“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda üçüncü panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Neft və Qazın Dekarbonizasiyası Xartiyasının (OGDC) baş proqram meneceri Eliz Özdemirin moderatorluğu ilə keçirilən sessiyada metan emissiyalarının aşkarlanması, ölçülməsi və azaldılmasından tutmuş, onların aradan qaldırılması və nəticələrin verifikasiyasına qədər olan proseslər müzakirə olunub.
Sessiyada peyk, hava və yerüstü monitorinq məlumatlarının vahid ölçmə və verifikasiya sistemində inteqrasiyası, emissiya mənbələrinin müəyyənləşdirilməsi, təmir işlərinin prioritetləşdirilməsi, rəqəmsal alətlərin tətbiqi və metan emissiyalarının azaldılması üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev metan emissiyalarının azaldılmasının digər dekarbonizasiya tədbirləri ilə müqayisədə daha asan maliyyələşdirilə bildiyini və tutulan qazın yenidən sistemə qaytarılaraq iqtisadi səmərə əldə etməyə imkan verdiyini bildirib.
SOCAR-ın Ətraf Mühit üzrə Hesabatlılıq və Yaşıl İşlər Departamentinin rəhbəri Mustafa Qurbanlı metan emissiyalarının ölçülməsi və hesabatlılığının təkmilləşdirilməsinin emissiyaların azaldılması üzrə effektiv fəaliyyətin əsas şərtlərindən biri olduğunu vurğulayıb.
Boston Consulting Group şirkətinin idarəedici direktoru və tərəfdaşı Anton Aristov metan emissiyalarının azaldılması üçün məlumatların düzgün təhlili və rəqəmsal həllərdən istifadənin operatorların daha səmərəli qərarlar qəbul etməsinə imkan verdiyini qeyd edib.
bp şirkətinin regional HSE&C meneceri Anar Mansurov metan emissiyalarının intensivliyinin sıfıra yaxın səviyyəyə endirilməsinin şirkətin “Net Sıfır” strategiyasının mühüm istiqamətlərindən biri olduğunu bildirib.
Asiya İnkişaf Bankının enerji üzrə mütəxəssisi Tron Svanes metan emissiyalarının azaldılmasında əsas məsələnin zəruri stimulların, monitorinq, hesabatlılıq və verifikasiya sistemlərinin, eləcə də maliyyələşdirmə mexanizmlərinin yaradılması olduğunu deyib.
“GHGSat” şirkətinin region üzrə hesab direktoru Lola Odunsi isə peyk, dron, təyyarə və yerüstü ölçmələrdən əldə olunan məlumatların vahid platformada inteqrasiyasının emissiya mənbələrinin daha operativ müəyyənləşdirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
“Baker Hughes” şirkətinin Satış və Həllərin Arxitekturası üzrə direktoru Franko Luçerini emissiyaların xarakterinin müəyyənləşdirilməsi, monitorinqi və konkret obyekt üçün ən səmərəli texnologiyanın seçilməsinin vacibliyini vurğulayıb.
Sessiyada metan emissiyalarının aşkarlanmasından onların aradan qaldırılmasına və sonrakı verifikasiyasına qədər prosesin daha səmərəli qurulması, rəqəmsal texnologiyaların tətbiqi və məlumat mübadiləsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
14:19
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində üçüncü sessiya öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusundakı sessiyada operatorların getdikcə daha təkmilləşən metan müşahidələrini təsdiqlənmiş, vaxtında həyata keçirilən və genişmiqyasda tətbiq oluna bilən emissiya azalmalarına necə çevirə biləcəkləri müzakirə ediləcək.
Müzakirə peyk məlumatlarını, havadan aparılan müşahidələri və yerüstü ölçmələri əməliyyat qərarlarının qəbulu, təmir işlərinin prioritetləşdirilməsi və emissiyalar barədə şəffaf hesabatlılıqla əlaqələndirəcək.