03 Sentyabr 2026 09:50
111
CƏMİYYƏT
A- A+
Gəncə ikinciliyi əldən vermir

Gəncə ikinciliyi əldən vermir


Şəhərin iqtisadiyyatı dinamik inkişaf edir, infrastrukturu yenidən qurulur, əhalisinin sosial güvənliyi daha da möhkəmlənir


Ölkəmiz bu gün müdrik və uzaqgörən siyasətçi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində inkişaf edir. Müstəqil Azərbaycanın müasir tarixində yeni səhifələr açan bu inkişaf illər keçdikcə daha da sürətlənir, dönməz olur. Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasəti nəticəsində isə ölkəmiz beynəlxalq aləmdə də nüfuzlu dövlətlərdən birinə çevrilir. 

Dövlət başçısının konkret hədəflərə hesablanan uğurlu islahatları nəticəsində qədim Nizami yurdu Gəncə də bu inkişaf və yüksəlişdən geri qalmır, şəhər gündən-günə müasirləşir, abadlaşır. 

Hazırda Gəncədə reallaşdırılan ən önəmli və irihəcmli layihələrdən biri "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsidir. Şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən bu proqram uğurla icra olunmaqdadır. Son 8 il ərzində şəhərin mərkəzi hissəsi ilə yanaşı, Mahrasa bağı, Qırmızıkənd yaşayış massivlərində, 1-ci, 3-cü, 4-cü mikrorayonlarda və 38 saylı hərbi şəhərcikdə, həmçinin şəhərin bir sıra digər ərazilərində su və kanalizasiya şəbəkələri tamamilə yenilənib. Bu dövr ərzində 318950 paqonnumetr (pm) su şəbəkə, 18679 su nəqledici, 188688 pm kanalizasiya şəbəkə və 56 398 pm kanalizasiya kollektor xətləri inşa edilib. Layihə çərçivəsində şəhərin su təchizatı sisteminin qurulması üzrə işlərin 63,4, kanalizasiya sisteminin yenidən qurulmasının isə 67,7 faizi başa çatdırılıb. 

Gəncədə ümumilikdə 1140 küçə var. Hazırda həmin küçələrin, eləcə də qəsəbə və məhəllədaxili yolların asfaltlanması da sözügedən layihəyə paralel şəkildə aparılır. Bu çərçivədə son 8 ildə su-kanalizasiya sisteminin yenilənməsi başa çatan 266 küçədə geniş təmir-bərpa və abadlıq işləri görülüb. Görülən işlər nəticəsində şəhər üzrə asfalt örtüyü yenilənən küçələrin sayı 336-ya çatıb.

Şəhərdə həyata keçirilən digər irimiqyaslı layihələrdən biri müasir küçə işıqlandırılması sisteminin qurulmasıdır. Son 8 ildə Gəncədə ümumilikdə 552 küçədə 13985 dayaq, 25 mindən çox LED işıqlandırıcı quraşdırılmışdır. Bundan əlavə, ötən il 49 küçədə küçə işıqlandırılmasının yenilənməsi işləri çərçivəsində  qoşa şar tipli 3438, tək şar tipli 1800 işıqlandırıcı quraşdırılmış, 83000 metr kabel və 36520 metr naqil çəkilmişdir. Bununla yanaşı, şəhərin memarlıq simasının daha da zənginləşdirilməsi məqsədilə 60-dan çox ünvanda fasad işıqlandırılması sistemi yenilənmişdir. Həyata keçirilən bu layihələr Gəncənin gecə görünüşünün müasirləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına və sakinlər üçün daha rahat, təhlükəsiz şəhər mühitinin formalaşmasına mühüm töhfə vermişdir. 

Gəncədə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi və fasadlarının təmiri istiqamətində də işlər ardıcıl davam edir. Şəhərdə mövcud olan ümumilikdə 865 çoxmənzilli yaşayış binasının hamısının dam örtüyü tamamilə yenilənib. Bu işlərin 425 binanı əhatə edən hissəsi son 8 il ərzində həyata keçirilib. Eyni zamanda binaların fasadlarının təmiri və abadlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Təkcə son 8 ildə Gəncə Şəhər İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən 35 çoxmənzilli yaşayış binasının fasadı təmir olunub. Söz düşmüşkən, qeyd etmək yerinə düşər ki, MKTİB-in balansında olan çoxmənzilli yaşayış binalarında 201 lift xidmət göstərir. 8 il ərzində bu liftlərdən 103-ü yenisi ilə əvəzlənib, 73-ü isə əsaslı təmir edilib. Bununla yanaşı, ötən il 630-dan çox fərdi yaşayış və qeyri-yaşayış binasının fasadı təmir olunub, 1220-dən çox analoji binada isə dam örtüyü yenilənib.

Çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması da diqqət mərkəzində saxlanılan mühüm məsələlərdəndir. Şəhər icra hakimiyyətinin dəstəyi ilə Kəpəz və Nizami bələdiyyələri tərəfindən şəhər ərazisində "Abad məhəllə"lər yaradılır. Bu layihə çərçivəsində məhəllələrə asfalt örtüyü salınır, tamet daşlar döşənir, yeni səki daşları (bardürlər) və işıq dirəkləri quraşdırılır. Həyətlər abadlaşdırılarkən sakinlərin, xüsusilə uşaqların istirahəti də nəzərə alınır. Sözügedən ərazilərə söhbətgahlar və oturacaqlar qoyulur, müasir uşaq meydançaları quraşdırılır. Qeyd edək ki, son illər ərzində şəhərdə 12 "Abad məhəllə" yaradılıb. 

Son illər Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə bir sıra mühüm iqtisadi və sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, tarixi "Şah Abbas" və "Uğurlu Xan" karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Milli Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzi, "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposu, Gəncə İdman Sarayı, Gəncə Memorial Kompleksi, "BakuBus" MMC-nin Gəncə Avtoparkı onların qısa siyahısıdır. 

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Gəncədə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir təhsil infrastrukturunun formalaşdırılması və tədris şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər ardıcıl davam etdirilir. Son 8 il ərzində bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Müasir standartlara uyğun şəkildə yenidən qurulan 7, 10, 11, 18, 24, 28, 29, 34 və 37 nömrəli tam orta məktəblər, eləcə də Gəncə şəhər internat tipli xarici dillər təmayüllü gimnaziya təhsil infrastrukturunun yenilənməsinə mühüm töhfələr verir. 

Ali, orta ixtisas və peşə təhsili sahəsində də mühüm layihələr reallaşdırılmışdır. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində Gəncə Dövlət Aqrar Kolleci yaradılmış, Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında Türk Əməkdaşlıq və Kooperasiya Agentliyinin dəstəyi ilə Nuru Paşa adına kitabxana istifadəyə verilmişdir. Eyni zamanda Gəncə Tibb Kolleci PHŞ-nin Tələbə Evi fəaliyyətə başlamış, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilmişdir.

Gəncədə sənaye, ticarət və sahibkarlığın inkişafı, eləcə də yerli istehsalın genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Son zamanlar Türkiyənin "Parıltı Halı" şirkətinin xalça istehsalı müəssisəsi, "ASC GROUP" MMC-nin "Bingo" markası ilə tum istehsalı müəssisəsi, "AzerBlast" MMC-nin sənaye əhəmiyyətli partlayıcı maddələr zavodu, eləcə də "Mehmanoğlu Yem və Taxıl" MMC-nin yem istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Ticarət və sahibkarlıq infrastrukturunun inkişafı istiqamətində isə müasir standartlara uyğun yenidən qurulan "Gəncə qalası" ticarət kompleksi və sahibkarlara vahid məkanda operativ xidmət göstərən "Gəncə KOB evi" istifadəyə verilmişdir.

Həyata keçirilən bu layihələr Gəncənin istehsal və ixrac potensialının genişlənməsinə, regionda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına və iqtisadi fəallığın artmasına mühüm töhfə vermişdir. Təkcə bir fakt: şəhərdə son illər 15860 yeni iş yeri açılmışdır.

Gəncədə səhiyyə infrastrukturunun müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin müasir səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Həyata keçirilən layihələr çərçivəsində Ərazi Sosial Xidmət Mərkəzi yenidən qurularaq istifadəyə verilmiş, iki korpus və yardımçı binalardan ibarət Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi başa çatdırılmışdır. Eyni zamanda Uşaq Xəstəxanasının Təcili yardım və Poliklinika şöbələri əsaslı şəkildə yenilənmişdir. Akademik Z.Məmmədov adına xəstəxanada reanimasiya, laboratoriya, terapiya və təcili yardım şöbələri, eləcə də camaşırxana və mətbəx kompleksi yenidən qurulmuşdur. Abbas Səhhət adına Xəstəxanada isə laboratoriya, təcili yardım, Nevrologiya və II Terapiya şöbələri, həmçinin anbar və aptek bölmələri əsaslı şəkildə yenilənərək müasir tələblərə uyğunlaşdırılmışdır.

Şəhərin idman infrastrukturunun müasirləşdirilməsi üçün də bir sıra irihəcmli layihələr reallaşdırılmışdır. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Gəncə İdman Sarayı bu gün respublika və beynəlxalq səviyyəli yarışlara evsahibliyi edir. Dövlət başçısının təməlini qoyduğu Gəncə Şəhər Stadionunun tikintisi də başa çatmışdır. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən, 15343 tamaşaçı tutumuna malik stadion müasir işıqlandırma, təhlükəsizlik, rabitə və yayım sistemləri, eləcə də məşq meydançaları ilə təchiz olunmuşdur. Eyni zamanda 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə açılan Gəncə Olimpiya İdman Kompleksi ötən il əsaslı şəkildə yenidən qurulmuşdur. Heydər Əliyev Fondu tərəfindən Gəncə İdman Liseyi də əsaslı şəkildə yenidən qurularaq idmançıların istifadəsinə verilmişdir.

Şəhərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, zəngin mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində şəhərin mədəniyyət və incəsənət infrastrukturunun müasirləşdirilməsi, tarixi irsin mühafizəsi və mədəni həyatın daha da canlandırılması istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Bu layihələr çərçivəsində F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi və Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi müasir standartlara uyğun əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Uşaq Rəssamlıq Məktəbinin binasında zəruri yenidənqurma və bərpa işləri aparılmış, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyində isə əsaslı təmir-bərpa işləri həyata keçirilərək muzeyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

Nizami yurdu üçün növbəti mühüm və strateji uğurlardan biri Gəncənin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl şəhərlər" şəhər dayanıqlılığı proqramına qoşulmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə reallaşan bu proqrama Azərbaycandan qoşulan ilk şəhər məhz Gəncədir. Qeyd edək ki, Gəncədə olan yaşıllıq zolaqlarının qorunub saxlanılması və yeni yaşıllıq sahələrinin salınması istiqamətində mütəmadi işlər aparılır. Şəhərdəki mövcud yaşıllıqlara daim qulluq göstərilir, ərazilərdə mütəmadi olaraq iməcilik və ağacəkmə aksiyaları təşkil olunur. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Gəncədə "Ekoloji Park Kompleksi"nin yaradılmasıdır. 

Ötən il Heydər Əliyev adına Mərkəzi Meydanda, Xan bağı istirahət parkında, Fikrət Əmirov adına parkda və Nizami Kinoteatrının qarşısında yerləşən istirahət parkında təmir-bərpa və yenidənqurma işləri başa çatdırılmışdır. Bununla yanaşı, C.Cabbarlı və M.Ş.Vazeh parklarında abadlıq işləri, "Nizami" filminin lentə alındığı pavilyonda isə bərpa işləri görülür. Əlavə olaraq şəhər ərazisində olan bir neçə parkda da əsaslı və qismən təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bir sözlə, 8 il ərzində ümumilikdə şəhərdə 68175 kvadratmetr yaşıllıq sahəsi salınmışdır. Bundan başqa, şəhərdə 12 fəvvarə əsaslı şəkildə təmir edilmişdir.

Bu il Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisindəki süni göl də əsaslı təmir və bərpa işlərindən sonra sakinlərin istifadəsinə verilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "Regional Su Meliorasiya" QSC-nin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində gölün texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsi və ətraf ərazinin abadlaşdırılması istiqamətində genişmiqyaslı işlər görülmüşdür.

Gəncədə son illər həyata keçirilən mühüm layihələrdən biri də ictimai nəqliyyatın yenilənməsidir. Bu işdə "BakuBus" MMC-nin Gəncə Avtoparkının yaradılması xüsusi qeyd edilməlidir. MMC-nin iştirakı ilə ümumi sahəsi 10 hektar olan və 300 yerlik avtobus parkını özündə birləşdirən kompleksdə texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, həmçinin saatda 60 avtobusun yuyulması gücünə malik müasir infrastruktur inşa edilmişdir. Avtoparkın fəaliyyətə başlaması ilə 675 nəfər daimi işlə təmin olunmuşdur. 

İdman sahəsində də Gəncə mühüm beynəlxalq və respublika əhəmiyyətli tədbirlərə evsahibliyi edir. Bu sırada 2025-ci ildə keçirilən III MDB Oyunlarının açılış və bağlanış mərasimlərini xatırlatmaq olar. Bununla yanaşı, "Regional İnkişaf" İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdman Federasiyasının birgə təşkilatçılığı ilə "Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri" layihəsi çərçivəsində velosiped yürüşü, Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi "VI Challenge Gəncə" idman avtomobillərinin yarışı və avto-şousu da şəhərin idman həyatına mühüm töhfə verən tədbirlər sırasında yer almışdır.

 Son illər Gəncənin dünyanın müxtəlif ölkələrinin şəhərləri ilə əməkdaşlıq, dostluq və qardaşlaşma əlaqələri daha da genişlənmişdir. Qurulan əlaqələr iqtisadi, ticarət, mədəni-humanitar və sosial sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və şəhərlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə Gəncə ilə bir sıra xarici ölkələrin şəhərləri arasında mühüm hüquqi sənədlər imzalanmışdır. 17 dekabr 2019-cu ildə Ukraynanın Odessa şəhəri ilə əməkdaşlığa dair Niyyət Protokolu, 26 aprel 2021-ci ildə Çin Xalq Respublikasının Çindao şəhəri ilə dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına dair Niyyət Protokolu, 24 fevral 2023-cü ildə Özbəkistan Respublikasının Səmərqənd şəhəri ilə ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq əlaqələri 15 iyun 2023-cü ildə Çindao şəhəri ilə Dostluq və Əməkdaşlıq haqqında Sazişin imzalanması ilə yeni mərhələyə qədəm qoyub. 16 may 2024-cü ildə isə Belarus Respublikasının Qomel şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu təsdiq olunub. İmzalanan bu sənədlər Gəncənin beynəlxalq əlaqələrinin davamlı inkişaf etdiyini və şəhərin beynəlxalq müstəvidə nüfuzunun getdikcə möhkəmləndiyini bir daha təsdiqləyir.

 Gəncə müxtəlif beynəlxalq platformalarda da fəal şəkildə təmsil olunur. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, həmçinin ŞİH-in nümayəndələri son 8 ildə Belarusun Qomel, Çinin Çindao, Özbəkistanın Səmərqənd, Tacikistanın Xocənd, Gürcüstanın Batumi və Tbilisi, Cənubi Koreyanın Qvanqju, Serbiyanın Novi Sad, Belçikanın Gent və İsveçrənin Cenevrə şəhərlərinə səfərlər etmiş, keçirilən beynəlxalq tədbir, konfrans və forumlara qatılmışlar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hər bir gəncəli üçün xoş anlar yaşatdı. Bu müharibədə gəncəlilər 100-dən artıq şəhid verdilər. Döyüş bölgəsindən kənarda yerləşməsinə baxmayaraq, Gəncə 5 dəfə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket atəşlərinə məruz qaldı. Həmin hücumlar nəticəsində 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 mülki şəxs həlak oldu və 66-sı qadın, 48-i azyaşlı olmaqla 175 nəfər yaralandı. Eyni zamanda şəhərin yaşayış binalarına, mülki infrastruktur obyektlərinə, dini abidələrə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması istiqamətində Gəncədə mühüm layihələr həyata keçirildi. Müharibə iştirakçıları və şəhid ailələrinin müraciətləri nəzərə alınaraq, Gəncə şəhər Şəhidlər xiyabanında I Qarabağ müharibəsi zamanı itkin düşmüş Gəncə sakinlərinin adlarının əks olunduğu xüsusi xatirə lövhəsi quraşdırıldı. Bununla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə Gəncənin "İstiqlal" parkında "Memorial Abidə Kompleksi" inşa edildi. Kompleksdə xüsusi lövhələr üzərində 600-ə yaxın şəhidin şəkli yerləşdirildi, ərazidə postamentlə birlikdə hündürlüyü 5 metr olan Azərbaycan əsgərinin heykəli ucaldıldı, iki xatirə bulağı yaradıldı. Bunlardan əlavə, şəhidlərin həyat yolu və qəhrəmanlıqlarının tanıdılması üçün "Gencesehidleri.az" internet portalı istifadəyə verildi. 

Prezidentin tapşırıqlarına uyğun olaraq, Gəncədə şəhid ailələri və qazilərin müraciətlərinə baxılması, onların sosial qayğılarının həlli daim diqqət mərkəzində saxlanılır. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov müntəzəm olaraq  həssas kateqoriyadan olan şəxsləri qəbul edir, habelə şəhər sakinləri ilə səyyar  görüşlər təşkil edir.

Göründüyü kimi, ölkənin ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə dövlət başçısının qayğısı ilə inkişafının yeni mərhələsini yaşayır. Görülən bütün bu işləri Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğı kimi dəyərləndirən şəhər sakinləri qarşıdan gələn illərdə də qurub-yaratmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.


 Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşalı olub musiqi və teatrdan kənarda qalmaq mümkün deyil

10:10
03 Sentyabr

Teatr və kinomuzun həmişə Yaşarı

10:00
03 Sentyabr

Gəncə ikinciliyi əldən vermir

09:50
03 Sentyabr

Rəqəmsal təhdidlərlə mübarizə müasir təhlükəsizlik çağırışlarının mühüm elementidir

09:40
03 Sentyabr

Görkəmli şəxsiyyətin ömür salnaməsi yeni nəşrdə

09:30
03 Sentyabr

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi

09:20
03 Sentyabr

"ŞƏT+" Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin təbii şəkildə inteqrasiyası üçün platformaya çevrilir"

09:10
03 Sentyabr

Azərbaycanın çoxvektorlu diplomatiyasının nümunəsi

09:00
03 Sentyabr

"Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər"

08:50
03 Sentyabr

Sülh, müttəfiqlik və çoxtərəflilik 

08:40
03 Sentyabr

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

08:30
03 Sentyabr

Mehriban Əliyevadan növbəti humanist təşəbbüs

08:20
03 Sentyabr

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub

08:10
03 Sentyabr

Naxçıvanın yeni dövranı

08:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

05:05
03 Sentyabr

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

05:04
03 Sentyabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:03
03 Sentyabr

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

05:02
03 Sentyabr

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

05:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında 

04:59
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!