəti dayanır.

Ölkəmizin milli hərbi-dənizçilik tarixinin mühüm mərhələsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu ildə formalaşmağa başlayan Azərbaycan Hərbi Donanmasının tərkibində "Ərdahan" və "Kars" kanoner gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paroxodu və katerlər var idi. Həmin dövrdə donanmanın maddi-texniki imkanlarının artırılması və milli kadrların hazırlanması istiqamətində də mühüm addımlar atılırdı.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu milli hərbi-dəniz quruculuğunun bu mərhələsini yarımçıq qoydu. Sonrakı 70 ildə Azərbaycanın ərazisindəki dəniz hərbi infrastrukturu sovet hərbi sisteminin tərkibində fəaliyyət göstərdi. Müstəqilliyimizin bərpası ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tarixində də yeni mərhələ başladı. 9 oktyabr 1991-ci ildə qəbul edilmiş qanunla HDQ-nin Silahlı Qüvvələrin tərkibində yaradılmasının hüquqi əsası müəyyənləşdirildi. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində müstəqil Azərbaycanın Dövlət bayrağının qaldırılması isə milli hərbi-dəniz qüvvələrinin yeni tarixinin rəmzi hadisələrindən birinə çevrildi.

Hərbi Dəniz Qüvvələrinin qüdrətini yalnız gəmilərin texniki göstəriciləri ilə müəyyənləşdirmək olmaz. Müasir gəmini idarə edən, onun silah və avadanlıqlarından səmərəli istifadə edən, mürəkkəb şəraitdə düzgün qərar qəbul edən məhz insandır. Dənizçi hərbçinin xidməti xüsusi məsuliyyət tələb edir. Gəminin komandiri, naviqatoru, mexaniki, rabitəçisi, mühəndisi və digər heyət üzvləri vahid mexanizm kimi fəaliyyət göstərməlidirlər. Burada saniyələrin belə əhəmiyyəti var. Bir şəxsin öz vəzifəsinə məsuliyyətsiz yanaşması bütöv ekipajın fəaliyyətinə təsir göstərə bilər. HDQ-də şəxsi heyətin peşəkarlığının artırılması, döyüş uzlaşmasının möhkəmləndirilməsi və müxtəlif şəraitlərdə fəaliyyət qabiliyyətinin yüksəldilməsi daim diqqət mərkəzindədir.

Bu gün Hərbi Dəniz Qüvvələrinin arsenalında müxtəlif təyinatlı döyüş və xidmət gəmiləri, gözətçi və patrul katerləri, təminat, axtarış-xilasetmə və hidroqrafiya vasitələri mövcuddur. Donanmanın gəmiləri Xəzərin Azərbaycan sektorunda enerji infrastrukturu və ixrac boru kəmərlərinin mühafizəsi, mülki gəmiçiliyin təhlükəsizliyi, üzmə rejiminə nəzarət və digər mühüm tapşırıqları yerinə yetirir. Axtarış-xilasetmə gəmiləri fövqəladə vəziyyətlərdə insanların və obyektlərin xilas edilməsinə, təminat gəmiləri dənizdəki bölmələrin fasiləsiz fəaliyyətinə xidmət edir. Hidroqrafiya gəmiləri və katerləri isə naviqasiya və hidroqrafik işlərin, hidrometeoroloji müşahidələrin, batimetrik və digər xüsusi tapşırıqların yerinə yetirilməsində mühüm rol oynayır. Beləliklə, müasir Azərbaycan donanması yalnız döyüş aparmaq üçün deyil, həm də Xəzərdə təhlükəsizliyin və sabitliyin təmin edilməsində çoxşaxəli fəaliyyət göstərən kompleks hərbi struktur kimi formalaşıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tarixində ən parlaq səhifələrdən biri 44 günlük Vətən müharibəsidir. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarında Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları quruda döyüş tapşırıqlarının icrasına cəlb olundular. Onlar dənizdən uzaqda - Azərbaycanın dağlıq və mürəkkəb relyefə malik ərazilərində böyük döyüş yolu keçdilər. HDQ-nin Xüsusi Təyinatlıları Zəngilan, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının, həmçinin Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etdilər. Onların döyüşlərdə göstərdikləri fədakarlıq, əzmkarlıq və qəhrəmanlıq Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin yüksək döyüş hazırlığının bariz nümunəsinə çevrildi. 

Bu, çox mühüm tarixi həqiqətdir: Azərbaycan hərbi dənizçisi lazım gəldikdə Xəzərdə gəminin göyərtəsində deyil, Vətənin ən çətin relyefli döyüş meydanında da silahdaşlarının yanında oldu. Qubadlının azad olunması ilə bağlı 25 oktyabr 2020-ci ildə Ali Baş Komandana videogörüntü ilə məruzə edən şəxsin də Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri olması həmin qəhrəmanlıq salnaməsinin yaddaqalan səhifələrindəndir.

Müasir donanmanın gücü hər gün sınaqdan keçirilməlidir. Bunun ən mühüm vasitələrindən biri taktiki təlimlərdir. 2026-cı ilin iyununda keçirilmiş döyüş atışlı taktiki təlimdə Hərbi Dəniz Qüvvələri ilə yanaşı, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri də iştirak etmişlər. Təlim zamanı şərti düşmənin məhv edilməsi, qüvvələrin idarə olunması, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarına hazırlığı və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət sınaqdan keçirilmişdir. Belə təlimlər şəxsi heyətin yalnız nəzəri biliklərini deyil, ən mürəkkəb və gözlənilməz vəziyyətlərdə çevik qərar qəbul etmək bacarığını da möhkəmləndirir.

Dənizdə xidmət xüsusi sayıqlıq tələb edir. Burada hava şəraiti, naviqasiya, texniki nasazlıq, yanğın, sualma və digər fövqəladə hallar nəzərə alınmalıdır. Buna görə də şəxsi heyət yanğınsöndürmə, suya qarşı mübarizə, dalğıc, axtarış-xilasetmə və xüsusi əməliyyat elementləri üzrə də hazırlıq keçir.

Azərbaycan HDQ-nin inkişafında maddi-texniki təminat mühüm yer tutur. Müasir rabitə, müşahidə və naviqasiya vasitələri, müxtəlif təyinatlı gəmilər və katerlər, silah sistemləri, texniki və logistika imkanları donanmanın döyüş qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda donanmanın bazasının və infrastrukturunun yenilənməsi istiqamətində də işlər görülür. Yeni bazada müasir qərargah, körpülər, hərbi şəhərcik, yaşayış və sosial-məişət infrastrukturu yaradılması nəzərdə tutulur. Perspektivdə yeni gəmilərin inşası və müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi də planlaşdırılır. Bu, onu göstərir ki, hərbi-dəniz quruculuğu yalnız yeni texnikanın alınmasından ibarət deyil. Buraya liman və bazalar, rabitə, logistika, texniki xidmət, kadr hazırlığı, təlim və sosial təminat kimi bir-birini tamamlayan çoxsaylı istiqamətlər daxildir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inkişafı və şəxsi heyətin xidmət şəraiti dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinə baş çəkməsi, burada şəxsi heyətlə görüşməsi, donanmanın maddi-texniki imkanları və hərbi qulluqçuların xidməti üçün yaradılmış şəraitlə tanış olması bu diqqətin mühüm göstəricilərindəndir. Dövlət başçısının səfəri zamanı Hərbi Dəniz Qüvvələrinin qarşısında duran vəzifələr, onların döyüş hazırlığı, müasir texnika və infrastruktur imkanları ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməsi Azərbaycan dövlətinin Xəzərdə milli təhlükəsizliyin təmin olunmasına verdiyi böyük əhəmiyyəti bir daha nümayiş etdirir. Bu diqqət və qayğı hərbi dənizçilərin mənəvi-psixoloji hazırlığına, xidmətə məsuliyyət hissinin və Vətən qarşısında borc duyğusunun daha da möhkəmlənməsinə mühüm təsir göstərir.

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələri qarşısında duran mühüm vəzifələri - ölkənin dəniz sərhədlərinin, enerji infrastrukturlarının və strateji obyektlərinin mühafizəsi, dənizdə əlverişli əməliyyat rejiminin saxlanılması və digər tapşırıqları yerinə yetirmək üçün inkişaf etdirilir. Müasir döyüş hazırlığı, texniki imkanlar və zəngin döyüş təcrübəsi bu qüvvələrin potensialını daha da artırır.

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin keçdiyi yol bir əsrdən artıq tarixi təcrübənin, müstəqillik illərində aparılan məqsədyönlü ordu quruculuğunun və Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin vəhdətidir. Bu gün Xəzərin Azərbaycan sahillərində keşik çəkən hər bir hərbi dənizçi yaxşı bilir ki, onun məsuliyyəti yalnız gəmini idarə etməkdən ibarət deyil, o, həm də dövlət sərhədini, milli sərvətləri, enerji təhlükəsizliyini və Azərbaycanın suverenliyini qoruyur.

Güclü donanma - müasir texnika ilə peşəkar dəniz hərbçisinin, yüksək döyüş hazırlığı ilə sayıqlığın, intizamla Vətən sevgisinin vəhdətidir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücü də məhz bu vəhdətdən doğur. Xəzərin keşiyində dalğalanan  bayrağımız isə bu gücün ən böyük rəmzidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

Praqmatik və çoxşaxəli diplomatiya

08:00
08 Sentyabr

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

01:47
08 Sentyabr

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

Torpağın altında gizlənən ölüm

17:55
07 Sentyabr

AZAL-da uçuşlar ikiqat artdı: göyə qalxan hər təyyarənin artıq karbon izi də hesablanır

17:53
07 Sentyabr

Fermerə pul əkin başlamamış çatacaq

17:50
07 Sentyabr

Söyüdlüdə qızılın yolu açıldı

17:47
07 Sentyabr

Texnologiya dünyasında yeni güc birliyi: “MoveUP” səhnəyə çıxdı

17:45
07 Sentyabr

24,2 milyardlıq manat dalğas

17:43
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!