03 Sentyabr 2026 05:03
1608
Qanunlar
A- A+
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli və 12 iyun tarixli 423-VIIQD nömrəli  qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 37-1-ci maddə əlavə edilsin:

"Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya 

müayinəsi 

37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.

37-1.2. Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.";

1.2. 38.1-ci maddənin ikinci cümləsinə ikinci halda "təhlükəsizliyinin" sözündən sonra "və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin" sözləri əlavə edilsin;

1.3. 102.1-ci maddəyə "371-1-ci," sözlərindən sonra "371-2-ci," sözləri əlavə edilsin;

1.4. 287-ci maddə üzrə:

1.4.1. 287.0.1-ci və 287.0.2-ci maddələr aşağıdakı redaksiyada verilsin: 

"287.0.1. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına;

287.0.2. toxum əməliyyatçılarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində  qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə;"; 

1.4.2. 287.0.3-cü maddəyə "olunmasına" sözündən sonra ", habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə" sözləri əlavə edilsin;

1.4.3. 287.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"287.0.5. toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə -";

1.5. aşağıdakı məzmunda 371-2-ci maddə əlavə edilsin:

"Maddə 371-2. Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulması

371-2.1. Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:

371-2.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

371-2.1.2. informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə bu Məcəllənin 371-2.1.4-cü maddəsində qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

371-2.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

371-2.1.4. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

371-2.1.5. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

371-2.1.6. rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə -  

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

371-2.2. "Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri"nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə -  

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 371-2-ci maddəsinin qüvvəsi kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrar sığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilmir.";

1.6. 401-ci maddənin "Qeyd" hissəsinin 3-cü bəndində "244-1.1-ci" sözləri "244-1-ci" sözləri ilə əvəz edilsin;

1.7. 402-ci maddənin dispozisiyasına "yəni" sözündən sonra "qanunsuz olaraq" sözləri əlavə edilsin və həmin maddənin dispozisiyasında "müəssisə və digər hüquqi şəxsin yaradılmasına" sözləri "hüquqi şəxsin yaradılmasına, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınmasına, habelə qeyd edilən məqsəd və niyyətlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsinə" sözləri ilə əvəz edilsin;

1.8. 453-cü maddənin dispozisiyasına "qaydaları" sözündən sonra ", həmçinin öz müəssisəsinin (fərdi sahibkarın) adı, mənsubiyyəti və iş rejimi" sözləri, "istehlakçıya" sözündən sonra "zəruri və düzgün" sözləri əlavə edilsin;

1.9. 483-cü maddə üzrə:

1.9.1. dispozisiyadan "az miqdarda" sözləri çıxarılsın;

1.9.2. sanksiya və "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilsin:

"vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad edilir.";

1.10. 525-ci maddə üzrə:

1.10.1. mətni 525.1-ci maddə hesab edilsin;

1.10.2. aşağıdakı məzmunda 525.2-ci maddə əlavə edilsin:  

"525.2. Bu Məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.";

1.11. 547.3-cü maddə üzrə:

1.11.1. birinci abzasa "tədbirləri" sözündən sonra ", həmçinin "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması" sözləri əlavə edilsin; 

1.11.2. 547.3.3-cü maddədə "və bank" sözləri ", bank və sığorta" sözləri ilə əvəz edilsin;

1.11.3. 547.3.4-cü maddəyə "büdcəsinin" sözündən sonra ", Naxçıvan Muxtar Respublikası büdcəsinin" sözləri əlavə edilsin;

1.12. 558-ci maddə üzrə:

1.12.1. 558.1-ci maddənin sanksiyasında "şəxslər" sözü "şəxslərə" sözü ilə əvəz edilsin;

1.12.2. aşağıdakı məzmunda 558.1-1-ci maddə əlavə edilsin:

"558.1-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.". 

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 2.2-ci və 2.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir;

2.2. Bu Qanunun 1.2-ci, 1.3-cü və 1.5-ci maddələri 2027-ci il iyulun 1-dən qüvvəyə minir;

2.3. Bu Qanunun 1.9-cu maddəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

18:58
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

18:31
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

18:20
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

17:53
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!