03 Sentyabr 2026 08:00
101
SİYASƏT
A- A+
Naxçıvanın yeni dövranı

Naxçıvanın yeni dövranı


BU DÖVRÜN YARADICISI İLHAM ƏLİYEVDİR


Azərbaycanın uzaq və ayrılmaz bir parçası olan Naxçıvan!

Naxçıvan uzaqda yerləşsə də, heç zaman könüldən iraq olmayıb!

Əksinə, hər zaman qəlbi böyük Azərbaycanla birlikdə döyünüb!

Düşmənlərimiz, bədxahlarımız illər və əsrlər boyu onu Azərbaycandan qoparıb almaq üçün min hiylə və fitnə qurublar!

Lakin könlü candan ayırmaq mümkün olmayıb!

Təkcə xəritəyə baxmaq yetər ki, bu məkrli oyunların fəsadlarını görəsən!

Ətlə dırnaq arasına girərək bu gözəl diyarı quruda yerləşən "uzaq adaya" çeviriblər.

Bununla da Naxçıvanda yaşayanların doğma Azərbaycanla birbaşa əlaqələrini qırıb, daim çətinləşdirib, müxtəlif əngəllər yaradıblar!

Elə buranın əhalisi üçün də daim çətinliklər, süni əngəllər törədiblər!

Lakin heç zaman əyə, sındıra bilməyiblər!

Nə də ki, Azərbaycandan birdəfəlik qoparmağı bacarıblar!

***

Naxçıvanın iqlimi sərt, təbiəti rəngarəngdir...

Təbii sərvətlərlə zəngindir...

Burada adı müqəddəs "Qurani-Kərimə" düşən "Əshabi-Kəf" abidəsi mövcuddur.

Tarixlərə şahid Bəzz qalası, gözəlliyi ilə gözoxşayan Möminə xatun türbəsi bu torpağın milli sərvətidir.

Duz dağı mağarası, çoxsaylı milli-mədəni, tarixi abidələri daim insanları özünə cəlb edir.

Naxçıvanın ən qiymətli sərvəti isə orada yaşayan etibarlı, həqiqətsevər, mərd və cəsarətli insanlarıdır!

Naxçıvan Azərbaycana görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib!

Naxçıvan Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin vətənidir!

Ulu Öndər Heydər Əliyev həyatının ən çətin dövrlərindən bir qismini Naxçıvanda yaşayıb, Naxçıvana arxalanıb!

Həm də Naxçıvanın xilaskarına çevrilib, onu soyuqdan, aclıqdan, düşmən işğalından xilas edib!

İkinci müstəqillik dövrünün başlanması həm də naxçıvanlılar üçün yeni sınaqlar dövrünün başlanmasına çevrildi.

***

Çar Rusiyasının Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratması Naxçıvana da böyük zərər yetirdi.

Hətta onun mövcudluğu böyük təhlükə altına düşmüşdü.

Bunun qarşısı isə 13 oktyabr 1921-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə imzalanmış Qars müqaviləsi ilə alındı.

Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında təsdiq edilib və həmin ilin 11 sentyabrından qüvvəyə minib.

Qars müqaviləsinin verdiyi hüquqlar sayəsində Naxçıvanın ərazi bütövlüyü təmin olunmuşdu.

20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi Naxçıvanın statusu ilə bağlıdır.

Lakin ötən əsrin sonlarına yaxın Naxçıvanın toxunulmazlığını, bütövlüyünü və Azərbaycana bağlılığını qoruyub saxlayan kağız sənədlər yox, xəyanətkarların məkrli əməllərindən və qəsdlərindən qorunmaq üçün Naxçıvana üz tutan Ulu Öndər Heydər Əliyev və cəsur Naxçıvan xalqı oldu!

Naxçıvan erməni murdarları ilə döyüşlərdə çoxsaylı övladlarını şəhid verdi!

Lakin geri durmadı, heç kəs vətənin ağır günündə bu müqəddəs torpağı tərk etmədi!

Ulu Öndər Heydər Əliyev burada olduğu müddətdə Naxçıvanın şərəf tarixinə çevrilən bir sıra uzaqgörən və qətiyyətli addımlar atdı!

* Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildi və Azərbaycana da belə bir dəyişiklik etmək tövsiyə olundu!

* Moskvanın əsarətindən və tabeliyindən qurtulmaq istəməyən, Azərbaycanı müstəqil dövlət kimi görə bilməyən ölkənin ozamankı qorxaq və qətiyyətsiz başçıları SSRİ-nin saxlanılması barədə referendum keçirərkən Naxçıvan bundan imtina etdi!

Tarixinin sınaqlı və ən ağır dövrlərindən birini yaşayan Naxçıvana ozamankı Azərbaycan rəhbərliyi heç bir kömək göstərmirdi!

Bu çətin məqamda Ulu Öndər Heydər Əliyev xilaskar missiyasını öz üzərinə götürməklə şəxsi nüfuzundan istifadə edərək bu qədim diyarın varlığını qoruyub saxladı!

Qardaş Türkiyə ilə aparılan danışıqlar bu sahədə uğurlu nəticələrini verdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində inşa edilən və sonradan "Ümid körpüsü" adını alan qurğunun tikintisinə 1991-ci ildə başlandı və 28 may 1992-ci ildə sona çatdı!

Uzunluğu 288, eni 12 metr olan körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir.

Blokada səbəbindən Naxçıvanın məruz qaldığı çətinliklərin təsirlərinin azaldılmasında "Ümid körpüsü"nün müstəsna rolu oldu!

Bu körpü təkcə Azərbaycanla Türkiyəni birləşdirmir, həm də türk dünyasının bütünlüyünü təmin edir!

Körpünün açılışı hər iki qardaş xalqın birliyinin nümayişinə, böyük sevinc və coşqu ilə müşayiət edilən təntənəyə çevrildi.

Türkiyənin ozamankı rəhbəri Süleyman Dəmirəl 150 nəfərlik nümayəndə heyəti - 60 deputat və 40-dan çox KİV nümayəndələri ilə "Ümid"in açılışında iştirak etdi.

Açılış mərasimində Süleyman Dəmirəl körpünün əhəmiyyətini yüksək qiymətləndirdi: "Bu körpü, sadəcə, Türkiyə və Azərbaycanı deyil, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları - hamısını bir-birinə bağlayacaqdır.

Məhz onu dəyərli edən də budur".

Ulu Öndər Heydər Əliyev isə körpünün tarixi əhəmiyyəti, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsindəki rolu barədə maraqlı fikirlər söyləmişdir:

"Ermənistanla Azərbaycan arasında olan münaqişə, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycanın böyük hissəsi ilə, Bakı ilə Naxçıvanın əlaqələri tamamilə qırılmışdı. Naxçıvana kömək lazım idi. Naxçıvana yardım əlini, kömək əlini məhz Türkiyə, türk xalqı uzatdı, Türkiyənin böyük şəxsiyyəti, türk dünyasının böyük lideri, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl uzatdı. Biz o vaxt Azərbaycanla Türkiyəni bir-birinə bağlaya bilən bir körpünün - Araz çayı üzərində körpünün tikilməsinə başladıq. Bu körpünü müştərək tikdik, amma bunun bütün zəhməti, əziyyəti, xərci, məsrəfləri Türkiyənin üzərinə düşür. Qısa bir müddətdə bu körpünü tikdik və 1992-ci il may ayının 28-də bu həsrət, "Ümid körpüsü" təntənəli surətdə açıldı və biz hamımız orada çoxlu insanın toplaşdığı şəraitdə bunu bayram etdik. Bizim xalqımız öz qardaş-bacıları - Türkiyə torpağında yaşayan qardaş-bacıları ilə bır-birinə qovuşdular".

Müstəqilliyimizin ilk illərində Azərbaycan rəhbərliyinin Naxçıvana ögey, qərəzli münasibəti təkcə bununla bitmədi!

AXC-Müsavat iqtidarı dövründə də blokada şəraitində yaşayan məkana doğma, isti münasibət əvəzinə düşməncəsinə yanaşma tendensiyası davam etdi...

Bakıdan oraya emissarlar getdi, hətta silahlı çevrilişə belə cəhdlər göstərildi.

Lakin cəsur Naxçıvan xalqı sevimli rəhbərini qoruyaraq xain xislətlilərin cavabını verdi!

Naxçıvanı tarixinin ən çətin və sınaqlı dövründən şərəflə çıxaran Ulu Öndər Heydər Əliyev bir qədər sonra Azərbaycan xalqının çağırışı ilə xilaskarlıq missiyasını yerinə yetirmək üçün Bakıya qayıtdı.

Ömrünün son günlərinədək isə Naxçıvanın normal durumunu və inkişafını diqqətində saxladı.

***

Naxçıvanın yeni dövrünün başlanğıcını isə Prezident İlham Əliyev yaxın günlərdə bu diyara etdiyi səfərlə qoydu.

Bu, dövlət başçısının sayca 17-ci səfəri idi.

Təkcə səfərlərin sayı cənab İlham Əliyevin Naxçıvanın inkişafına daimi diqqət və qayğısını özünəməxsus şəkildə təsdiq edir!

Lakin budəfəki səfər dəyərinə və sanbalına görə bambaşqa idi.

Əslində, cənab İlham Əliyev səfərdən əvvəl imzaladığı sənədlər və səfər dövründə etdiyi açılışlar, təməlini qoyduğu obyektlər və başladığı işlərlə Naxçıvanın yeni dövrünün bünövrəsini qoymuş oldu!

Bütün bunlar həm də Naxçıvanın öz inkişafının keyfiyyətcə yeni mərhələsinə yüksəldiyini göstərir.

Cənab İlham Əliyevin iradəsi idi:

* 5 iyun 2023-cü ildə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib;

* 2024-cü ildə Naxçıvan-Sədərək avtomagistralı üzərində 310 hektar sahədə Naxçıvan Sənaye Parkı yaradılıb;

* İğdır-Naxçıvan qaz kəməri çəkilib;

* Bölgə "yaşıl enerji zonası" elan edilib;

* 2023-2026-cı illərdə Naxçıvanda 359 yeni istehsalat və xidmət sahəsi yaradılıb;

* Sahibkarlıq subyektlərinə milyonlarla manat güzəştli kreditlər ayrılıb.

Ötən dövrdə dövlət başçısının sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində qəbul edilən qərarların və görülən işlərin sayı-hesabı yoxdur!

Naxçıvana səfəri ərəfəsində isə dövlət başçısının "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda nəzərdə tutulan çoxsaylı tədbirlər bu qədim diyarın yeni dövranının başlamasından xəbər verir.

Nəzərdə tutulan işlərin görülərək vaxtında başa çatdırılması üçün kifayət qədər maliyyə vəsaiti də ayrılmışdır.

***

Naxçıvanda görülən və görüləcək işlər çoxsahəli və çoxşaxəlidir.

Ən vacib məqamlardan biri məsafəcə Azərbaycandan uzaqda yerləşən bölgənin hərbi cəhətdən müdafiəsinin güclü olmasıdır!

Dövlət başçısı İlham Əliyev bu məsələni birinci şərt kimi qiymətləndirir:

"Bildiyiniz kimi, Naxçıvanda mənim sərəncamımla əlahiddə ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək".

Dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də iş yerlərinin yaradılmasıdır.

Bu məqsədlə ardıcıl tədbirlər görülür.

Digər vacib məqam isə muxtar respublikanın dayanıqlı enerji ilə təmini və artıq qalanının ixracı imkanıdır.

Səfər zamanı cənab İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bu barədə dedi:

"Burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu sənaye parkında artıq praktiki işlər başlanacaqdır.

Eyni zamanda bu parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik-elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir".

Kontinental iqlimə malik bu diyarda bölgənin faizsiz enerji ilə təmini mühüm əhəmiyyət kəsb edir.

Cənab İlham Əliyev bu problemin də həll olunduğunu söylədi:

"Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.

Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik".

Qürur doğuran faktdır ki, artıq Naxçıvanda qazlaşma 100 faizdir!

Aparılan monitorinq və dəqiq təhlil əsasında müəyyən edilib ki, Naxçıvanda günəş enerjisi potensialı çox böyükdür.

Hətta bu baxımdan Azərbaycanda ən əlverişli məkan məhz Naxçıvandır.

Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə günəş-elektrik stansiyaları inşa ediləcək.

***

Zəngəzur dəhlizinin Naxçıvanla birləşdirilməsi Azərbaycan dövlətinin əsas hədəflərindən biri olub.

2020-ci il noyabrın 9-da - Şuşa işğaldan azad olunduqdan sonra Rusiya Prezidentinin zəmanəti ilə keçirilən görüşlərdə və imzalanacaq kapitulyasiya aktında Azərbaycan Prezidentinin təkidlə üzərində durduğu məsələlərdən biri imzalanacaq bəyanatda Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin mütləq əksini tapması idi.

Ermənistan buna razılıq vermək istəmirdi...

Lakin "dəmir yumruq" dediyinə nail oldu!

Təəssüf ki, Rusiya Zəngəzur dəhlizinin açılışını təmin edə bilmədi, yaxud da bunu istəmədi!

Məsələ öz həllini 2025-ci ilin 8 avqustunda Vaşinqtonda baş tutan Zirvə görüşündə tapdı.

Artıq TRIPP adını daşıyan bu layihənin icrasına start verilmişdir.

Naxçıvan dəmir yolunun tikintisində də işlər sürətlə gedir.

Yolun uzunluğu 194 kilometrdir və işlərin vaxtında başa çatdırılması üçün imkanlar səfərbərliyə alınmışdır.

Orta dəhlizin istifadəyə verilməsi Naxçıvanın rolunu və durumunu əsaslı şəkildə yüksəldəcək, onun əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə səbəb olacaqdır.

***

Prezident İlham Əliyevin Naxçıvana son səfəri bu bölgənin yeni dövrünün başlanğıcı sayıla bilər.

* Bu dövr öz başlanğıcını İlham Əliyevin Naxçıvanda təməlini qoyduğu yeni istiqamətlərdən götürür.

* Bu dövr əsasını indiyədək İlham Əliyevin orada həyata keçirdiyi yeni layihələrdən götürür.

* Bu dövr Naxçıvanın blokadadan tamamilə çıxarılması ilə nəticələnəcəkdir.

* Bu dövr Naxçıvanın Cənubi Qafqazın ən vacib geosiyasi məkanına çevrilməsilə nəticələnəcəkdir.

* Bu dövr Naxçıvanın sosial-iqtisadi, elmi-mədəni inkişafının yeni zirvələrə yüksəlişi ilə nəticələnəcəkdir.

Bunu dövlət başçısının bu qədim məkanda gördüyü yeni işlər, reallaşdırdığı yeni layihələrlə bərabər, zəhmətsevər naxçıvanlıların əzmi, dövlətə sədaqətləri də əyani şəkildə nümayiş etdirir.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mehriban Əliyevadan növbəti humanist təşəbbüs

08:20
03 Sentyabr

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub

08:10
03 Sentyabr

Naxçıvanın yeni dövranı

08:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

05:05
03 Sentyabr

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

05:04
03 Sentyabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:03
03 Sentyabr

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

05:02
03 Sentyabr

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

05:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında 

04:59
03 Sentyabr

Daşınmaz əmlakın dövlət kadastrının aparılması QAYDALARI

04:58
03 Sentyabr

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

04:56
03 Sentyabr

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

04:55
03 Sentyabr

Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi

04:54
03 Sentyabr

Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir

19:10
02 Sentyabr

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

19:08
02 Sentyabr

Goranboy RİH: Təxliyə olunan sakinlərin yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək

18:43
02 Sentyabr

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

18:40
02 Sentyabr

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yeni inkişaf mərhələsinə yüksəlir

18:33
02 Sentyabr

Nazir müavini: Humanitar minatəmizləməyə dəstək xeyriyyəçilik kimi görünməməlidir

18:26
02 Sentyabr

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün infosessiyalara başlayıb

18:19
02 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!