ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının azalması, eləcə də Yaxın Şərqdəki münaqişələrin tədarükə və daşımaya təsirləri səbəbindən neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq bazarda etalon hesab olunan “Brent” markalı xam neftin bir barelinin orta qiyməti oktyabrda 124 dollar təşkil edib. Bu, sentyabr ayının orta göstəricisindən 10 dollar çoxdur. Beləliklə, inflyasiya nəzərə alınmaqla hesablanan göstəricilərə əsasən, “Brent” markalı neftin qiyməti 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.
EIA-ya görə, qlobal neft ehtiyatlarının azalması, Körfəzdə neft tankerlərinə qarşı hücumlar, dəniz daşımaları imkanlarının məhdudlaşması və nəqliyyat xərclərinin artması təklifi azaldaraq qiymətlərin yüksəlməsinə səbəb olub. Bu amillər nəzərə alınaraq, “Brent” markalı neftin spot qiymətinin ilin qalan hissəsində bir barel üçün təxminən 100 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. EIA bu il “Brent” markalı neftin orta illik qiyməti ilə bağlı proqnozunu əvvəlki hesabatdakı 96,32 dollardan 97,44 dollara yüksəldib. “Light” markalı xam neftin orta qiyməti ilə bağlı proqnoz da 88,21 dollardan 88,29 dollara çatdırılıb.
Administrasiya 2027-ci il üçün neft qiymətlərinə dair proqnozlarını da əvvəlki hesabatla müqayisədə artırıb. Belə ki, gələn il “Brent” markalı neftin bir barelinin orta qiymətinin 83,74 dollar əvəzinə 85,78 dollar, “Light” neftinin bir barelinin orta qiymətinin isə 79,74 dollar əvəzinə 80,54 dollar olacağı gözlənilir. Bununla da EIA neftin qiymətinə dair proqnozunu ardıcıl dördüncü dəfə yüksəldib.
Bununla belə, proqnozların artırılmasına baxmayaraq, EIA gələn il neft qiymətlərinin azalma tendensiyası nümayiş etdirəcəyini gözləyir. Qlobal neft ehtiyatları bu ilin üçüncü rübündə gündəlik orta hesabla 1,2 milyon barel azalıb. İlin son rübündə isə ehtiyatların yenidən artmağa başlayacağı proqnozlaşdırılır.
2027-ci ilin ilk yarısında qlobal neft ehtiyatlarının gündəlik orta hesabla 3,5 milyon barel artacağı gözlənilir. Bu artımın “Brent” markalı neftin qiymətini gələn ilin ikinci rübündə bir barel üçün 90 dollardan aşağı sala biləcəyi ehtimal olunur.
İran istisna olmaqla, Yaxın Şərq ölkələrində neft hasilatının böyük hissəsinin gələn ilin ikinci rübünün sonunadək münaqişədən əvvəlki orta səviyyəsinə qayıdacağı gözlənilir.
Münaqişələr nəticəsində azalan qlobal neft ehtiyatlarının gələn il yenidən artması fonunda “Brent” markalı neftin spot qiymətinin tədricən enərək növbəti ilin son rübündə bir barel üçün orta hesabla 77 dollara düşəcəyi proqnozlaşdırılır.