Sentyabrın 7-də SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçirilib.
“SOCAR Capital”dan AZƏRTAC-a verilən məlumata görə, sayca altıncı kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon dollar köçürülüb. Bununla da SOCAR-ın “Yaşıl” istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 18 milyon dollara çatıb.
Xatırladaq ki, SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizdə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsinə dəstək vermək məqsədilə emissiya olunub. Bu istiqrazlar 5 illik müddətə buraxılıb, illik gəliri 6 faizdir və investorlar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında (BFB) ticarət olunan SOCAR-ın “Yaşıl” istiqrazları daxili kapital bazarında aktivliyin artmasına mühüm töhfə verib. Bu günədək BFB-də həmin istiqrazlar üzrə 55,6 milyon dollar həcmində 580 əqd bağlanıb.
Ümumilikdə, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları üzrə BFB-də aparılan ticarətin həcmi 141 milyon dollar təşkil edib. Bağlanmış əqdlərin sayı isə 1850-yə çatıb. Bu əqdlər BFB-də korporativ istiqrazlar üzrə bağlanmış bütün əqdlərin 21 faizini təşkil edir.
Qeyd edək ki, SOCAR istiqrazlarının 2016-cı ildəki ilk buraxılışından bu günədək investorlara ümumilikdə 64 milyon 375 min dollar faiz gəliri ödənilib. Marketmeykeri “ABB İnvest” investisiya şirkəti olan SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları bütün vergilərdən azaddır. Rüblük kupon ödənişləri tədavül müddətinin sonunadək investorlara ümumilikdə 60 milyon dollar gəlir qazandıracaq.
SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı mərkəzi, socarcapital.az və socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, eləcə də ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.